Minsk Qrupu fəaliyyətsiz quruma çevrilib
Qurumdakı ölkələrin dövlət maraqları vasitəçilik missiyasını üstələyir
9 Fevral 2015 14:22 SiyasətDağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamasalınması məqsədilə yaradılmiş ATƏT-in Minsk qrupunun ötən müddət ərzində atdığı addımlar heç bir nəticə verməyib. Problemin həlli məqsədilə qurumun irəli sürdüyü təkliflər elə təklif olaraq qalıb. Minsk qrupunun real təsir mexanizmi olmadığından tövsiyyə xarakterli təklifləri münqaişə tərəflərində "söz oyunundan" o tərəfə keçməyib. Məhz bu səbəbdən cəmiyyətdə nüfuzunu itirmiş Minsk qrupu fəaliyyətsiz bir quruma çevrilib. Ancaq nədənsə, qurumda təmsil olunan dövlətlər onun statusunun saxlanmasında maraqlı görünür. Azərbaycan isə münaqişədən əziyyət çəkən tərəf kimi Minsk qrupunun formatının dəyişdirilməsində maraqlıdır. Əks halda Azərbaycanın Minsk qrupundan gözləntiləri nədən ibarət ola bilər? Məlumat üçün qeyd edək ki, ATƏT-in Minsk qrupunda vasitəçi qismində Rusiya, Fransa və ABŞ təmsil olunur. Narahatverici məqam ondan ibarətdir ki, sadalanan dövlətlərin hər üçünün zahirən Azərbaycanla münasibəti normal olsa da onların ölkəmizlə bağlı dövlət maraqları göz önündədir. Nəzərə almaq lazımdır ki, Rusiya Cənubu Qafqazda mövqeyini saxlamaq üçün Ermənistandan maksimim istifadə edir. Elə bu məqsədlə də Gümrüdə öz hərbi bazasını yerləşdirib. Fransa bu ölkədə erməni soyqırımı olmayıb deyənlərin məsuliyyətə cəlb edilməsilə bağlı qanun qəbul edib. Amerika Birləşmiş Ştatların indiki dövlət katibi Kerri də daxil olmaqla bir qrup keçmiş senatorunun hələ 1990-cı ildə, yanvarın 18-də SSRİ prezidenti Mixail Qorbaçova ünvanladığı məktubun mətni üzə çıxıb. Onlar məktubda Qorbaçovdan Azərbaycanda qayda yaratmağı, ermənilərə görə azərbaycanlıların cəzalandırılmasını tələb ediblər. Tələbin siyasi xarakteri ondan ibarətdir ki, senatorlar ittifaq rəhbərliyindən şəxsən Qorbaçovdan tələb edir ki, Qarabağı Azərbaycandan çıxarsınlar və onlara öz talelərini ittifaq tərkibində öz istədikləri kimi müəyyənləşdirməyə icazə versinlər. İndi təsəvvür edin ki, bu cür fəaliyyətin üzərinə xristian amilini də əlavə etsək, bu dövlətlərin təmsil olunduğu Minsk qrupundan hansı ədalətli qərar gözləmək olar? Məhz bu kimi amilləri nəzərə alaraq Azərbaycan içtimaiyyəti Minsk qrupunun formatının dəyişdirilməsi təklifi ilə çıxış edir. Yeri gəlmişkən xatırladaq ki, ATƏT Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyəti qurumun yaz sessiyasında sözügedən məsələni qaldırmaq niyyətindədir.
Millət vəkili Azay Quliyev hesab edir ki, Minsk qrupu indiyə qədər Daqlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir təsirli tədbir görə bilməyib: "Biz 20 ildir ki, ATƏT Minsk qrupunun həmsədr ölkələrinə öz iradımızı bildiririk. Təəssüflər olsun ki, bu tərkib heç bir məsələnin həllinə müsbət təsir etməyib. Ona görə, hesab edirəm ki, artıq vaxtı gəlib çatıb ki, Azərbaycan rəsmi şəkildə Minsk qrupunun həmsədr ölkələrinin tərkibinə yenidən baxılması və genişləndirilməsi məsələsini müzakirəyə çıxarsın". Millət vəkili eyni zamanda, Minsk qrupunda təmsil oluna biləcək dövlətlərin adını da açıqlayıb: " Bu il yanvarın 21-də cənab Prezident İlham Əliyevin Almaniyaya çox uğurlu bir səfəri oldu və səfər zamanı Almaniyanın kansleri xanım Anqela Merkel də Dağlıq Qarabağ probleminin həllində yaxından dəstək verəcəyini bildirdi. Hesab edirəm ki, bu məqamdan istifadə edib Almaniyanın Minsk qrupunun həmsədrliyinə gətirlməsi məsələsini qaldırmaq lazımdır. Ikinci bir təklif Türkiyənin bu formata daxil olunmasıdır və bilirsiniz ki, Türkiyə regionda güclü dövlətdir, münaqişəyə cəlb olunan hər iki ölkədə müəyyən mənada maraqları var və xüsusilə Ermənistan neçə müddətdir ki, Türkiyə ilə sərhədlərin açılmasına çalışır. Hesab edirəm ki, Türkiyənin müəyyən imkanları var ki, bu istiqamətdə təsir etsin, xüsusilə Türkiyə Ermənistanla sərhəddinin açılmasının birbaşa Dağlıq Qarabağ münaqişəsinin həllindən keçdiyini bəyan edir. Beləliklə hesab edirəm ki, indiyə qədər fəaliyyət göstərən hər üç həmsədr ölkə birmənalı şəkildə Ermənistanı dəstəkləyib. Ona görə də bu balansı yaratmaq üçün, müəyyən formada ədalətli mövqeyi bərqərar etmək üçün Minsk qrupunun tərkibinə yenidən baxılmalıdır".
Millət vəkili Bəxtiyar Əliyev hesab edir ki, Minsk qrupu münaqişənin həlli ilə bağlı hətta səlahiyyətində olan təsir rıçaqlarından istifadə etmir: "Nəyə görə ATƏT-in Minsk qrupu, ona həmsədrlik edən 3 ölkə-ABŞ, Rusiya və Fransa Ermənistana qarşı təzyiq göstərmir, həmin ölkəyə sanksiyalar tətbiq etmirlər? Bu gün cəmiyyətimizi ən çox narahat edən problem Dağlıq Qarabağ məsələsi və erməni işğalında olan ata-baba yurdlarımıza baş çəkmək üçün Kəlbəcərə gedən iki vətəndaşımızın girov götürülməsidir. Beynəlxalq təşkilatların, xüsusən ATƏT-in Minsk qrupuna daxil olan dövlətlərin, həmsədrlərin buna açıq-aşkar göz yumması və ikiüzlü siyasət yeritməsi bizi narahat edir". B. Əliyevin sözlərinə görə, iki Azərbaycan vətəndaşının-Dilqəm Əsgərovla Şahbaz Quliyevin girov götürülməsi, onlar üzərində saxta məhkəmənin qurulması bir daha onu göstərir ki, Ermənistan dünyada terroru dövlət siyasəti səviyyəsinə qaldıran bir dövlətdir: "Bu ölkə dünyada həm də terroru dövlət siyasəti səviiyəsinə qaldıran, terroru, terrorizmi, terrorçuları himayə edən bir ölkə imici qazanıb. Azərbaycan ictimaiyyəti də, bizimlə görüşən seçicilər, qaçqın-köçkünlərimiz də haqlı olaraq soruşurlar və tələb edirlər ki, nəyə görə ATƏT-in Minsk qrupu, ona həmsədrlik edən 3 ölkə - ABŞ, Rusiya və Fransa Ermənistana qarşı təzyiq göstərmir, həmin ölkəyə sanksiyalar tətbiq etmirlər?". Minsk qrupu da daxil olmaqla beynəlxalq təşkilatların və söz sahibi olan dövlətlərin ikili standart nümayiş etdirdiyini diqqətə çatdıran millət vəkilinin fikrincə, Daqlıq Qarabağı işğalçılardan Azərbaycan ordusu xilas edəcək: "Avqust ayında və ondan sonra baş verən hadisələr göstərdi ki, Azərbaycan ordusu nə qədər güclü və qüdrətlidir. O, istənilən an düşmənin hücumlarına layiqli cavab vermək və onu yerində oturtmaq qüdrətinə malikdir. Eyni zamanda bu hadisələr bir də onu göstərdi ki, bütövlükdə Azərbaycan gəncliyi Vətənin müdafiəsinə hazırdır. Onlar hər an Vətənin müdafiəsinə qalxmağa hazırdırlar. Bu, bizim hər birimizi sevindirir və ruhlandırır". Görünən odur ki, Minsk qrupunda təmsil olunan ölkələrin dövlət maraqları vasitəçilik missiyasını üstələyir. Belə halda həmin dövlətlərdən münaqişənin ədalətli həlli istiqamətində hansısa addım ataılacağını gözləmək sadəlövlük olardı.
Alim