Prezidentin Tarif Şurasının qərarını ləğv etməsi müsbət bir qərardır
15 Yanvar 2015 14:16 Siyasət"Prezident İlham Əliyevin Tarif Şurasının qərarını ləğv etməsi əlbəttə ki, müsbət bir qərardır". Belə bir açıqlama ilə çıxış edən "Vətən" Siyasi Blokunun icra katibi Mayis Güləliyev "OLAYLAR"-a deyib ki, onsuz da Azərbaycanda benzinin qiyməti bazarın ümumi qiymətləri və əhalinin gəlirləri fonunda xeyli yüksəkdir: "Nəzərə alsaq ki, dünya bazarında neftin qiyməti də xeyli aşağı düşüb, onda benzinin qiymətinin hər hansı dərəcədə qalxması başa düşülən deyildi. Amma bütün halarda Azərbaycanda enerji daşıyıcıları ilə bağlı diferensasiyalı qiymət qoymaq daha doğru olar. Yəni kənd təsərrüfatında və sənayedə istifadəyə və əhalinin istifadə etdiyi enerji daşıyıcılarının müəyyən miqdarına daha az qiymət qoymaq iqtisadi və ekoloji cəhətdən effektli olar. Müəyyən həcmdən sonra isə yüksək qiymətlərin qoyulması vacibdir. Belə differensasiya enerji daşıyıcılarının qiymətlərinin həm insanların istehlak gəlirlərinə uyğunlaşmasına, həm də israfçılığın və ekoloji çirklənmənin azalmasına səbəb ola bilər. Təklif etdiyim bu amil heç şübhəsiz ki, ictimai nəqliyyatın yaxşılaşdırılması və genişlənməsi ilə birgə aparılmalıdır. Əks halda o mənfi effekt verə bilər".