“Azərbaycanda çevriliş üçün zəmin yoxdur”

Elçin Mirzəbəyli: “Azərbaycan xalqı kataklizmlərdən keçib, sabitliyin dəyərini çox gözəl bilir”

BAXCP sədrinin beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəyli Rusiyada nəşr olunan "Geopolitika" jurnalında Qərbin Azərbaycanda dövlət çevrilişi hazırlaması barədə iddiasına cavab verib. E.Mirzəbəyli "Olaylar"a açıqlamasında Rusiya mətbuatında yayılan belə məlumatlara diqqətlə yanaşamaq lazım olduğunu bildirib. Bu cür şərhlərin əksər hallarda həqiqəti əks etdirmədiyini deyən BAXCP rəsmisinin sözlərinə görə, indiki şəraitdə bəzi beynəlxalq təşkilatlar və Qərb dövlətləri Azərbaycana qarşı haqsız hücumlara keçiblər. Elçin Mirzəbəyli hesab edir ki, bu hücumların bünövrəsində Azərbaycanda keçiriləcək Avropa Oyunları və Parlament seçkiləri dayanır: "Bir önəmli beynəlxalq və bir siyasi hadisə Azərbaycanın nüfuzuna təsir edəcək amillərdir. Şübhəsiz, erməni diasporu və Azərbaycanda maraqları olan bəzi Qərb dövlətləri situasiyadan istifadə edərək, bu və ya digər şəkildə ölkəmizə təsir göstərmək istəyirlər. İndiki şəraitdə Rusiya mətbuatında yayılmış bu tip məlumatların kökündə yaranmış vəziyyəti daha da gərginləşdirmək, Azərbaycanda cəmiyyətində qıcıq yaratmaq var. Bunlar təxribat xarakterli yazılardır. Azərbaycanda qarşıdurmanın, çevrilişin baş verməsi üçün şərait yoxdur. Nə ölkənin iqtisadi potensialı və sosial imkanları, nə yürütdüyü beynəlxalq siyasət, nə də regiondakı mövqeyi Azərbaycanda qarşıdurmaya hər hansı zəmin yaratmır. Azərbaycan xalqı kataklizmlərdən keçib, sabitliyin dəyərini çox gözəl bilir. Ona görə də bu qəbildən olan açıqlamaları əsassız hesab edirəm. Hansısa dövlətin belə bir niyyəti olsa belə, çevrilişin həyata keçirilməsi üçün imkanı yoxdur. Azərbaycan 93-cü ildəki dövlət deyil, kifayət qədər oturuşmuş strukturları olan, özünün və vətəndaşlarının təhlükəsizliyini təmin edə biləcək dövlətdir". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00