Cənub Qaz Dəhlizi regionun enerji xəritəsini dəyişəcək

Qlobal əhəmiyyət kəsb edən meqa-layihə Avropanın enerji təhlükəsizliyi ilə yanaşı, Azərbaycanın iqtisadi imkanlarını da möhkəmləndirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Bakıda Cənub qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşündə iştirak edib. Prezident görüşün olduqca münasib vaxtda - "Cənub" qaz dəhlizi layihəsinin praktiki olaraq həyata keçirilməsi ilində baş tutmasının mühüm əhəmiyyətini vurğulayıb. İlham Əliyev 2011-ci ildə Avropa Komissiyasının ovaxtkı sədri Joze Manuel Barrozu ilə Cənub qaz dəhlizi haqqında birgə bəyannamə imzaladıqlarını, həmin sənəddə Azərbaycanın Cənub qaz dəhlizinə əsas töhfə verən və həyata keçirən ölkə olduğunun əksini tapdığını deyib. TANAP və TAP layihələrinin Cənub qaz dəhlizinin həyata keçirilməsi istiqamətində mühüm mərhələ olduğunu vurğulayıb. Tədbirin yekununda Cənub qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşünün iştirakçıları tərəfindən mətbuat üçün birgə bəyanat imzalanıb.

CQD və Avropanın enerji təhlükəsizliyi

Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyəti var. Layihə çərçivəsində hasil edilən qaz 3500 km məsafədə - Xəzər dənizindən Avropaya daşınacaq. Mövcud Cənubi Qafqaz Boru Kəməri (CQBK) Azərbaycan və Gürcüstan ərazisi boyunca yeni paralel boru kəməri vasitəsilə genişləndiriləcək. Trans Anadolu Boru Kəməri (TANAP) Şahdəniz qazını Türkiyə ərazisi boyunca nəql edəcək. Trans Adriatik Boru Kəməri (TAP) qazı Yunanıstan və Albaniya ərazisindən keçməklə İtaliyaya nəql edəcək. Bu layihələr birlikdə Cənub Qaz Dəhlizi kimi tanınır. Ola bilsin ki, bu, dünya neft-qaz sənayesində bu vaxtadək olan ən mühüm və ən iddialı layihələrdən biridir. Bu. çoxlu sayda müxtəlif maraqlı tərəfləri - o cümlədən yeddi hökuməti və 11 şirkəti özündə əhatə edən mürəkkəb bir hədəfdir. Cənub Qaz Dəhlizi ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa bazarlarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcək. İlk qazın 2018-ci ilin sonlarında Gürcüstan və Türkiyəyə təchiz edilməsi planlaşdırılır. Avropaya isə qaz təchizatının Azərbaycanda dənizdə ilk qaz hasil edildiyi vaxtdan bir ildən bir qədər çox müddət keçdikdən sonra gerçəkləşəcəyi gözlənilir. Cənub Qaz Dəhlizi boru kəməri sistemi elə layihələndirilib ki, gələcəkdə mümkün əlavə qaz həcmlərinin təchiz edilə bilməsi üçün onun ötürücülük gücü öz ilkin ötürücülük gücünün iki misli qədər artırıla bilər.

Azərbaycan qazına maraq artır

Regionda və dünyada baş verən proseslər də Avropa üçün dəı layihəyə olan marağını artırıb. Çünki Avropa ölkələri təbii qaza olan ehtiyacını daha səmərəli təkliflərlə ödəməyə çalışır. Cənub Qaz Dəhlizi enerji resurslarının mənbələrinin və marşrutlarının diversifikasiyası baxımından Avropa İttifaqının prioriteti olacaq. Xüsusilə Ukraynada baş verən hadisələrdən sonra Rusiyanın Avropa İttifaqı ölkələrinə satdığı qazın qiymətini qaldırması Azərbaycan qazının əhəmiyyətini bir qədər də qabardır. Baş verənlərdən nəticə çıxarmağa çalışacaq Avropa enerji resurslarının diversifikasiyasına imkan verən layihələrə köklənəcək. Ekspertlər də hesab edirlər ki, Avropa İttifaqı üçün Cənub Axını Ukrayna hadisələrindən əvvəl də prioritetdir.

Qlobal əhəmiyyətli meqa-layihə

Bir müddət əvvəl ABŞ-da təşkil edilmiş "Cənub Qaz Dəhlizi və onun Avropanın enerji təhlükəsizliyində rolu"na həsr rolunmuş tədbir bu baxımdan mühüm əhəmiyyətə malikdir. Tədbirin diqqət mərkəzində Azərbaycanın fəal iştirakı ilə həyata keçirilən Cənubi Qaz Dəhlizinin daşıdığı strateji əhəmiyyət, xüsusilə onun əhatə etdiyi ölkələr və Avropanın enerji təhlükəsizliyinə verəcəyi mühüm töhfə, eləcə də bu layihənin yaradacağı yeni əməkdaşlıq imkanlarının ABŞ siyasi dairələri və ictimaiyyətinin diqqətinə çatdırılması olub. Tədbirdə ABŞ Senatı və Nümayəndələr Palatasının 20-dən artıq üzvü, ABŞ Dövlət Departamentinin rəsmiləri, Vaşinqtonda akkreditə olunmuş diplomatlar, nüfuzlu analitik mərkəzlərin mütəxəssisləri və KİV nümayəndələrinin iştirakı ölkəmizə verilən strateji dəyər və göstərilən dərin marağın nümayişi edildi. Xüsusilə son 1 ildə ölkəmiz və regionumuz üçün çox mühüm əhəmiyyət kəsb edən Cənubi Qaz Dəhlizinin gerçəkləşdirilməsi baxımından əlamətdar günlər yaşayırıq. Azərbaycanın son illərdə neft-qaz sənayesinin bir çox sahələrində əldə etdiyi uğurlar və nailiyyətlər, həmçinin bu sahədəki genuş potensialı layihənin vacibliyini bir neçə dəfə artırır. Bu müstəvidə Cənub Qaz Dəhlizi qlobal əhəmiyyət kəsb edən meqa-layihədir. İlk olaraq Türkiyə və Azərbaycanın iradəsi əsasında gündəmə gəlsə də, artıq qitənin enerji təhlükəsizliyində mühüm rol oynayan iqtisadi layihəyə çevrilib. Sözügedən layihə ölkə Prezidenti İlham Əliyevin iqtisadi strateji planında daha mühüm düşüncələrə malik olduğunu bir daha sübut edib. Bu eyni zamanda Azərbaycanın iqtisadi imkanlarını möhkəmləndirir. Həmçinin gələcəkdə digər potensial ölkələrin bu layihəyə qoşulmasına şərait yaradacaq. Bu baxımdan dövlət başçısının bu layihəni mühüm dəyərləndirməsi sözün əsl mənasında Azərbaycanın siyasi və iqtisadi maraqlarına cavab verməsinin göstəricisidir.


Ömər Zamin
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00