Nüfuzlu Avropa təşkilatı Qarabağın işğalına son qoyulmasını tələb edir
“İşğalçılar zəbt etdikləri zonalarda tarixi və mədəni irsi qəsdən dağıdıb, etnik təmizlənmə həyata keçiriblər”
21 Yanvar 2015 19:24 SiyasətNorveçin təhsil, mədəniyyət, musiqi, siyasət və din sahələrində fəaliyyət göstərən 25 qeyri-hökumət təşkilatını özündə birləşdirən Beynəlxalq və Çoxmədəniyyətli Könüllülük Mərkəzi (SAİFF) "Qarabağa Azadlıq" adlı bəyanat qəbul edib. APA-nın məlumatına görə, bu barədə mərkəzin sədri Anna Opland Stenersen tərəfindən yayılmış bəyanatda deyilir. Bəyanatda qeyd olunub ki, SAİFF-in İdarə Heyəti tarixi faktları və BMT Təhlükəsizlik Şurasının qətnamələrini diqqətlə araşdırdıqdan sonra aşağıdakı qənaətə gəlinib: "Azərbaycanın qədim tarixi regionlarından biri olan Qarabağda ermənilərin işğalından əvvəl 600-dən çox tarixi abidə və 1050-dən artıq qədim tikili olub. Təkcə Qafqazın konservatoriyası kimi tanınan Şuşada 36 təhsil ocağı, 435 mədəni və dini mərkəz, 10 muzey və qala məqsədyönlü şəkildə dağıdılıb. Ermənistan hələ 1988-ci ildə, Sovet İttifaqının süqutundan əvvəl, Moskvanın köməyinə arxalanaraq ərazi iddiaları ilə çıxış edib və Rusiyanın intensiv dəstəyi ilə hərbi əməliyyatlara başlanıb. 1994-cü ildə atəşkəs elan olunana qədər Ermənistan Dağlıq Qarabağı və ətrafdakı 7 rayonu - Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilanı işğal edib". Daha sonra bildirilib ki, Ermənistan silahlı qüvvələrinin Qarabağı işğal etməsindən 22 il keçir. BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılması ilə bağlı 4 qətnaməsinin olmasına baxmayaraq, ədalət bu günə qədər öz yerini tapmayıb: "İşğalçılar zəbt etdikləri zonalarda tarixi və mədəni irsi qəsdən dağıdıb, etnik təmizlənmə həyata keçiriblər. Bütün bunlar "Konfliktlər zamanı mədəni mülkiyyətin qorunması barədə" 1954-cü il Haaqa və "Dünya mədəni və təbii irsinin qorunması"na dair UNESCO-nun 1972-ci il konvensiyalarının prinsiplərinin pozulduğunu təsdiq edir. SAİFF-in İdarə Heyəti Azərbaycanın mədəniyyətinə, musiqisinə, adət-ənənələrinə və insanlarına həmrəylik və beynəlxalq dəstək aktı olaraq "Qarabağa Azadlıq" adlı bəyanat imzalayır və bu regionun daha yaxşı gələcəyi naminə dünya birliyinin digər üzvlərinə qoşulur".