İslahatlar düşünülmüş və məqsədyönlü şəkildə aparılır

Atılan addımlar dövlət qurumlarının çevikliyinə səbəb olacaq

Azərbaycan müstəqillik əldə etdikdən sonra ötən müddət ərzində  öz prioritetlərinə və beynəlxalq öhdəliklərinə uyğun olaraq mühüm demokratik islahatlar həyata keçirmiş, vətəndaş cəmiyyəti və bazar iqtisadiyyatı quruculuğu sahəsində böyük nailiyyətlər əldə etmişdir. Məhz bunun nəticəsidir ki, artıq ölkəmiz dinamik inkişafı ilə seçilən, müasir, güclü, beynəlxalq münasibətlər sistemində öz yeri və mövqeyi olan ölkəyə çevrilmişdir. Müstəqil daxili və xarici siyasət Azərbaycana öz milli maraqları çərçivəsində mövqe tutmağa, qarşısında duran bütün vəzifələrin uğurlu həllinə nail olmağa imkan yaratmışdır. Məlumat üçün qeyd edək ki, Azərbaycanda qanunvericilik, dövlət idarəçiliyi  və məhkəmə-hüquq sahəsində  islahatlar ardıcıl olaraq həyata keçirilir.  Hələ Azərbaycan Prezidenti İlham Əliyevin  "Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında səsləndirdiyi fikirlər ölkədə ciddi islahatların həyata keçiriləcəyindən xəbər verirdi.  Dövlət başçısı çıxışında dövlət idarəçiliyi sahəsində şəffaflığın artırılması,  vətəndaş-məmur münasibətləri, dövlət məmurları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, onların qayğılarına həssaslıqla yanaşılması, kobud rəftara, korrupsiya hallarına yol verilməməsi ilə bağlı irad və tövsiyyələrini diqqətə çatdırması gələcək islahatlardan xəbər verirdi. Təsadüfi deyil ki,  prezident İlham Əliyev ölkəmizin uğurlu inkişafı üçün vətəndaş-məmur münasibətlərinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdıraraq Azərbaycanın bu sahədə də nümunəvi ölkə olduğunu qeyd etmişdi.

***

Üstündən az bir müddət keçmiş dövlət başçısı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi və onun səlahiyyətlərinin müxtəlif dövlət orqanlarına verilməsi haqqında sərəncam imzaladı. Dövlət idarəçiliyində islahatları davam etdirən prezident İlham Əliyev "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinın yaradılması  haqqında sərəncam imzalayıb. Sənədə əsasən, "Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti adlandırılıb. Müəyyən edilib ki, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirir, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir. Dövlət başçısının yeni bir sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ədliyyə Nazirliyinə cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində səlahiyyət verilib. Dəyişikliyə əsasən Ədliyyə Nazirliyinə qeyri-hökumət təşkilatlarına və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və nümayəndəliklərinə münasibətdə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində nəzarət orqanı statusu verilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə dini təşkilatlara münasibətdə bu sahədə nəzarəti həyata keçirəcək. Məlumata görə, islahatlar davamlı olacaq və bir sıra nazlik və komitələrin statusunda dəyşiklik ediləcək.
   
***
Politoloq Elçin Mirzəbəyli hesab edir ki, dövlət başçısının sərəncamları ilə yeni yaradılan qurumlar, eyni zamanda bu qurumların səlahiyyətlərinin artırılaraq bütün respublikanı əhatə etməsi fəaliyyətinin, paralel olaraq bəzu qurumların səlahiyyətlərinin ayrı-ayrı strukturlara verilməsi dövlət orqanlarında aparılan kifayət qədər ciddi islahatlardır: "Bu islahat bütövlükdə icra strukturlarının şişməməsi üçün atılan addımdır, həmçinin həmin qurumlarım çevik fəaliyyət göstərmələri baxımından kifayət qədər önəmli addımlardır. Hesab edirəm ki, aparılan islahatlar yaxın dövrlərdə öz müsbət nəticəsini verəcək. Həm vətəndaşlar öz fəaliyyətlərində bu və ya digər strukturlarla təmas olduqları zamanda, həm də bütövlükdə  həmin strukturların özlərinin fəaliyyətində atılan addımlar bariz nümunəsini göstərəcək. Yeni yaradılan strukturların çevik fəaliyyətdə çalışacaqları hər kəsin gözü önündə olacaq. İlkin baxışda ola bilsin ki, atılan addımlar qeyri-peşəkarlar üçün cazibədar görünmür, amma bütün bu proseslərin arxasında dövlət strukturlarında aparılan və aparılacaq çox ciddi islahatlar dayanır". Onun sözlərinə görə, dövlət idarəçiliyi sahəsində aparılan addımlar davamlı olacaq. Çünki atılan addımlar onu sübuta yetirir ki, bu öncədən planlaşdırılmış konkret proqram əsasında həyata keçirilir. Yəni atılan addımlar kortəbii islahatlar deyil, düşünülmüş, məqsədyönlü şəkildə atılan addımlardır. Şübhəsiz ki, bu islahatlar davamlı olacaq".
   Onu da xatırladaq ki, ölkə başçısının həyata keçirdiyi islahatlar dövlət idarəçliyi sahəsində şəffaflığın artırılması və vətəndaş məmnunluğuna xidmət edir. Prezident tərəfindən "ASAN ödəniş" sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə Fərman imzalanması, paralel olaraq ölkə parlamentində "Vətəndaşların müraciətləri haqqında" yeni qanunun müzakirəyə çıxarılması dediklərimizə bariz nümunədir.



Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00