Arif qalsınmı, getsinmi

Məşədi Cəfər

Sentyabrda Azərbaycanın ən qədim partiyalarından biri-Müsavatda qurultay olmalı, yeni başqan seçilməlidir. Bu barədə çox yazıldığından, ictimaiyyətə çox şey bəlli olduğundan qısa keçəcəm: Bu dəfə İsa Qəmbər başqan olmayacaq. Nizamnamədə "bir şəxs iki dəfədən artıq başqan ola bilməz" müddəası və hazırkı başqan da aday olmayacağını deyib. İsa Qəmbərin olmayacağı təqdirdə gözlər tək bir şəxsə dikilir: Arif Hacılıya. Arif Hacılı İsa Qəmbərlə müqayisə olunacaq tək-tük müsavatçlardan biridir. Xalq Hərəkatının öncüllərindən olub, istiqlal aktına qol çəkib, Elçibəy hökumətində mühüm post tutub, Müsavatın qurucularından biridir. Onunla eyni çapda olacaq adamların çox Müsavatdan gedib. Hazırda istər Müsavatda, istər müxalifətdə, istərsə də cəmiyyətdə "İsa Qəmbərdən sonra başqan kim olsun" sualı veriləndə ilk ağla gələn Arif Hacılı olur. Onun Müsavatda tərəfdarları var, əleyhdarları da az deyil. Bir sıra Müsavata simpatiyası olan adamlar da "Qəmbərdən sonra başqan Arif olsun, yoxs Müsavat AXCP ilə rəqabətə davam gətiməyəcək". Doğru deyirlər, kişilərin məntiqi var. Həqiqətən də 1993-cü ilədn bu yana davam edən Müsavat-Yurd, İsa Qəmbər-Əli Kərimli davasını sürdürəcək tək adam Arif Hacılıdır. Ətrafında adamları var?-Var. Piarını quranlar var?-Var. İntriqantdı?-Türklər demiş, həm də sapına qədər. "Yurd"un bütün oyunlarını, silahlarını bilir? Bilir. Arif Hacılıdan başqa heç kim AXCP-nin, onun davakar, bölücü, kinli sədrinin qarşısında duruş gətirə bilməz. O zaman Müsavatda əksəriyyət Arif Hacılının başqan olmasını nədən istəmir? Bax, məsələ də budur. 1993-cü ildən davam edən Müsavat-Yurd savaşı kimin nəyinə lazımdır? Kimə fayda verdi? Ağgünəmi çıxdılar? Arif Hacılının başqan olmasını istəməyənlər həm də AXCP-Müsavat savaşının davam etməsini istəməyənlərdir.  Bu adamlar ömürlərinin 20 ilini müxalifətdə keçiriblər. Daha 5 il, 10 il mənasız mübarizələr, didişmələr şəraitində yaşamaq istəmirlər. Arif Hacılı başqan olarsa, heç nə dəyişməyəcək. AXCP ilə Müsavat qarşıdurma şəraitində, ən yaxşı halda mehriban düşmənlər kimi olacaqlar. Müsavat başqanı Arif Hacılı yox, başqa adam olarsa, (yeni başqanın gənc olması daha yaxşı olardı)   o zaman münasibətlər sisteminin, qarşılıqlı umu-küsünün, kin-kidurətin aradan qalxacağına ümid etmək olar. Düzdür, Arif getsə, partiyadan bir xeyli adamı aparacaq. Ancaq gələnlər də olacaq, partiya yenilənəcək. Müxalifəti üzmüş Müsavat-AXCP savaşı bitəcək, Müsavat yeniləşəcək, gəncləşəcək.  Bu baxımdan köhnəliyiin, intriqanın təmsilçisi sayılan Arif Hacılı  getsə yaxşıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00