Arif Hacılıdan “bir addım geri, iki addım irəli” taktikası

O, Qubad İbadoğlunu partiyaya qaytarıb, digər narazıları uzaqlaşdırmağı planlaşıdırır

Müsavat partiyasında qarşıdurma davam edir. Partiyanın parçalanma ərəfəsində olduğu bir vaxtda Müsavat başqanı Arif Hacılı və bu partiyanın başqanlığına sabiq namizəd, iqtisadçı alim Qubad İbadoğlu bir araya gəliblər. Xəbər saytlarının məlumatına görə, görüşdə əsasən son zamanlar yaranmış böhranlı vəziyyət müzakirə olunub. Qubad İbadoğlu deyib ki,  görüşlə bağlı təşəbbüs  Arif Hacılıdan gəlibmiş: "Maraqlı və faydalı müzakirələr oldu. Razılaşdığım və razılaşmadığım məqamlar var. Lakin istənilən halda, bu görüşü  müsbət və faydalı qiymətləndirirəm. Mənim tərəfimdən hazırlanan və barışıq paketi kimi tövsif olunan təklifləri bir daha səsləndirdim. Partiyadan çıxarılanların məsələsi xüsusi müzakirə edildi. Mən bu barədə arqumentlərlə razılaşmasam da, inanıram ki, partiya rəhbərliyi mövzuya korrektələr edəcək". Qubad İbadoğlu musavat.com-a deyib ki, o, partiyada qalacaq, heç bir seçkili orqanda, vəzifədə təmsil olunmasa da, bacardığı qədər təşkilatına faydalı olmağa çalışacaq. İbadoğlunun açıqlamasında maraqlı məqamlar var. Belə çıxır ki, Arif Hacılı onu Müsavata qaytarmağa razılıq verib. Əgər bu doğrudursa, o zaman bunu Qubad İbadoğlunun qələbəsi kimi qiymətləndirmək olar. Çünki Müsavatdan çıxarılmış Qubad İbadoğlunun əli-qolu bağlanmış, müsavatçılarla işləmək imkanı sıfra enmişdi. Onun Müsavat üzvlərinə səslənməsi də qeyri-etik görünürdü. Ancaq partiyaya bərpa olunsa, bu, narazıların üstünlüyü kimi qəbul ediləcək. Bir görüşlə müsavatdakı problemlər həll edilə bilməz. Problem budur ki, narazı müsavatçılar İsa Qəmbər-Arif Hacılı tandeminin köhnə idarəçilik metodlarını qəbul etmirlər. Onlar partiyada yenilik istəyirlər. Arif Hacılı yenilikçilərin qarşısında böyük bir səddir. Bu maneə aradan qalxmayınca narazılıq davam edəcək. Narazılar Azərbaycan Demokratiya və Rifah Hərəkatını yaradıblar. İctimai rəy artıq bu qurumu Müsavatdakı narazıların yeni partiyası olaraq qəbul edir. Bu qurumun partiyaya çevrilməsi artıq geridönməz prosesdir. Qubad İbadoğlu bu prosesdən dönsə də, Vurğun Əyyub qayıtmayacaq. Bir sözlə, Müsavatdakı parçalanma labüddür, bu prosesi saxlamaq mümkün deyil. Bu baxımdan Arif Hacılı-Qubad İbadoğlu görüşünü başqanın taktiki gedişi saymaq olar. Qubad İbadoğlunun Müsavatdan çıxarılması ictimai təpki ilə qarşılandı. Hacılı bunu gözləmirdi. Görünür, nə onun, nə də İsa Qəmbərin "narazılar iqtidara işləyir" mesajları effektli olmayıb. İctimai rəy artıq Qəmbər-Hacılı cütlüyünün əsgi təbliğat metodlarına inanmır. Bunu anlayan Arif Hacılı müvəqqəti barışıq yaratmaq, ən azı seçkiyə qədər Müsavat daxilində problemləri kölgəyə çəkmək fikrinə düşüb.   Qubad İbadoğlu təcrübəsizlik edib bu oyuna getsə, uduzacaq. Seçkiyə qədər Arif Hacılı daha da möhkəmlənəcək, narazıları bir-bir özünə tərəf çəkəcək, ya da başqa yolla zərərsizləşdirəcək. Qubad İbadoğlu ilə müvəqqəti barışıq yaradan Arif Hacılı onun ətrafına zərər vura bilər. Məsələn, Müsavat Qadınlar Təşkilatının sədri Ellada Məmmədlinin məsələsi gündəlikdədir. Ola bilsin ki, onu QT sədrliyindən uzaqlaşdırsınlar. Müsavatda post tutan şəxsin narazılara qoşulması Arif Hacılı üçün  yaxşı hal deyil. Böyük ehtimalla, Arif Hacılı Qubad İbadoğlunu partiyaya qaytaracaq, əvəzində Ellada Məmmədli, rəhbər strukturlarda görəv alan digər şəxslər partiyadan uzaqlaşdırılacaq. Əslində Hacılı başından bu taktikanı seçməli idi. Onun özündən çıxaraq İbadoğlu haqqında sərt qərar çıxarması işin zərərinə olub, indi o, səhvini düzəltməyə çalışır.

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00