“Qababağ məsələsinin həllində unikal fürsət pəncərəsi açılıb”
Natiq Cəfərli: “Azərbaycan Prezidentinin son Münxen çıxışını diqqətlə izlədim, açığı, çox bəyəndim”
9 Fevral 2015 13:13 Siyasət"Qababağ məsələsinin həllində unikal fürsət pəncərəsi açılıb". "Olaylar"ın məlumatına görə, "Real" Hərəkatının icraçı-katibi Natiq Cəfərli belə bir iddia ilə çıxış edib. N.Cəfərlinin sözlərinə görə, Rusiya nə qədər çalışsa da, Ukrayna müharibəsində tərəf olduğunu gizlədə bilmədi, rəsmi Kiyevin "DNR" və "LNR" kimi qondarma qurumlarla vuruşduğunu, məhz onların tərəf müqabili olmağı fikrini qəbul etdirə bilmədi. O, bildirib ki, artıq bütün dünya Rusiyanı Ukrayna müharibəsində tərəf kimi tanıyır, danışıqlar məhz Kremllə aparılır: "11 fevralda Minsk şəhərində "Normand formatı" adlı çərçivədə Almaniya-Fransa-Ukrayna-Rusiya danışıqları olacaq, həm Putinin, həm də Poraşenkonun iştirakı gözlənilir, Merkel və Olland da danışıqlar masasında olacaq, yəni, Ukraynada müharibəni məhz Rusiya apardığı artıq rəsmiləşdirilir, bu Ukraynanın və Qərbin böyük diplomartik uğurudur. Belə bir təsbit bizim üçün də yaxşı fürsətlər açır, Qababağ məsələsinin həllində müəyyən irəliləyiş ola bilər. Azərbaycan Prezidentinin son Münxen çıxışını diqqətlə izlədim, açığı, çox bəyəndim, onun Ukrayna münaqişəsi, Krımın işğalı ilə Qarabağ məsələsinin identik olduğu, eyni köklü olduğu fikri çox düzgün fikirdir. Krımda, Donbasda məhz digər dövlətin dəstəklədiyi separatizm hərəkatı olduğunu vurğulaması doğru addımdır. Ermənistan tərəfinin verdiyi suala da yaxşı cavab verdi. Amma, davamı gəlməlidir, dəqiq işlənilmiş taktiki və strateji addımlar ardıcıl olaraq atılmalıdır. Prezidentin bundan 10 gün öncəki səfərində Merkel çox doğru vurğuladı ki, Qarabağ münaqişəsinin tərəfləri həm Ermənistandır, həm də Rusiya, faktiki olaraq, Merkel bizə gözəl "pas" verib, bundan istifadə etmək lazımdır. Bütün dünyaya təbliğat qurmalı, ardıcıl addımlarla sübut etməliyik ki, Rusiyanın Cənubi Qafqazda "LNR"-i və "DNR"-i - Ermənistan respublikasıdır, Qarabağ münaqişəsinin birbaşa tərəfi nəhz Rusiyadır, məhz Rusiyanın köməyi iə torpaqlarımız işğal olunub, bu gün də işğalda saxlanılır. Münaqişənin Beynəlxalq Tanımına düzəliş etmək lazımdır, nədənsə, bütün Beynəlxalq xəbərlərdə, bizim daxili xəbər məkanımızda münaqişə, "Ermənistan, Azərbaycan, Dağlıq Qababağ", münaqişəsi kimi keçir, buna son vermək lazımdır, "Rusiya-Ermənistan cütlüyü - Azərbaycan", münaqişəsi kimi tanıtım etmək lazımdır. Dağlıq Qarabağda yaşayan azərbaycanlılarla Xarici İşlər Nazirliyi deyil, Daxili İşlər, Ədliyyə, Maliyyə, Sosial Müdafiə nazirliklərinin nümayəndələrindən ibarət komissiya, qurum danışıqlar aparmalıdırlar. Bizim daxili işimiz olan bu məslədə XİN öndə ola bilməz, heç bir ölkə öz ərazisində, öz vətəndaşları ilə XİN vasitəsi ilə danışmaz.Yaranacaq yeni komissiya, Qarabağda erməni-rus separatizmi və terrorçuların illərdir əsirinə çevrilmiş erməni əsilli azərbaycanlılarla birbaşa danışıqlara başlamalı, onları bu əsarətdən xilas yollarını müzakirə etməlidir. Bir sözlə, unikal, tarixi şans yaranıb. İndiki dünyada olan siyasi konyukturadan düzgün, ağılla istifadə etməklə, danışıqlarda ciddi üstünlük qazanmaq, Rusiyanı münaqişə tərəfi kimi tanıtmaq imkanı yaranıb. Sadəcə bundan səmərəli istifadə etmək lazımdır".