Müsavatdakı narazılıq təhlükəli məcrada

İsa Qəmbərin müsahibəsi narazılıq yaradıb, fövqəladə qurultay çağrıla bilər

Müsavat Partiyasında qurultaydan sonrakı böhran edir. Müsavatın sabiq başqanı İsa Qəmbər "Yeni Müsavat"a son açıqlamasında baş verənləri kənardan təhrik kimi qiymətləndirsə də, problem var və getdikcə dərinləşir. Müsavatın sabiq başqanının narazılara yönəlik "Mən onları sındırmaq istəmirəm", "Onlar hakimiyyətə işləyir" fikirlərinə yanaşmalar müxtəlifdir. Bəzi analitiklər hesab edir ki, İsa Qəmbər bununla da narazıları ictimai rəydə tamamilə gözdən salıb və Müsavatdaxili məsələlərə nöqtəni qoyub. Ancaq bu "nöqtə" görünmür. İsa Qəmbər əksinə, bu müsahibə ilə ciddi xətalar buraxıb. "Başqanlıqdan gedəndən sonra azadam", "Müsavatı yeni başqan idarə edir", "Mili Düşüncə Strateji Araşdırma Mərkəzinin rəhbəri kimi fəalliyyətimi davam etdirirəm" deyən sabiq başqan "Müsavat olaraq siyasətimiz doğrudur" deyə davam edir. Müsahibədən aydın görünür ki, Müsavat hələ də İsa Qəmbər tərəfindən idarə olunur. Deməli, "yeni başqan seçmişik, partiyanı o idarə edir" söhbəti bir az qeyri-ciddidir. İsa Qəmbər qərargahdakı otağını belə indiki başqana verməyib. Bu müsahibə də elə həmin otaqda götürülüb. İsa Qəmbərin Müsavat partiyasına, onun yeni başqanına münasibəti budur. Sabiq başqan aşkarca görüntü verir ki, "Müsavat mənimdi, onu mənim əlimdən kimsə ala bilməz". İsa Qəmbər narazıları hakimiyyətə bağlayır. Belə çıxır ki, bir zamanlar AXCP daxilində yaranmış narazılar, sonra KXCP-də yaranmış və Müsavat tərəfindən ciddi dəstəklənən fraksiya da separatçı, bölücü qurum imiş. O halda hər iki qurumu Müsavat nədən dəstəkləyirdi?  Öz kabinetini Müsavatın yeni başqanına verməyən, mətbuata açıqlamalarında hələ də partiyanın rəhbəri kimi danışan İsa Qəmbərin yanaşması belədirsə, narazıların münasibəti nədən Arif Hacılıya müsbət olmalıdır ki? Bir də ki ortada narazılıq var. Arif Hacılı və komandası "onlar cəmi 30 nəfərdir" deyirlər, narazıları aşağılayırlar, ancaq onlar hər gün bir rayonda toplantı keçirir, sıralarını genişləndirirlər. Narazılar İsa Qəmbəri belə lider hesab etmir, onun da xətaya yol verdiyini iddia edirlər.  İsa Qəmbərin "onları sındırmaq istəmirəm" fikri də ciddiliyini itirir. İndiyə qədər sabiq başqan narazıları olmazın ittihamlarla suçlayıb. Əksinə ədəb qaydalarını gözləyən narazılar İsa Qəmbərə qarşı sərt ittihamlar irəli sürməyiblər. "Onu sındırmaq istəmirik" fikrini əslində narazılar sabiq başqan üçün söyləyə bilərlər. Bir də ki sabiq başqanın "sındırmaq" fikri nəyi ifadə edir məlum deyil. Bu ifadə ilə o, "onları siyasətdən silə bilərəm" demək istəyibsə, yanılıb. Narazıların lideri Qubad İbadoğlunun və əsas ağsaqqalları Vurğun Əyyubun açıqlamaları göstərir ki, onlar kifayət qədər yetkin siyasətçi kimi danışırlar. İctimai rəy, özəlliklə gənclər İsa Qəmbər-Arif Hacılı ittifaqından daha çox Qubad İbadoğluna "stavka" edir. İsa Qəmbərin məsələyə nöqtə qoyması da doğru iddia deyil. Çünki narazılar artıq fövqəladə qurultaydan danışırlar. Bu isə Arif Hacılı və İsa Qəmbər üçün ciddi təhlükədir. Fövqəladə qurultay reallaşsa, Müsavat partiyasının parçalanması labüd olacaq.

Ərhun Abbas
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00