İqtidar-müxalifət dialoqunun aparılması dövlətimiz üçün faydalı ola bilər
11 Fevral 2015 12:50 Siyasət"Azərbaycanımızın gələcəyini düşünən hər bir kəs iqtidar-müxalifət dialoqunun baş tutmasında maraqlı olmalıdır. Əsas vacib olan odur ki, hər iki tərəf öz davranışlarında səmimi olsun". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə Vətəndaş və İnkişaf Partiyasının sədr müavini Billur Hümbətov çıxış edib: "Ölkəmiz ağır sınaq qarşısındadır. İşğal olunmuş torpaqlarımızın qaytarılması çox təəssüflər olsun ki, bu günədək mümkün olmayıb və üstəlik bu problemin həllini öz üzərlərinə götürmüş dövlətlər ölkəmizə qarşı ədalətsiz mövqe nümayiş etdirirlər. İyirmi ildən artıq müddətdə millətimizin sərvətlərindən az-çox bəhrələnmələrinə baxmayaraq, təcavüzkar Ermənistanı yerində oturtmaq üçün nəinki bir ciddi addımlar atmayıblar, heç özümüzə torpaqlarımızı geri qaytarmağa imkan verməyiblər". VİP rəsmisi deyib ki, bu il ölkəmizin qarçısında həmçinin 1-ci Avropa olimpiya oyunları yarışını, həmçinin parlament seçkilərini keçirmək kimi ağır imtahanlar durur: "Bunların hər ikisi Azərbaycanımızın beynəlxalq arenada layiqli yerə sahib olması üçün həlledici faktorlar ola bilər. Buna görə də bir daha vurğulamaq isəyirəm ki, iqtidar-müxalifət dialoqunun səmimi şəkildə aparılması millətimiz, dövlətimiz üçün çox faydalı ola bilər. Bu prosesin başlanması, həmcinin. uzun illər əks qütblər arasında savaşa rəvac verib, öz şəxsi mənfəətlərini güdənlərin sıradan çıxmasına şərait yarada bilər. Təki hər şey bütövlükdə millətimiz üçün xeyirli olsun".