Azərbaycan öz balanslı siyasətini saxlayacaq
Arzu Nağıyev: “Avrointeqrasiya prosesləri də davam edəcək”
22 Yanvar 2015 13:50 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropaya səfəri başlayıb. Səfərin ilk günü Almaniyada olan dövlət başçısı burada bir sıra vacib görüşlər keçirib. Almaniyadan sonra isə Prezident İlham Əliyev Davos Forumunda iştirak etmək üçün Davosa yola düşüb. Azərbaycan dövlət başçısının bu səfəri Avropanın özündə də maraqla qarşılanmaqdadır. Xüsusilə, Rusiya ilə münasibətləri gərginləşən Avropanın enerji ilə təminatında Azərbaycanın rolunu nəzərə alsaq bu səfərin Avropa üçün nə dərəcədə önəmli olduğunu açıq-aşkar görə bilərik. Bəs görəsən Azərbaycan dövlət başçısının bu səfəri rəsmi Baki üçün hansı dividentlər gətirə bilər. Bu və ya digər suallarla bağlı siyasi ekspert Arzu Nağıyevə müraciət etdik.
-Arzu müəllim, prezident İlham Əliyevin Almaniyaya səfərini necə dəyərləndirirsiniz və bu səfər Azərbaycanın xarici siyasətdə hansı müsbət məqamlarla nəticələnəcək?
-Bildiyimiz kimi Prezident İlham Əliyev yanvarın 20-dən Almaniya Federativ Respublikasında işgüzar səfərdədir. Səfər vaxtı cənab İlham Əliyev Almaniyanın xarici işlər naziri Frank-Valter Ştanmayerlə görüşdü. Görüşdə vacib məsələlərdən biri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair fikir mübadiləsi aparıldı. Bundan başqa Azərbaycan Prezidenti Berlində Almaniya-Azərbaycan Forumunun üzvləri, Xristian Demokratlar və Xristian Sosialistlər, Sosial Demokratlar və Yaşıllar partiyalarından olan deputatlar, komitələrin rəhbərləri və üzvləri ilə də görüşüb. Əlbəttə bu görüşlər böyük əhəmiyyət kəsb edir və hər bir belə görüş olkələr arasında siyasi, iqtisadi, mədəniyyət, elm və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyətinin inkişafı üçün böyük bir təkandır. Ən önəmlisi isə, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı fikir mübadiləsi oldu. Yəni, Prezident İlham Əliyev münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyini bir daha bəyan etməklə münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğuladı.Təbii ki, iki ölkə arasında energetika sahəsində əməkdaşlıq, iqtisadi, informasiya texnologiyaları, tibb sahəsində əməkdaşlıq, Avropa Şurası və Avropa İttifaqında əməkdaşlıq, "Şərq tərəfdaşlığı" Proqramında iştirakla bağlı Azərbaycanın mövqeyi ortaya qoyuldu Bundan başqa regional təhlükəsizliklə bağlı əməkdaşlıq məsələsi də önəm kəsb edən məsələlərdən idi.
-Dövlət başçısının səfərinin Avropanın bəzi qurumlarının Azərbaycanla bağlı haqsız mövqe qoyduqları bir ərəfəyə təsadüf etməsi onu deməyə əsas verirmi ki, bu səfərlə Avropadan gələn bəzi qeyri-obyektivliklərin qarşısı alınacaq?
-Düşünürəm ki, Azərbaycan Prezidentinin məhz özünün keçirdiyi görüşlərdə müxtəlif qurumların verdiyi hesabtlara aydınlıq gətirməsi daha önəmli oldu. Cənab İlham Əliyev Azərbaycanda insan haqları, mətbuat azadlığı, jurnalistlər, hüquq müdafiəçiləri və müxalifət fəallarının həbsi ilə bağlı məsələlərə dəqiq və dürüst cavabları ilə önəm kəsb edən aydınlıq gətirdi və ölkəmizdə insan haqlarına təminat verildiyini bir daha bildirdi. Maraqlı məqamlardan biri də cənab İlham Əliyevin Almaniyanın kansleri Angela Merkellə keçirdiyi görüş oldu. İlk dəfə Almaniya kansleri Dağlıq Qarabağ münaqişəsinə dair fikir söyləyərkən Rusiya faktorunu və Ermənistanla Rusiyanın müttəfiq olduğunu dilə gətirdi.
-Sizcə bu il Azərbaycanın xarici siyasətində hansı istiqamətlər prioritet olacaq?
-Dünyada baş verən siyasi, iqtisadi və hərbi proseslər bir daha əminliklə belə deməyə imkan verir ki, Azərbaycan öz balanslı siyasətini saxlayacaq, avrointeqrasiya prosesləri də davam edəcək. Bununla yanaşı qonşuluq siyasəti də prioritet istiqamətlərdən biri olacaq. Eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində beynəlxalq təşkilatlarla münasibətlər saxlanacaq. Lakin tələbkarlıq artacaqdır.
-Hazırkı situasiyada Cənubi Qafqaz regionuna daha çox Rusiya, yoxsa Avropanın təsiri özünü büruzə verir?
-Düşünürəm ki, bu gün Rusiyanın istər Cənubi Qafqazda, istərsə də digər regionlarda siyasi təsir imkanları demək olar ki, yox dərəcəsindədir. Bununla belə hərbi potensialına güvənərək bir sıra hərbi münaqişə ocaqlarına təsir qabiliyyətini saxlamağa qadirdir. Lakin ciddi iqtisadi sarsıntı keçirən və tənəzzülə uğrayan bir iqtisadiyyatla çox nailiyyətlər də əldə etmək olmaz. Məhz buna görə də yəqin ki, Avropanın təsiri daha bariz şəkildə hiss ediləcəkdir.
-Bu arada cəbhədə ermənilərin təxribatlarının artması işğalçı ölkə daxilində yaranmış gərgin siyasi durumu ört-basdır etməyə hesablanmayıbmı?
-Bəli, Ermənistanda Rusiyanın 102 saylı hərbi bazasında baş verənlər, Dağlıq Qarabağ ərazisində ilin əvvəlindən başlayan təxribatlar belə deməyə imkan verir. Avrasiya İttifaqına üzv olmasına baxmayaraq iqtisadiyyatının 70 faizdən çoxu Rusiyadan asılı olan, yüz minlərlə miqrantın ailələrinə maddi vəsait göndərə bilməməsi istənilən vaxt siyasi partlayışa və iğtişaşa gətirib çıxara bilər. Artıq bir neçə gündür ki, bunun cücərtiləri də görünməkdədir. Bu proseslər isə Sərkisyan hakimiyyətinin sonu ola bilər. Belə bir vəziyyətdə çıxış yolu təxribatların törədilməsidir və ermənilər də bu yolu seçiblər.
Süleyman İsmayılbəyli