Qubad İbadoğlunun suçu nə?
Sabiq başqan adayının həyati əhəmiyyətli səhvləri
10 Fevral 2015 14:51 SiyasətMüsavat Divanının son toplantısında partiya sıralarından çıxarılan Qubad İbadoğlunun hansı addımları atacağı mübahisəlidir. Tanınmış müsavatçı yazarlardan biri Elnur Astanbəyli Qubad İbadoğlunun yanlış addımlarından yazıb. Yazar hesab edir ki, partiyanın bu yerə gəlib çıxmasında İbadoğlunun da suçu var. AXCP-yə meylli yazar bu "suçları" Fuad Qəhrəmanlı prizmasından yazır. Açıq şəkildə yazır ki, fikrin Müsavatı dağıtmaq idisə, bunu vaxtında etməli, vaxtı Arif Hacılının xeyirnə uzatmamalı, alternativ Müsavat yaratmalı, AXCP sədrinə müraciət etməliydin ki, bizi əsil Müsavat kimi tanı. Əslində, bu tezislərdə haqlı tərəf də var. Azərbaycan şəraitində mənsub olduğun partiyadan qoparmasan, tərəfdar qazana bilməzsən. İbadoğlunun əlinə yaxşı fürsət düşmüşdü. Qurultaydan sonra "haqqım tapdandı", "seçkilərdə qanun pozuntuları oldu" bəhanəsi ilə tərəfdarlarını toplayıb ayrıca qurultay keçirilməli idi. Bu məsələdə Səxavət Əlisoy, Vurğun Əyyub İbadoğlundan daha ardıcıl, prinsipial oldu. İbadoğlu açıq-aşkar vaxtı itirdi. Köhnə oyun ustaları İsa Qəmbərlə Arif Hacılı prosesi uddular. Qurultay sentyabrda keçirilib, Arif Hacılı başqan seçilib. Bu altı ayda Qubad İbadoğlu nə ilə yadda qalıb? Ona səs verənlərin, Arif Hacılını istəməyənlərin mesajlarına nə ilə cavab verib? Azərbaycan Demokratiya və Rifah Hərəkatı yaratmaq uğur deyil. Belə bir təşkilatı hər QHT rəhbəri yarada bilər. Müsavat Partiyasının tən yarısı İbadoğlunun tərəfində ola-ola bu adam mövcud resurslardan yararlana bilmədi. Altı aydır ki, onun tərəfdarları partiyanı tərk edib gedirlər. Belə çıxır ki, İbadoğlunun missiyası Müsavatı dağıtmaq imiş. Adamların dağılması Hacılıya zərbə ola bilər, ancaq İbadoğluna da fayda gətirmir. Dağılma o halda fayda verər ki, adamlar Hacılının yanından İbadoğlunun yanına gəlirlər. Qubad müəllimin tərəfdarları, özəlliklə, siyasi prosesləri yaxşı bilən Vurğun Əyyub tez-tez fövqəladə qurultaydan danışırlar. Ancaq bir şey unudulur ki, adamlar partiyadan istefa veriblər, qurultayı kimlərlə keçirəcəklər? Müsavatdan partiyanın Tovuz təşkilatı qopub. Məmməd Zeynalov, Hikmət Hacızadə gedib. Səxavət Əlisoy, Qubad İbadoğlu qovulublar. Bəs qurultayı kimlər və hansı səlahiyyətlə idarə edəcəklər? Fövqəladə qurultay olacaqdısa, noyabr, uzağı yanvarda keçirilməli idi. Artıq gecdir. AXCP-də belə olmuşdu. "Yurd"un nəzarətində olan Rəyasət Heyəti "klassiklər"in əksər liderini partiyadan çıxarmışdı. Ancaq onlar özlərini partiyadan kənarda tutmadılar. Rayon təşkilatlarına müraciət etdilər, üzvlərin əksəriyyətinin imzasını toplayıb fövqəladə qurultay çağırdılar. Birləşdirici qurultay da belə çağrılmışdı. Qubad İbadoğlu Müsavat üzvlərinə müraciət etməli, üzvlərin 3/2-nin imzası ilə qurultay çağırmağa nail olmalı idi. Bu addım indi də gec deyil. Qubad İbadoğlu partiyadan çıxarılanların adından üzvlərə müraciət etməli, fövqəladə qurultay çağırmalıdır. Yoxsa, onun tərəfdarları bir-bir istefa verib gedəcəklər. Bu isə daha çox Arif Hacılının işinə yarayır.
Ərhun Abbas