“Beyin mərkəzləri ağıllarına nə gəlir onu yazırlar”

ABŞ-ın beynəlxalq əlaqələr Şurası gələn il üçün baş verəcək müharibələrin proqnozunu verib. "Global Conflict Tracker" proqnozunda 34 geosiyasi risklər arasında Qarabağ müharibəsinin baş verməsi də yer alır. Sorğunun nəticələrinə görə, 2015-ci ildə Qarabağ müharibəsi başlayacaq.

"OLAYLAR"-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bölüşən "Region" Beynəlxalq Analitik Mərkəzinin sədri Razi Nurullayev bildirib ki, beyin mərkəzləri ağıllarına nə gəlir onu yazırlar: "Birincisi, 2015-ci ildə Azərbaycanda ilk Avropa Olimpiya Oyunları keçiriləcək və Azərbaycan hakimiyyəti müharibənin başlamasında maraqlı ola bilməz. Ermənistan isə, zatən müharibədə maraqlı deyil və status-kvonun saxlanması üçün özünü lezvalayır. Növbəti 2016-cı ildə Azərbaycanda Şahmat Olimpiadası və Kuboku keçiriləcək. 2017-ci ildə İslam Ölkələrinin Həmrəylik oyunu və s. Digər tərəfdən, indiki müharibələrin taleyini əvvəldən müəyyən etmək mümkün deyil. Digər tərəfdən Rusiya faktorunu unutmaq olmaz. Bu ölkə Dağlıq-Qarabağda müharibənin başlanmasına və Azərbaycanın da uduzmasına onda çalışa bilər ki, Azərbaycan Rusiya maraqlarını nəzərə almaqdan tamam imtina etsin. Azərbaycan hakimiyyəti bunu etməz. Türkiyə də müharibənin başlanmasında maraqlı deyil və çətin ki, belə olan halda Azərbaycanı cani-dildən müdafiə edə bilsin. Türkiyə müharibə istəmir". Politoloq qeyd edib ki, ABŞ və Avropa Birliyi müharibənin olmaması üçün bütün resurslarını işə salırlar: "Müharibənin başlanması Azərbaycanın həyata keçirdiyi enerji layihələrinə ziddir. Müharibə olarsa, bu layihələr də yoxdur. Əslində, bu Azərbaycana daha çox lazımdır. Çünki, Azərbaycan Avropa Birliyinin enerji təhülkəsizliyinin təminatında cüzi rol alır və alacaq. Azərbaycanın Avropa Birliyinə satdığı enerji məhsulları sonuncunun illik dövriyyəsinin 0.5 faizdən də xeyli azdır".

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00