KXCP 2015-ci ilin fəaliyyət planını təqdim etdi
29 Dekabr 2014 11:42 SiyasətKXCP Ali Məclisinin sessiyası keçirilib. Sessiyada qərarların icra vəziyyəti, ictimai-siyasi vəziyyət, 23 dekabrda keçirilmiş bələdiyyə seçkilərinin nəticələri, KXCP-nin 2015-ci il fəaliyyət istiqamətləri, partiyanın növbəti Qurultayının keçirilməsi və 2015-ci ildə keçiriləcək parlament seçkiləri ilə bağlı məsələlər müzakirə edilib. Ali Məclisin sessiyası KXCP sədrinin seçki müşavirləri və bələdiyyə namizədlərinin iştirakı ilə keçirilib. Tədbirdə Ali Məclisin sədri Bəybala Əbil çıxış edərək, qəbul edilən qərarların icra vəziyyəti barədə məlumat verib. Daha sonra o, 23 dekabrda keçirilmiş bələdiyyə seçkilərinin yekunları ilə bağlı KXCP Mərkəzi Seçki Qərargahının Arayışını təqdim edib. Ali Məclisin sessiyasında ictimai siyasi vəziyyət haqqında KXCP sədri Mirmahmud Mirəlioğlu geniş məruzə ilə çıxış edib. KXCP sədrinin müavini Xəzər Teyyublu isə partiyanın 2015-ci il fəaliyyət istiqamətləri barədə sənədlə məclis üzvlərini tanış edib. Tədbirdə partiyanın bələdiyyə seçkilərinin yekunları bağlı arayışın nəzərə alınması və bəyanatın qəbul olunması barədə qərar qəbul olunub. Sessiyada KXCP- nin növbəti Qurultayının nizamnaməyə uyğun şəkildə keçirilməsi və 15 nəfərlik tərkibdən ibarət Təşkilat Komitəsinin yaradılması barədə qərar qəbul olunub. KXCP-nin 2015-ci il fəaliyyət istiqamətləri qəbul edilib və sessiyada səslənən təkliflər nəzərə alınmaqla təkmilləşdirilməsi KXCP İdarə Heyətinə tapşırılıb. Eyni zamanda 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə keçiriləcək tədbirlər müzakirə olunub və müvafiq qərar qəbul olunub. ("OLAYLAR İA")