“Prezidentin 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi haqqında sərəncamı....”
Əli Məsimli: “Həmin işlərə sistem xarakteri verilməsi və yeni mərhələyə daşınmasına impuls verəcək”
13 Yanvar 2015 14:16 SiyasətAzərbaycan Prezidenti İlham Əliyev 2015-ci ilin Azərbaycan Respublikasında "Kənd təsərrüfatı ili" elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə birlikdə 2015-ci ilin Azərbaycan Respublikasında "Kənd təsərrüfatı ili" elan edilməsinə dair tədbirlər planını bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
2015-ci ilin "Kənd təsərrüfatı" ili elan edilməsi ilə bağlı dövlət başçısının imzalamış olduğu sərəncam ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsinin əsas prioritet olduğunu bir daha təsdiqləyir. İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli də hesab edir ki, kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının sənayedən sonra ikinci önəmli sahəsidir. Millət vəkili bildirib ki, ölkəmizdə iqtisadiyyatla məşğul olanların 40 faizə yaxını kənd təsərrüfatında çalışır: "Dünyada mövcud olan 11 iqlim qurşağından 9-u Azərbaycanda mövcud olduğundan, bu sahənin böyük potensialı var. Həmin potensialı işə salmaqdan ötrü dövlət bir sıra tədbirlər həyata keçirir. Fermerlər üçün bir sıra güzəştlər müəyyən edilib. Kənd təsərrüfatı məhsulları istehsalçıları, torpaq vergisi istisna olmaqla, digər bütün vergilərdən azad edilmişlər. Fermer və sahibkarlar güzəştli şərtlərlə kredit, toxum, "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və lizinq yolu ilə satılan gübrə, texnika, damazlıq mal-qara almaq imkanlarına malikdirlər. Eyni zamanda, əkin sahəsinin becərilməsində istifadə olunan yanacaq üçün dövlət subsidiyalar verir. Bununla belə kənd təsərrüfatında əmək məhsuldarlığı potensial imkanlardan xeyli aşağı olduğndan, hələ bu mühüm sahənin potensialdan yetərli səviyyədə istifadə olunmur". Əli Məsimli qeyd edib ki, son illər bu sahədə ciddi irəliləyşlər olsa da, Azərbaycan özünə lazım olan ərzaq məhsullarının bir hissəsini hələ də xaricdən almaqda davam edir: "Ona görə də kənd təsərrüfatının yeni əsaslar üzərində yenidən qurulması və əhalinin bu sahənin məhsulları ilə təminatınn yaxşılaşdırılması, eləcə də kənd təsərrüfatını neftdən sonra eksportumuzun vacib sahələrindən birinə çevrilməsi günün tələbilə çevrilib. Son illər bu sahəyə qoyulan sərmayələr artır, iri təsərrüfatların yaradılması hesabına bu sahədə əmək məhsuldarlığının artırılması istiqamətində məqsədyönlü işlər gedir". Əli Məsimlinin sözlərinə görə, prezident İlham Əliyevin 2015-ci ilin Azərbaycan Respublikasında "Kənd təsərrüfatı ili" elan edilməsi haqqında sərəncamı həmin işlərə sistem xarakteri verilməsi və yeni mərhələyə daşınmasına impuls verəcəkdir: "Şəmkirçay və Taxtakörpü su anbarlarının istismara verilməsi suvarılan yeni torpaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsi istiqamətində irəliyə doğru çox mühüm addım olacaqdır. Kənd təsərrüfatının inkişafına dövlət dəstəyi gücləndirıləcək, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədi ilə ölkədə müasir aqroparklar və iri fermer təsərrüfatlarının təşkilı sahəsindəki işlər genişləndiriləcək".
Süleyman