“Əli Kərimli gedən kimi AXCP olmayacaq”

Natiq Cəfərli: “Rəhmətlik Elçibəydən sonra 3-4 yerə parçalandı, yəni, onun da səbəbi bir nəfərin üzərində qurulması idi”

"Bir şəxs üzərində qurulan siyasi sistemlər, dövlətlər, partiyalar mütləq məğlubiyyətə məhkumdurlar". "Olaylar"ın məlumatına görə, belə bir iddia ilə "Real" Hərəkatının icraçı-katibi Natiq Cəfərli çıxış edib. "Qardaş Türkiyədə son 50 ildə bir şəxs üzərində qurulan partiyaların hamısı dağılıb, kiçilib, nüfuzunu və siyasətə təsir etmə qabiliyyətlərini itiriblər. Turqut Özal Ana Vətən partiyasını qurdu, tək bir insanın xarizması üzərində qurulmuş partıya olan Ana Vətən Özaldan sonra məhv oldu, ayaqda dura bilmədi. Süleyman Dəmirəl ətrafında qurulan Ədalət Partiyası, o siyasətdən gedən kimi aşağıya yuvarlandı, silindi getdi. Tək bir CHP Atatürkün üzərində qurulduğu üçün bu günə qədər ayaqdadır, amma, görürsünüz ki, tarixini xərcləyir, ancaq elə Atatürkə görə ayaqdadır, təkbaşına iqtidar ola bilmir. Bu gün AKP də tək adamın - Ərdoğanın üzərində qurulub, sabah Ərdoğan olmayanda AKP də olmayacaq, hətta bu ilki parlament seçkilərində AKP Ərdoğan mitinqlərdə olmayacaq deyə, daha az səs alacaq" - deyə N.Cəfərli qeyd edib. Azərbaycanda da eyni vəziyyətin müşahidə olunduğunu deyən "Real" rəsmisinin sözlərinə görə, vaxtilə Etibar Məmmədov ətrafında qurulan Milli İstiqlal Partiyası bu gün, demək olar ki, yoxdur: "Hörmətli İsa Qəmbər ətrafında və üzərində qurulan Musavat partiyası, İsa bəy başqanlıqdan gedəndən sonra nə vəziyyətə düşdüyü göz qabağındadır. Hörmətli Əli Kərimlinin adı ətrafında qurulan AXCP-də də vəziyyət eynidir. Sabah hər hansı bir səbəbə görə Əli bəy AXCP-dən ayrılsa, aralansa, o partiya olmayacaq, ya parçalanacaq, ya da kiçilərək marginallaşacaq. Xalq Cəbhəsi rəhmətlik Elçibəydən sonra 3-4 yerə parçalandı, yəni, onun da səbəbi bir nəfərin üzərində qurulması idi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00