Müsavat:narazılar üstünlüyü ələ alır

Arif Hacılı sərt addımlar atmasa, partiyada ikitirəlik yaranacaq

Müsavat Partiyasında vəziyyət gərginləşir. Narazıların yaratdığı Azərbaycan Demokratiya və Rifah Hərəkatı rayonlarda təşkilatlanmaqda, özü də Müsavatın sosial bazası hesabına genişlənməkdə davam edir. Sabiq Məclis sədri, fürsət gösləməkdə olan Arzu Səmədbəylinin "fövqəladə qurultay" ideyası fiaskoya uğrayıb. Qeyd edək ki, sabiq Məclis sədrinin tərəfdarları mediada, sosial şəbəkələrdə belə bir xəbər yayır, belə bir fikir formalaşdırırdılar ki, İsa Qəmbər seçimində peşman olub, fövqəladə qurultay keçiriləcək, Müsavatın bütövlüyünü təmin edəcək yeganə fiqur kimi Arzu Səmədbəyli başqan seçiləcək. İsa Qəmbərin "Yeni Müsavat"a və musavat.com saytına verdiyi müsahibə barış missiyasının və Arzu Səmədbəylinin başqan olmaq ümidlərini puça çıxardı. İsa Qəmbər baş verən proseslərdə bir daha tərəf olduğunu göstərib, Arif Hacılını dəstəkləyib, narazıların hərəkətlərini pisləyib. Onun "narazıların sırasında elə adamlar var ki, onlar 2-3 il qabaqdan partiya ilə əlaqələri kəsmişdi" sözləri birbaşa Vurğun Əyyuba yönəlib. Əslində İsa Qəmbər doğru deyi. Vurğun Əyyub bir neçə il idi ki, Türkiyənin Qars şəhərində ali məktəblərin birində müəllimlik edirdi. Onun qəfil Bakıya qayıtması, heç şübhəsiz ki, Müsavatın qurultayı ilə bağlı idi. Vurğun Əyyub da haqlıdır, çünki Müsavatı bərpa edən şəxslərdən biri olub. Uzun illər partiyanın ikinci şəxsi statusunu daşıyıb. İndi onun kənarda qoyulması doğru çıxmır və Vurğun bəyin buna etiraz etməyə haqqı çatır. Eyni sözləri Qubad İbadoğlu haqqında demək mümkün deyil. Qubad İbadoğlu heç zaman Müsavat üçün Arif Hacılı qədər əziyyət çəkməyib. Onu oyuna gətirən "mən Arif Hacılıdan cəmi 20 səs" az toplamışam eqosudur. Əslində İbadoğlu seçkidə uduzub. Ancaq o, siyasətçidir və mövqeyini asanlıqla tərk etmək niyyətində deyil. Azərbaycan şəraitində Qubad İbadoğlu partiya rəhbərliyinə etiraz edib müəyyən dividentlər qazana biləcəyini gözəl bilir. Çünki o yaxşı bilir ki, tək deyil, Arif Hacılıdan narazılar çoxdur. İndi o narazıların bir qismi yeni başqan tabe olmaq istəmirlər. İsa Qəmbərin son müsahibəsi narazıları daha da hiddətləndirəcək. Əslində sabiq başqanın "yeni rəhbərlik narazılara qarşı daha səbrli davranır" sözləri təhrikedici fikirdir. Sabiq başqanın bu sözləri Müsavat rəhbərliyini hərəkətə gətirib. Arif Hacılının müavini Səxavət Soltanlı narazıları sərt tənqid edib. Onun sözlərinə görə, Müsavatın sosial bazasından yaralanıb özlərinə partiya yaratmaq istəyən narazıların ömrü 3 aydan çox çəkməyəcək: "Müsavat rəhbərliyi ADR-in yaradılmasında qətiyyən narahat deyil. Çünki həmin təşkilat Müsavat Partiyası üçün təhlükə ola bilməz. Bu təşkilatın və orda olanların siyasi ömrü maksimum 3 aydır. O təşkilatın qarşıya qoyduğu əsas məqsəd guya Müsavat Partiyası parçalanır görüntüsü yaratmaqdır. Onların məqsədi həqiqətən səmimi olsaydı prosesə yeni insanlar cəlb edərdilər". Başqan müavini deyib ki, təşkilatın əsas adamları  kimlərəsə hesabat xarakterli fəaliyyət göstərirlər. Onun sözlərinə görə, orada təmsil olunan əsas adamların sayı 30 dan çox deyil. Qeyd edək ki, narazılar ADR-in təşkilatlanma prosesinin Müsavatda narahatlıqla qarşılandığını bildiriblər. Əslində  gənc müavinini irəli buraxmış Arif Hacılı və hətta  İsa Qəmbər ADR-in yaranmasından narahatdırlar. Çünki ADR-də Müsavat partiyasının Məclis üzvləri də var. Onlar partiya tərəfindən "arzuolunmaz şəxs" elan olunmamış adamlardır. Ona görə də rayonlarda müsavatçılar ADR-in təsis yığıncaqlarına qatılırlar. Müsavat Qadınlar Təşkilatının sədri də ADR-in təsis yığıncaqlarında iştirak edir.  Bu baxımdan yaxın günlərdə bu anlaşılmazlıq aradan qaldırılmasa, Müsavat partiyasında böhran dərinləşəcək. Arif Hacılı və komandası sərt addımlar atıb, ADR rəhbərliyini, bu qurumun təsis yığıncaqlarında iştirak edənləri partiyadan çıxarmalıdır. Əks halda Müsavatın sosial bazasında parçalanma sürətlənəcək. Müsavat rəhbərliyinin işi ictimai rəyə buraxaq taktikası artıq zərər verməyə başlayıb. Çünki ictimai rəy narazıların tərəfindədir. Bir sözlə, Hacılı riskə gedib sərt addımlar atmasa, Müsavatda ikitirəlik yaranacaq.

Ərhun Abbas
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00