Müsavat çətin durumda
Arif Hacılı güzəştə getməsə partiya dağılacaq
6 Fevral 2015 13:28 SiyasətSiyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzindəki partiyalardan səkkizi fevralın 4-də "Azadlıq-2015" seçki blokunu təsis ediblər. KXCP, Aydınlar, AzDP, BAP, VİP, ALDP, AXP və Azadlıq Partiyasının yaratdığı blok 2015-ci il parlament seçkilərində iştirakı nəzərdə tutur. Adıçəkilən partiya sədrlərindən ibarət tərkibdə blokun Siyasi Şurasının yaradılması və Seçki Qərargahının formalaşdırılması barədə qərar qəbul edilib. Müsavat, Demokrat və Ümid Partiyaları isə blokda təmsil olunmayacaqlarını bildiriblər. Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib ki, Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzi konkret olaraq ölkədə siyasi məhbuslar problemi və bəzi demokratik islahatlarla bağlı birgə mövqe sərgiləmək məqsədilə yaradılmışdı və mərkəzə daxil olan siyasi partiyaların bir-biriləri qarşısında heç bir siyasi öhdəliyi yox idi. Müsavat başqanı deyib ki, hər hansı seçki bloku ilə bağlı qərar aprel ayında veriləcək.
ADP sədri Sərdar Cəlaloğlu da partiyasının yeni bloka qoşulmayacağını bildirib. Görünür, demokratlar "Qarabağ" siyasi blokunda fəalliyyəti davam etdirəcəklər. Müsavat gəlincə, partiyanın tək istəyi AXCP ilə hansısa formada əməkdaşlıq qurmaqdır. Milli Şuradan çıxandan sonra AXCP Müsavatı düşmən, xain və separatçı elan edib. AXCP-də Müsavat əsas təbliğat ruporu olan "Yeni Müsavat"ı və onun baş yazarı Rauf Arifoğlunu sevmirlər. Arif Hacılı ilə Əli Kərimlinin son görüşündə AXCP sədri "Rauf Arifoğlunu Müsavatdan çıxarın, əməkdaşlıq edək" təklifi ilə çıxış edib. Müsavat daxilində baş verənlər Arif Hacılını bu təklifdən imtina etməyə məcbur edib. İndiki halda, heç aprel ayında da Müsavat Rauf Arifoğlundan imtina edə bilməz. Çünki Qubad İbadoğlu və Vurğun Əyyubun başçılığı ilə bir qrup müsavatçı qiyam qaldırıb. Bu qrup Müsavat rəhbərliyini təhdid edir. İndiki halda Rauf Arifoğlundan imtina Müsavatın Vurğun Əyyubdan, Qubad İbadoğlundan daha dağıdıcı bir güclə qarşı-qarşıya gəlməsinə səbəb ola bilər. Buna görə də Müsavat AXCP ilə başqa əməkdaşlıq modelləri axtarmağa çalışacaq. Müsavat üçün daha əlverişlisi Milli Şuradan kənar əməkdaşlıqdır. AXCP Milli Şuranı parlament seçkilərinə qədər qoruyub saxlamağa çalışacaq. İki partiya arasında uzlaşma məqamları da var. AXCP Əli Kərimlinin liderliyi altında Müsavat kimi müttəfiqi hər zaman arzulayıb. Bu format Müsavat üçün qəbuledilməz olsa da, şərtlər Arif Hacılını hər şeyə vadar edə bilər. Qubad İbadoğlunun başçılıq etdiyi qiyamçılar fövqəladə qurultay çağırsalar, Müsavat adına iddia etsələr, Arif Hacılı vəziyyətdən çıxmaq üçün AXCP-yə güzəşt edə bilər. Qubad İbadoğlunun rəhbərlik etdiyi narazılar martda toplantı keçirməlidir. Mart ayında hər şeyə aydınlıq gələcək. Böyük ehtimalla, Arif Hacılı Əli Kərimlinin liderliyi qəbul etmək güzəşti ilə AXCP ilə əməkdaşlıq müqaviləsi bağlayacaq. Müsavatın yeganə çıxış yolu budur. AXCP ilə müttəfiq olmasa, Müsavatın sosial bazasıın əksəriyyəti Qubad İbadoğlunu dəstəkləyəcək.
Ərhun Abbas