İqtidar-müxalifət münasibətlərində yeni dönəm
Əli Həsənov: “Bu iki institut faktiki olaraq Azərbaycan cəmiyyətinin bu günki və gələcək ictimai, siyasi, sosial və digər sahələrdə idarəçiliyinin, dövlətin daxili və xarici siyasətinin taleyini müəyyən edir”
12 Fevral 2015 16:24 SiyasətFevralın 12-də növbəti iqtidar-müxalifət dialoqu baş tutub. Tədbirdə iqtidar tərəfindən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, müavini Tahir Süleymanov, şöbənin sektor müdiri Elman Paşayev iştirak ediblər. Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, Xalq Partiyasının sədri Pənah Hüseyn, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə və digərləri isə müxalifəti təmsil ediblər.
"Biz siyasi partiyalardan təkliflər gözləyirik"
Tədbirdə çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov iqtidarın siyasi partiyalarla dialoqunun artıq ənənə halını aldığını deyib. Keçən ilin dekabr ayında baş tutan görüşü xatırladan Ə.Həsənov, həmin dialoqda gələcək görüşlər üçün bəzi məsələlərin müzakirə olunduğunu qeyd edib:
"Ötən görüşdə partiya sədrləri görüşlərin formatı, qaldırılacaq məsələlərin tematikası, görüşlərdən sonra bu məsələlər ətrafında cəmiyyətə çatdırılacaq fikirlər, ideyalar, mesajlar, siyasi partiyalarla hakimiyyətin əməkdaşlığının bəzi prinsipial məsələləri, siyasi partiyaların Azərbaycan cəmiyyətində yeri, rolu, mövqeyi, ictimai siyasi institut olaraq partiyalarda təmsilçilik, onların maliyyələşməsi, partiya və mətbuat, partiyalar və Azərbaycanın daxili, xarici siyasəti, bu siyasətin formalaşmasında siyasi partiyaların rolu, iştirakı və digər məsələlər ətrafında çıxış etmişdilər. Hər bir çıxışda kifayət qədər rassional ideyalar var idi. Bu ideyalar Prezident Administrasiyası tərəfindən qeydiyyata alındı və müvafiq olaraq da gələcək toplantılarımızda biz bu məsələlərin üzərinə qayıdacağıq. Bu gün burada yenə konkret bir tematika və yaxud konkret bir məsələ ətrafında yığışmamışıq. Hansı məsələnin müzakirə olunacağı da müəyyən olunmayıb. Hesab edirəm ki, artıq bu günkü toplantıdan sonra biz görüşlərimizin daha səmərəli, daha məqsədli və konkret istiqamətli olması üçün bu görüşlərin formatını, tematikasını və görüşlərin sonrakı effektiv nəticələrini müzakirə etməliyik. Bu gün görüşlərin sonrakı formatı, tematikası, görüşlərdə səslənən məsələlərin ümumiləşdirilib nəzərə alınması, onların həyata keçirilmə mexanizmləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq". PA rəsmisinin sözlərinə görə, hal-hazırda hakimiyyətlə ona müxalif mövqedə olan siyasi qüvvələr arasında ölkənin, dövlətin, cəmiyyətin bu günü və gələcəyi ilə bağlı istənilən məsələlər müzakirə mövzusu ola bilər. "Çünki bu iki institut faktiki olaraq Azərbaycan cəmiyyətinin bu günki və gələcək ictimai, siyasi, sosial və digər sahələrdə idarəçiliyinin, dövlətin daxili və xarici siyasətinin taleyini müəyyən edir. Mən əminəm ki, burada siyasi partiya sədrləri tərəfindən yaxşı ideyalar, mövzular təklif olunacaq və biz görüşdən-görüşə həmin məsələləri müzakirə edib, bəlli bir fikrə gələcəyik. Biz siyasi partiyalardan təkliflər gözləyirik" - deyə Əli Həsənov bildirib.
***
Daha sonra dialoq mətbuata qapalı şəkildə davam etdirilib.
***
"Aktual məsələlər birgə müzakirə ediləcək"
Görüş başa çatdıqdan sonra Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dialoqun nəticələrini açıqlayıb. PA rəsmisi görüşdə siyasi partiyalarla bu görüşün formatını, reqlamentini, tematikasını və bütövlükdə görüş ilə bağlı digər təşkilati məsələlərinin müzakirə edildiyini deyib:
"Partiya sədrləri məsələlər ətrafında öz fikirlərini səsləndirdilər. Əlbəttə fərqli fikirlər də oldu, amma gəldiyimiz razılaşma ondan ibarət oldu ki, Prezident Administrasiyasının nümayəndəsi ilə siyasi partiyalar rəhbərlərinin görüşü aktual hesab olunsun, cəmiyyət üçün gərəkli, lazımlı bir akt kimi dəyərləndirilsin və davam etdirilsin. Bundan sonra mütəmadi olaraq hər iki aydan bir bu formatda yığışıb biz Azərbaycan cəmiyyətini, siyasi partiyaları, hər bir Azərbaycan vətəndaşını, hakimiyyəti, daxili-xarici institutları narahat edən və yaxud da onların aktual hesab etdikləri məsələləri əvvəlcədən razılaşdırılmış şəkildə müzakirəyə çıxaraq və birgə müzakirə edək. Bütövlükdə birinci gəlinən razılaşma ondan ibarət oldu ki, bu görüşlər mütəmadi olsun və iki aydan bir dəfə bu formatda keçirilsin. İkinci burada format məsələsi müzakirə olundu ki, bu görüşlərdə kimlər iştirak etsin. Əlbəttə biz siyasi partiyalar arasına ayrıseçkilik qoya bilmərik. Aktiv siyasi fəaliyyətlə məşğul olan bütün siyasi partiyalar bu görüşlərdə iştirak edə bilər. İki görüşdür ki, bu görüşlərdə iştirak edən partiyaların sayı təxminən 16-18-20 arasında tərəddüd edir. Azərbaycanda neçə partiyanın qeydiyyatdan keçməsindən asılı olmayaraq aktiv siyasi fəaliyyət ilə məşğul olan siyasi partiyalar bura təşrif buyuranlardır və bir neçəsi də təşrif buyurmayıb. Onlara da dəvətlər olunub, yəqin ki, bəlli səbəblərdən onlar qatılmayıb. Sonra qatılsalar biz onlara da bu qapılarımızı açıq qoyuruq. Üçüncü, tematika məsələsi müzakirə edildi. Burada geniş müzakirə olunan və ümumi razılığa gəlinən məsələlərdən biri ondan ibarət oldu ki, görüşlərə çıxarılacaq gələcək mövzular, tematikalar əvvəlcədən müəyyən olunsun. Bütün siyasi partiyaların, ayrı-ayrı mətbuat orqanlarının, o cümlədən dövlət qurumlarının, ictimai yüklü hesab etdiyi məsələlər siyahılansın, o siyahıya çıxarılmış məsələlər bütün siyasi partiyalara göndərilsin və onların seçimi ilə onlardan biri növbəti görüşün müzakirəsinə çıxarılsın. Nəhayət, dördüncü razılaşdırılan məsələ ondan ibarət oldu ki, burada keçirilən görüş, müzakirə olunan məsələlər, məsələlər ətrafında yaranmış fikir ayrılığı və yaxud da fərqli-fərqli ideyaları biz burada saxlamayaq, onları həm cəmiyyətin müzakirəsinə çıxaraq, həm də həyata keçirilməsinə həm siyasi partiyalar, həm də hakimiyyət orqanı çalışsın. Biz Azərbaycan hakimiyyəti olaraq və Prezident İlham Əliyevin bu məsələdə mövqeyi ondan ibarətdir ki, Azərbaycanda bütün institutlar, siyasi partiyalar, qeyri-hökumət təşkilatları, mətbuat orqanları dövlət siyasətinin formalaşması və həyata keçirilməsində iştirak etsinlər".
***
Görüşdən sonra mətbuata açıqlama verən siyasi partiya sədrləri dialoqun əhəmiyyətindən danışıblar. Bildirilib ki, ölkənin taleykülü məsələləri, perspektivləri, ictimai-siyasi sistemdə aparılan islahatlarla formada qurulan dialoqlarla müzakirə edilir. Partiya rəhbərlikləri bundan sonra keçiriləcək iqtidar-mxalifət dialoqlarında iştirak edəcəklərini qeyd ediblər. Müxalifət nümayəndələri, digər siaysi partiyaların da bu görüşlərdə iştirakının tərəfdarı olduqlarını diqqətə çatdırıblar. Müsavat Partiyası və AXCP-nin iştirakdan imtina etmələri isə müxalifət partiyaları tərəfindən tənqid olunub. Vurğulanıb ki, siyasi partiyalar vacib problemlərinin həll olunması üçün hakimiyyətlə bir masa arxasında müzakirə olunmasına tərəfdardırlar. Görüşdən gəlinən nəticə bu oldu ki, belə təmaslar olduqca faydalıdır və onları tədricən daimi dialoq formasına transformasiya eləməklə, eyni zamanda iştirakçıların spektrini optimallaşdırmaq və müzakirə edilən məsələlərin dairəsini genişləndirməklə davam etdirmək lazımdır.
Mənsur