Ermənistanda iğtişaş baş verə bilər
Arzu Nağıyev: “Bu isə ermənilərin xeyrinə deyil”
14 Yanvar 2015 15:14 SiyasətBu günlərdə şimal qonşumuz Rusiya Federasiyası ilə onun vassalı olan işğalçı Ermənistan arasında gərginlik hökm sürməkdədir. Buna səbəb isə Rusiyanın Gümrüdə yerləşən hərbi bazalarından birində qulluq keçən rus əsgərinin 6 erməni vətəndaşını qətlə yetirməsidir. Hələlik olayın tam baş vermə səbəbləri məlum olmasa da, tərəflər Gümrü hadisəsində qarşılıqlı olaraq bir-birini günahlandırmaqdadır. Rusiya tərəfindən yayılan qeyri-rəsmi məlumatlarda erməni ailəsinin rus əsgərini kəskin şəkildə təhqir etdiyi və bu səbəbdən qanlı olayın baş verdiyi qeyd edilsə də, erməni mənbələri rus əsgərinin sərxoş halda silaha əl atdığını iddia edir. Hadisəyə nəyin səbəb olmasından asılı olmayaraq isə erməni cəmiyyətində artıq Rusiyaya qarşı bir nifrət hissi formalaşıb. Hadisənin baş verdiyi ilk gündən minlərlə insanın küçələrə çıxaraq etiraz aksiyası keçirməsi və Rusiya hərbi bazalarının Ermənistandan çıxarılması tələbini irəli sürməsi Moskva-İrəvan münasibətlərində sərinliyin yaranacağını qaçılmaz edir. Düzdür, indiki halda Sərkisyan hakimiyyətinə ölkəsində antiRusiya aksiyalarının keçirilməsi sərf etməsə də, İrəvanın rus əsgərini erməni qanunları çərçivəsində cəzalandırmaq istəyinə rəsmi Moksvanın rədd cavabı Ermənistan hakimiyyətində də bir məyusluq yaradıb və Rusiyadan incik salıb. Paralel olaraq sadə vətəndaşlar da Rusiyanın qətli törədən əsgəri Ermənistana təhvil verməməsini kəskin etirazla qarşılayıb. Elə bu səbəbdəndir ki, paytaxt İrəvan və bölgələrdə Rusiya əleyhinə keçirilən etiraz aksiyalarında iştirakçıların sayı artan xətlə davam edir. Bəs görəsən Ermənistanda baş qaldıran antiRusiya etirazları bu ölkə üçün hansı acı nəticələrə səbəb ola bilər? Həmçinin ermənilərin Rusiya hərbi bazalarının Ermənistandan çıxarılması tələbini Kreml hansı həssaslıqla qarşılayacaq?
Siyasi ekspert Arzu Nağıyev hesab edir ki, Ermənistan sözügedən tələbləri irəli sürsə belə, bu ancaq müxalifətin iqtidara qarşı istifadə edə biləcəyi bir taktikası ola bilər: "Çünki Ermənistanın iqtisadiyyatı bu gün 70-80 faiz Rusiyadan asılıdır. Həmçinin bu ölkənin hərbi potensialı da əsasən Rusiyanın Ermənistan ərazisində yerləşən 102 saylı hərbi bazası ilə sırf bağlıdır. Eyni zamnda bu bazada çoxsaylı ermənilər iş yerləri ilə təchiz edilib". Arzu Nağıyev onu da bildirib ki, Gümrü şəhərində bir ailənin 7 üzvünü qəddarcasına avtomat silahla qətlə yetirən Permyakov erməni tərəfə təhvil verilməyəcəkd və hərbçi olduğu üçün istintaqı hərbi prokuroluq aparacaq: " Bütün bunlara baxmayaraq Rusiya tərəfi də narahatdır və Rusiya Federasiyası Müdafiə Nazirliyi müavinlərindən birinin rəhbərliyi ilə xüsusi bir komissiyya da yaradılıb. Çünki xarici bir dövlətin ərazisində yerləşən hərbi bazanın nümayəndəsi qəddarcasına qətl hadisəsi törədir. Bu isə yerli vətəndaşların iradına və hərbçilərə qarşı hər cür neqativ hərəkətlərə gətirib çıxara bilər". Ekspertin sözlərinə görə, baş vermiş olay daha çox ermənilər və rus hərbçiləri arasında gərginliyə səbəb ola bilər: "Düşünürəm ki, erməni rəhbərlər bundan sığortalanmaq məqsədilə istintaqın məhz hərbiçilər tərəfindən aparılmasına razılıq verəcək. Eyni zamanda qətl edilənlərin yaxınlarına maddi kompensasiya tələbi ilə çıxış edəcəklər. Öz növbəsində Rusiya tərəfi də bu variantla razılaşacaq. Çünki hər cür iğtişaş baş verə bilər. Bu isə ermənilərin xeyrinə deyil".
Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev isə deyir ki, Serj Sərkisyan bu hadisəni sıradan bir cinayət hadisəsi olaraq qəbul etdirməyə çalışacaq: "Çünki hazırda qərb və Amerika meyilli Daşnaqsütun Partiyası belə Ermənistanı Rusiya ilə hərbi və iqtisadi ittifaqdan kənar təsəvvür etmir. Ona görə də Sarkisyan çalışacq ki, bu hadisəni sırdan bir cinayət hadisəsi olaraq qəbul elətdirsin. Təbii ki hadisəni törədən şəxsin ən ağır cəzalandırımasını da istəyəcək. Müxalifət isə bu məsələni siyasiləşdirib Ermənistanda olan rus hərbi kontingetinə qarşı əhali arasında təbliğat aparacaq". Elşən Mustafayev onu da bildirib ki, əsas hədəf Serj Sərkisyanın hakimiyyətdən getməsinə Rusiyanı razı salmaqdır: "Amma son nəticədə nə Rusiya Ermənistandan çəkiləndir, nə də Ermənistan onu buraxan".
Süleyman