Prezidentin Avropaya davamlı səfərləri Azərbaycan adına ciddi uğurlar yazıb

"Azərbaycan Avropanın hər zaman önəmli tərəfdaşı olub və bu gün də olmaqdadır. Prezident İlham Əliyevin son günlər Avropaya davamlı səfərləri, yüksək səviyyədə qəbulu və cəsarətli çıxışları Azərbaycan adına ciddi uğurlar yazıb". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov səsləndirib. O, bildirib ki, iqtisadi və siyasi gücünü bir-biri ilə uzlaşdırmağı bacaran Azərbaycan dövləti öz təcəssümünü dövlət başçısının apardığı uğurlu balanslı siyasətdə tapır: "Almaniyaya səfər və kansler Angela Merkel ilə görüş, Berlində Münxen Təhlükəsizlik Konfransında iştirak və cəsarətli çıxış ölkəmizi dünyaya fərqli rakursda təqdim etdi. Çünki, Azərbaycan müstəqil şəkildə, heç kimdən asılı olmadan təkbaşına ayaqda dayanır və hətta ehtiyacı olanlara da kömək əlini uzadır". Mərkəz rəhbəri deyib ki, Prezident dövlətimiz adından TANAP və TAP layihələri barədə cəsarətlə danışdı, NABUCCO-nun reallığa çevrilməməsində Avropa Birliyini sətiraltı ittiham etdi: "Amma, Azərbaycanın yenə də gecikmədən düzgün qərar verdiyini və bu layihələrin də Avropanın enerji təhlükəsizliyində ayrıca rolu olduğunu vurğuladı. Almaniya kansleri Məcarıstana səfərində də Azərbaycan barədə və onun önəmini vurğuladı. Çünki, prezident İlham Əliyevlə görüşdə ciddi təsirlənmişdi". Rufiz Qonaqovun sözlərinə görə, bu siyasətin Dağlıq-Qarabağ münaqişəsinin ədalətli həllinə də təsiri ola bilər: "Prezident bu barədə çox səlis və konkret danşaraq Ermənistanı işğalçı adlandırdı və dünyanı ikili standart yeritməkdən çəkinməyə çağırdı. Artıq bütün dünya bilir ki, Azərbaycan üçün bu münaqişənin ədalətli həlli ən vacib məsələdir və bütün danışıqlarda o qırmızı xətlə keçməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00