Azərbaycan və Türkiyə prezidentləri görüşdü

İlham Əliyev: “Türkiyə ədaləti, haqqı dəstəkləyir”

Yanvarın 14-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Türkiyəyə dövlət səfəri başlayıb. Səfərin ilk günü İlham Əliyev Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu ilə görüşüb. Görüşdə Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. Söhbət zamanı ölkələrimizin birgə həyata keçirdiyi layihələrin əhəmiyyətinə toxunulub, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin önəmi vurğulanıb.  Qarşılıqlı fikir mübadiləsində Azərbaycan-Türkiyə əlaqələrinin regional əməkdaşlığın gücləndirilməsinə töhfə verdiyi qeyd edilib. Söhbət zamanı həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının zəruriliyi bildirilib. Tərəflər ölkələrimiz arasındakı dostluq əlaqələrinin bundan sonra da genişlənəcəyinə əminlik ifadə ediblər.  Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Əhməd Davudoğlu birgə nahar ediblər. Səfərin ikinci günü dövlət başçısı əvvəlcə Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərə-Anıtqəbiri ziyarət edib. Prezident İlham Əliyev Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyub, xatirə kitabına ürək sözlərini yazıb. Prezident İlham Əliyevin Türkiyəyə dövlət səfəri çərçivəsində keçirdiyi növbəti görüş prezident Rəcəb Tayyib Ərdoğanla olub. Görüşdən əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilib. İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə Türkiyə Prezidentinin Sarayına gəlib. Sarayın qarşısındakı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb, Azərbaycan Prezidentinin şərəfinə toplardan yaylım atəşi açılıb. Rəsmi qarşılanma mərasimindən sonra dövlət başçılarının təkbətək və geniştərkibdə görüşü keçirilib. Görüş barədə məlumat verən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli edilməsinə dair aparılan danışıqlardakı son vəziyyəti müzakirə edilib: "Görünən odur ki, ATƏT-in Minsk qrupu "üçlüyü" təəssüf ki, hələ də qərarlı addım atmayıb və problem "yolavermə taktikası" ilə uzadılır". Rəcəb Tayyib Ərdoğan bildirib ki, bununla bağlı beynəlxalq qərarların verilməsinə baxmayaraq, münaqişənin həllinin hələ də "yolavermə taktikası" ilə uzadılması üzücüdür: "Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll edilməsi məsələsində Azərbaycana dəstəyimiz bundan sonra da eyni qərarlılıqla davam edəcək. Son dərəcə həssas olduğumuz, hər fürsətdə də dilə gətirdiyimiz bu mövzu ilə bağlı Türkiyə olaraq mövqeyimiz qətidir. Görüşümüzdə bunları da müzakirə etdik. Geriyə addım atmağımız da əsla mümkün deyil". Azərbaycan Prezidenti İlham Əliyev də bildirib ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər müzakirə edilib: "Bir daha cənab Prezidentə minnətdarlığımı bildirdim ki, Türkiyənin mövqeyi dəyişməz olaraq qalır. Türkiyə bu məsələdə ədaləti, haqqı, beynəlxalq hüququ, öz qardaşlarını dəstəkləyir". Dövlət başçısı təəssüf hissi ilə qeyd edib ki, ATƏT-in Minsk qrupu da bu işlərdə heç bir nəticə hasil edə bilmir: "Fəaliyyət var, ancaq əfsuslar olsun ki, nəticə yoxdur. Keçən il danışıqlar prosesində müəyyən irəliləyiş müşahidə olunurdu. Ancaq Ermənistanın təxribat xarakterli addımları, xüsusilə, noyabr ayında işğal edilmiş torpaqlarda - Ağdam rayonu ərazisində genişmiqyaslı təlimlərin keçirilməsi və Azərbaycanın mövqelərinə hücum etməsi, əlbəttə ki, Azərbaycan tərəfindən layiqli cavabla qarşılandı, düşmən yerinə oturduldu. Ancaq bu, əlbəttə ki, danışıqlar prosesinə müsbət təsir göstərmədi. Bu münaqişə yalnız ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər". İlham Əliyev vurğulayıb ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır və Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa edəcək: "Biz buna nail olmaq üçün daha da güclü olmalıyıq. Bu gün Türkiyə-Azərbaycan birliyi, əməkdaşlığı dünya miqyasında önəmli bir faktordur. Bu faktoru heç kim inkar edə bilməz". Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan torpaqları uzun illərdir işğal altındadır: "BMT Təhlükəsizlik Şurası - dünyanın ən üst qurumu Ermənistanın işğalçı qüvvələrinin bu torpaqlardan çıxarılmasına dair 4 qətnamə qəbul etsə də, bu qətnamələr icra edilmir. Bu onu göstərir ki, Ermənistan sülh istəmir". 

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00