Ermənistan sülh istəmir

İlham ƏLiyev: “Onlar danışıqlar prosesində sadəcə imitasiya xarakterli müəyyən addımlar atırlar”

Almaniyanın Münxen şəhərində keçirilən Təhlükəsizlik Konfransı çərçivəsində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev dünyada mövcud olan siyasi, iqtisadi və humanitar problemlərlə bağlı fikirlərini açıqlayıb. Azərbaycan prezidenti çıxışında dünya dövlətlərinə beynəlxalq təhlüksizlik, terrorizmə qarşı mübarizə, Avropadakı münaqişə ocaqlaırı, enerji təhlükəsizliyi və bu problemlərin həlli yolları barədə fikirlərini açıqlayıb. "Ukraynadan əlavə - Avropada həll olunmamış münaqişələr" mövzusunda panel müzakirəsi zamanı Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsi barədə dövlət başçılarının suallarını cavablandırıb. Diqqət çəkən məqam ondan ibarətdir ki, ölkə başçısı Azərbaycan dövlətinin problemlərini Avropanın mərkəzində elə Avropanın dövlət başçılarına çatdırıb. Çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsi və Ukrayna probleminin müqayisəli təhlilini aparan dövlət başçısı qeyd edib ki, DQ münaqişəsi digər mühüm beynəlxalq hadisələrin kölgəsində qalıb. Hərçənd Ukrayna problemi Ermənistan-Azərbaycan arasında olan münaqişəyə nisbətən dünyanın diqqətini çəkib. Dünyanın aparıcı dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatların Qarabağ probleminə biganə yanaşdığına eyham vuran dövlət başçısının qənaətincə məhz bu cür etinasız münasibət yeni münaqişə ocaqlarının yaranmasına şərait yaradır: "Əgər Azərbaycan və Ermənistan arasındakı münaqişə həll edilsəydi, Ukraynada da münaqişə baş verməyə bilərdi. Bu münaqişələr eyni ssenariyə malikdir. Hər ikisində ərazi bütövlüyü pozulub və hər ikisində də eyni nəticə - işğalçılıq və separatizm. Bunlar güzgü kimidir. Ona görə də biz beynəlxalq ictimaiyyət və dünyanın aparıcı ölkələrindən eyni münasibəti gözləyirik. Digər münaqişələrdən fərqli olaraq Dağlıq Qarabağla bağlı BMT-nin 4 qətnaməsi var. Fakt budur ki, qətnamələrin heç biri yerinə yetirilmir, öz qərarlarına belə hörmət etmirlər".

Prezident İlham Əliyevin tədbirdə iştirak edən Ermənistan nümayəndəsinin təxribat xarakterli sualına konkret faktlarla verdiyi cavabda Avropa təmsilçiləri üçün bir çox məsələlərə aydınlıq gətirilib. Belə ki, Ermənistan nümayəndəsi erməni xislətini nümayiş etdirərək milli ampulasından çıxış etməklə Prezident İlham Əliyevə müraciət edərək, Azərbaycan Ordusunu ermənilərin mövqelərini atəşə məruz qoymaqda və cəbhə bölgəsində gərginliyin artırılmasında ittiham edib.
Azərbaycan prezidenti isə bildirib ki, günahı həmişə bizim üstümüzə atmaq erməni tərəfinin taktikasıdır: "Onlar bizim əraziləri işğal ediblər, beynəlxalq hüququ pozublar, Xocalıda soyqırım törədiblər, bizim tarixi və dini abidələrimizi məhv ediblər və bundan sonra günahı bizim üstümüzə atırlar. Lakin məsələ ondan ibarətdir ki, erməni əsgər Azərbaycanın işğal olunmuş ərazilərində nə edir? Erməni əsgər Ağdamda nə axtarır? Əgər o öldürülmək istəmirsə, qoy Ağdama getməsin. Qoy İrəvanda, Gümrüdə, öz ölkəsində qalsın. Sizin ölkənizdə özünüz üçün yer kifayət qədərdir, orada onsuz da elə də çox adam qalmayıb. Bəs siz Ağdamda, Füzulidə nə edirsiniz?"
Dövlət başçısı Ermənistanın vəziyyəti gərginləşdirməsi ilə bağlı konkret misal da çəkib. Prezident ötən ilin vasitəçilərin danışıqlarda aktivliyi baxımından çox diqqətəlayiq olduğunu vurğulayıb və Vladimir Putinin avqust ayında Sarkisyanla onun görüşünü təşkil etməsini xatırladıb: "Sentyabrda isə Kerri Ermənistana prezidenti və mənim aramda danışıqlar raundu təşkil edib . Nəhayət, oktyabrın sonunda prezident Olland bizi Parisə dəvət etdi. Burada mən deyərdim ki, əla, çox konstruktiv görüş oldu. Hər iki tərəf, o zaman bu görüşün uğurlu olduğunu bəyan edərək, qoşunların təmas xəttində gərginliyin azalmasına səy göstərəcəklərini vəd etdilər. Bəs sonra nə baş verdi? On gün keçməmiş Ermənistan Ağdam da daxil olmaqla işğal olunmuş ərazilərdə irimiqyaslı hərbi təlimlərə başladı. Ermənistan tərəfinin məlumatına görə təlimlərə 47 min hərbçi cəlb olunmuşdu. Onlar işğal olunmuş ərazilərdə hərbi texnika, aviasiya, helikopterlərdən istifadə etməklə manevrlər həyata keçirirdilər. Üç gün bizim ordu səbr nümayiş etdirərək, heç bir reaksiya vermədi, lakin sonradan ermənilər Mİ-24 döyüş helikopterləri vasitəsilə Azərbaycan Ordusunun mövqelərinə hücuma keçdilər. Bizim ordumuz cavab verməli oldu, helikopterlərdən biri vuruldu və bu Azərbaycanı ittiham etməkdən ötrü Ermənistan üçün əsas oldu. Yəni, onlar təxribat törədərək gərginliyin azaldılmasına bu qədər səy göstərmiş Fransa, Rusiya və ABŞ liderlərinə hörmətsizlik nümayiş etdirdilər. Onlar düşünürlər ki, onlara nə sərf edirsə, onu edə bilərlər və heç kim onları cəzalandırmayacaq. Bu onların davranışının əsas səbəbidir. İndi də eynilə günahı Azərbaycanın üstünə atırlar və "atəş açmayın" deyirlər. Beləliklə, mənim Ermənistana mesajım budur: İşğala son qoyun, siz işğala son qoyduğunuz andan etibarən sülh, qarşılıqlı təmas və barışıq bərqərar olacaq. Və bunun baş verməməsinin səbəbi erməni əsgərinin Ağdam və Fizulidə olmasıdır".

Sloveniyanın Prezidenti Borut Pahoru"Etimadı bərpa etmək üçün ilk növbədə hansı addım atılmalıdır?" sualını cavablandıran İlham Əliyev qeyd edib ki, bu məsələnin həlli olduqca sadədir: "İlk addım işğal olunmuş ərazilərin bir hissəsinin Ermənistan tərəfindən geri qaytarılmasına başlanılmasıdır. Dağlıq Qarabağ və 7 ətraf rayon işğal olunub. Beləliklə, danışıqlar prosesini davam etdirəcəyimizi nəzərə alaraq bu ətraf rayonların bir qisminin geri qaytarılmasına başlanılması mənzərəni dərhal dəyişəcək, hərbi əməliyyatlar dərhal dayanacaq, atəşkəs rejiminə tam riayət olunacaq. Biz artıq Azərbaycan ilə Ermənistan arasında bütün kommunikasiyaların açılacağına dair təklif irəli sürmüşük. Beləliklə, Ermənistanın bizim ərazimizdən dəmir yolu vasitəsilə Rusiyaya çıxışı olacaq. Həmçinin Türkiyə də Ermənistan ilə bütün kommunikasiyalarını açacaq. Beləliklə, biz hərbi əməliyyatların başlanması ilə əlaqədar istənilən potensial riskləri aradan qaldırmış olacağıq və etimad qurmağa başlayacağıq. Lakin Ermənistan bizim bütün təkliflərimizə məhəl qoymur. Çünki Ermənistan sülh istəmir. Düşünürəm ki, bu, münaqişənin həll olunmamasının səbəbi ilə bağlı ən vacib məsələlərdən biridir. Çünki bir tərəf sülh, ərazi bütövlüyünün bərpasını istəyir, digər tərəf isə sülh istəmir. Ermənistan hər şeyin dəyişməz qalmasını istəyir. Çünki onların torpaqları işğal altında deyil, onların bizim üzləşdiyimiz bir milyon qaçqın və məcburi köçkün kimi böyük problemi yoxdur. Onlar danışıqlar prosesində sadəcə imitasiya xarakterli müəyyən addımlar atırlar. Bəs nə etmək lazımdır? Necə edək ki, Ermənistan daha çox məsuliyyətli olsun? Biz beynəlxalq təşkilatlarla, ilk növbədə vasitəçilərlə bu məsələlər üzərində işləməliyik. Ermənistan rəhbərliyinə çox aydın siqnal göndərilir: İşğalı dayandırın, işğal olunmuş ərazilərin geri qaytarılmasına başlayın. Azərbaycan bu təklifləri etdi. Biz hətta təkliflər irəli sürdük ki, Dağlıq Qarabağda müəyyən sosial proqramlar icra edə bilərik. Çünki oradakı insanlar çox pis vəziyyətdə yaşayırlar. Biz nəqliyyat, energetika sahələrində əməkdaşlıq edə bilərik. Biz açığıq. Biz Dağlıq Qarabağda yaşayan ermənilərə yüksək muxtariyyət təklif edirik. Lakin bütün təkliflərimiz qəbul olunmur". Göründüyü kimi Azərbaycan prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin səbələri, münaqişənin hazırki vəziyyəti və ondan çıxış yollarını göstərməklə problemin həlli ilə məşğul olan dövlət və qurumlara mesajlarını çatdırıb. Problemin ədalətli həlli məqsədilə Azərbaycanın nələrə hazır olduğunu açıqlaması isə beynəlxalq təşkilatları qəbul etdikləri qərarların icrası baxımından hərəkətə gəlməsinə stimul verə bilər. Yəni, Azərbaycanın DQ probleminin həlli ilə bağlı mövqeyi, edə biləcəyi güzəştlər ortalıqdadır, bircə qalır beynəlxalq təşkilatların Ermənistanı "haqq yolina" gətirmələri.


Alim
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00