Müsavat:fırtına öncəsi səssizlik

Arif Hacılı ilə Qubad İbadoğlunun görüşündən sonra Müsavat Partiyasında gərginlik səngiyib. Lakin sakitliyin yaranması bir sıra qüvvələrə əl vermir. AXCP narazılığın alovlanmasında, Müsavat rəhbərliyinin daha da çətin vəziyyətə düşməsində maraqlıdır. AXCP meylli media, aktiv cəbhəçi facebook istifadəçiləri Müsavatdakı gərginliyi daha da qızışdırmaq yolunu tutublar. AXCP-yə yaxınlığı ilə seçilən "Azadlıq" qəzeti görüş keçirilən gün müsavatçı yazarların, fəalların açıqlamalarını tirajlayıb, narazılığı körükləməyə çalışıb, "Müsavat dağılır" başlıqlı yazı ilə çıxış edib. Lakin vəziyyət AXCP ideoloqlarının arzu etdikləri kimi deyil. Deyəsən, Arif Hacılı cəza tədbirlərinin tünd olduğunu anlayıb və geri addım atmağa başlayıb. Onun Qubad İbadoğlu ilə görüşməsi, görüşdə gedənlərin partiyaya qayıtması məsələsini müzakirə etməsi barış jesti kimi qiymətləndirilə bilər. Narazı düşərgənin əsas ağsaqqallarından bir olan Vurğun Əyyub da nikbindir. Mətbuata açıqlamasında sabiq birinci müavin deyib ki, partiyadan çıxarılanların geri qaytarılması üçün təşəbbüs irəli sürülüb. "Müsavat Partiyasından çıxarılanların geri qaytarılması üçün artıq təşəbbüs irəli sürülüb. Müsavatın bir neçə nüfuzlu üzvü tərəfindən partiya rəhbərliyinin verdiyi qərarlara yenidən baxmaq və partiya üzvlərinin əsassız yerə çıxarılmasına qarşı etirazımızı müraciət şəklində etmişik. İndi qarşı tərəfin müraciətə necə cavab verəcəyini gözləmək lazımdır". Bununla belə Vurğun Əyyub partiya daxilində qisasçılıq fikrinə düşənlərin də olduğunu qeyd edib: "Burda söhbət partiyanın istər tanınmış, istərsə də tanınmamış üzvlərinə nizamnamə çərçivəsində verilən cəzadan söhbət gedir. Hesab edirəm ki, bu adamlara verilən cəza nizamnamə tələblərinə uyğun deyil. Sadəcə olaraq, bu adamların partiya rəhbərliyinə yönəlik söylədiyi tənqidləri nizamnamə ilə qadağan edilib. Eyni zamanda, partiya rəhbərliyindəki bir qrup nizamnamə tələblərini bəhanə gətirərək qisasçılıq fikrinə düşüb". Burada maraqlı bir nüans var. Söhbət yalnız partiyadan çıxarılanlardan gedir. Özləri istefa verənlərdən söhbət getmir. Tutalım, partiyadan çıxarılanları qarşılıqlı razılıq əsasında geri qaytarıldı, bəs özləri gedənlər necə olacaq? Partiyadan Səxavət Əlisoy, Ənvər Əhməd və Qubad İbadoğlu çıxarılıb. Hikmət Hacızadə, Məmməd Zeynalov, Vurğun Əyyubun Tovuzdakı və Bakı təşkilatlarındakı tərəfdarları partiyadan özləri gedib. Vurğun Əyyub onların partiyaya qaytarılması üçün hansı addımları atacaq? Yəqin ki, bu addımlar olmayacaq. Çünki Vurğun Əyyub yaxşı bilir ki, razılaşma keçici bir şeydir. Müsavab mənəvi baxımdan parçalanıb. Narazı qalan müsavatçılar Arif Hacılını qəbul etmir. Arif Hacılı isə başqanlıqdan getmək fikrindən uzaqdır. Bu halda Arif Hacılı ilə Qubad İbadoğlu görüşündə irəli sürülən barışıq təklifi yalnız vaxt udmaq məqsədi daşıdığı ortaya çıxır. Böyük ehtimalla, Qubad İbadoğlu partiyaya qaytarılacaq. Əvəzində onun əsas tərəfdarlarından biri Ellada Məmmədli Müsavat Qadınlar Təşkilatının sədri vəzifəsindən uzaqlaşdırılacaq. E.Məmmədlinin vəzifəsindən uzaqlaşdırılması narazılığın və gərginliyin növbəti dalğasını yaradacaq. Bu baxımdan hazırda Müsavatda hökm sürən sakitliyi fırtınaöncəsi səssizlik kimi səciyyələndirmək olar.


Zaur Sultanbud

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00