Fransa Cənubi Qafqazda Rusiyadan təşəbbüsü ələ alır?
Elxan Şahinoğlu: “Azərbaycan Fransa ilə iqtisadi və humanitar sahədə əməkdaşlığını genişləndirir”
25 Dekabr 2014 16:47 Siyasət"May ayında atəşkəsin 20 illik yubileyi ilə yanaşı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daha 2 hadisə baş verdi". Dekabrın 25-də siyasi analitik Elxan Şahinoğlu rəhbəri olduğu "Atlas" Araşdırmalar Mərkəzinin "Dağlıq Qarabağ: 2014-cü ilin yekunları" hesabatının təqdimatında belə deyib."Birinci hadisə - ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik twitter səhifəsində münaqişəsinin həlli ilə bağlı 6 prinsip irəli sürdü. Uorlikin açıqlaması həm Azərbaycan, həm də Ermənistanda fərqli reaksiyalar doğurdu. Bəziləri Uorlikin 6 bəndlik təklifin Azərbaycanın, digərləri isə Ermənistanın xeyrinə olduğunu dedilər. Həqiqətən Uorlikin 6 prinsipdən 5-i Azərbaycanın maraqlarına uyğun gəlirdi. Çünki, bu prinsiplərdə Dağlıq Qarabağ ətrafında işğal olunmuş rayonların azad olunması, qaçqınların geri qayıtması və təhlükəsizlik təminatlarının təmin olunmasından söhbət gedirdi. Rəsmi Bakı və Azərbaycanı cəmiyyəti Uorlikin "Dağlıq Qarabağ üçün müvəqqəti status müvəqqəti olmalıdır" sözlərindən narazı qaldı. Çünki, "müvəqqəti statusun müvəqqəti olması" ideyası referendum tarixinin müəyyənləşməsinnə gətirib çıxarır ki, Azərbaycan buna razı deyil. İkinci hadisə - Azərbaycana və Ermənistana rəsmi səfər edən Fransa prezidenti Fransua Olland prezidentlərin növbəti görüşünün Parisdə keçirilməsini təklif etdi. Fransa bu təklifi irəli sürməklə iki məqsəd güdürdü. Birinci məqsəd münaqişənin həllində Fransanın fəallaşmasını təmin etməkdir. Çünki, Paris son illər bütün görüşlərin Rusiya ərazisində keçirilməsindən narahatdır. Fransa isə Cənubi Qafqazda fəallığını artırmaq istəyir. Rusiya ilə Gürcüstan arasında 2008-ci ildəki müharibənin dayandırılmasında da o zaman Fransanın keçmiş prezidenti Nikola Sarkozi vasitəçi olmuşdu. Fransanın ikinci məqsədi Cənubi Qafqazda ABŞ-dan geri qalmamaqdır. ABŞ prezidenti Barak Obama Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərmir, Vaşinqtonun yeni təşəbbüsləri yoxdur. Və belə bir məqamda Fransua Ollandın Azərbaycan və Ermənistan prezidentlərini Parisə dəvət etməsi münaqişənin həlli prosesində Fransanı ABŞ-dan irəli çıxarmış kimi göstərəcəkdi. Azərbaycan Fransayla iqtisadi və humanitar sahədə əməkdaşlığını genişləndirir. Azərbaycan bu gedişlə Fransanın Cənubi Qafqazda əsas partnyoruna çevrilir. Müqayisə üçün deyək ki, Fransua Ollandın başçılığı ilə Fransa nümayəndə heyəti Bakıda bir neçə ciddi iqtisadi sazişə imza atarkən, İrəvanda oxşar imzalanma mərasimi baş vermədi. Çünki, Ermənistanın iqtisadi durumu buna imkan vermir" - deyə E.Şahinoğlu qeyd edib. ("OLAYLAR" İA)