“Ukraynada baş verənlər Qərbi Avropaya toxuna bilər”
Elçin Mirzəbəyli: “Dağlıq Qarabağ məsələsi ədalətli həllini tapsaydı, bu gün Qərbin Ukrayna ilə bağlı nümayiş etdirdiyi mövqe Ermənistana qarşı nümayiş etdirilsəydi...”
10 Fevral 2015 14:16 SiyasətBAXCP sədrinin beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəyli Ukrayna ətrafında yaranmış mövcud vəziyyətin Dağlıq Qarabağ münaqişəsinin həll prosesinə təsirləri barədə danışıb. E.Mirzəbəyli məsələ ilə əlaqədar "Olaylar"a açıqlamasında Ukraynada baş verən hadisələr Prezident İlham Əliyevin Münhen Konfransındakı çıxışında qeyd etdiyi kimi, münaqişələrin həllinə ikili standartlarla yanaşılmasının bariz nümunəsi olduğunu deyib. Partiya rəsmisi hesab edir ki, vaxtında Dağlıq Qarabağ məsələsi ədalətli həllini tapsaydı, bu gün Qərbin Ukrayna bilə bağlı nümayiş etdirdiyi mövqe Ermənistana qarşı nümayiş etdirilsəydi, Dağlıq Qarabağdan sonra baş verən hadisələrin heç birisi olmayacaqdı: "Bunlar zor siyasətinin ortaya çıxardığı nəticələrdir. Qərb dünyanın ayrı-ayrı ölkələrində - İraqda, Əfqanıstanda və digər bölgələrdə zor nümayiş etdirməklə öz maraqlarını təmin etməyə çalışırsa, digər güclər də ondan örnək götürərək məqsəd və maraqlarını təmin edirlər. Hansı ki, indiki şəraitdə Rusiya bu addımı atır. Yaranmış vəziyyət dünyada ədalət prinsiplərinin pozulması, beynəlxalq hüququn tapdalanması nəticəsində ortaya çıxan mənzərədir. Əgər Qərb bu hadisələrdən nəticə çıxaracaqsa, məhz beynəlxalq hüququn diktə etdiyi prinsiplərdən çıxış edərək Azərbaycan ərazilərinin işğaldan azad olunması və digər münaqişələrin də ədalətli həlli üçün adekvat addımlar atacaq tədbirlər görəcək. Lakin yenidən zor siyasəti davam edəcəksə, dünya bundan ağır sınaqlarla qarşılaşacaq. Bu gün faktiki olaraq, Avropanın mərkəzində baş verən hadisələr nə vaxtsa, Qərbi Avropanın özünə də toxuna bilər". ("Olaylar.az")