KTMT-in Qarabağ bəyanatı nədən xəbər verir?

Arzu Nağıyev: “KTMT bəyanatla özünü sığortalayır”

Bu günlərdə Rusiya Federasiyasının  paytaxtı Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olan dövlət başçılarının iclası keçirilib. Toplantıda quruma daxil olan Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan,Tacikistan və Ermənistan prezidentləri iştirak ediblər. Sözügedən görüşlə bağlı açıqlama verən siyasi ekspert Arzu Nağıyev "OLAYLAR"-a bildirib ki, əsas diqqət çəkən məqamlardan biri həmişə olduğu kimi Əfqanıstan amili, daha doğrusu NATO qoşunlarının oranı tərk edəcəyindən sonra sərhədlərə nəzarət və bu məqsədlə hərbi aviasiya qoşunlarının bazasının yaradılmasıdır: "Məqsəd Orta Asiya regionunu müəyyən xarici təcavüzdən , o cümlədən radikal İŞİD və s.dən qorumaq kimi açıqlansa da, narkotik tranzitin həmin ərazidən keçməsi və buna xüsusi nəzarətin həyata keçirilməsi kimi də qiymətləndirilə bilər. Bundan başqa iclasda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyi ilə bağlı bəyant da qəbul edildi. Eyni zamanda Ukraynada sülhün bərpa olunması məsələsi də vurğulandı". Arzu Nağıyev hesab edir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olan dövlət başçılarının Moskvada Dağlıq Qarabağla bağlı bəyanat imzalaması sıravi bir bəyanatdır: "KTMT 15 may 1992-ci ildə bir neçə MDB dövlətlərinin iştirakı ilə yaradılıb, Azərbaycan da 24 sentayabr 1993-cü ildə beş il üzv olub, 2 aprel 1999 -cu ildə Özbəkistan, Gürcüstan ilə birlikdə müqavilənin uzadılmasından imtina edib. Hər üç dövlətin imtina səbəb əsasən ərazi bütövlüyünə təcavüz və hərbi müdaxilə ilə bağlı olub. Məlumdur ki, KTMT üçün İŞİD, Əfqanıstan məsələsi ilə müqayisədə Dağlıq Qarabağ məsələsi elə də təhdidli məsələ deyil. Həm də bu quruma hüquqi baxımdan dəxli olmayan məsələdir. Çünki ərazi bütövlüyü ilə bağlı Ermənistanın buna dəxli yoxdur. Sadəcə olaraq bu məsələnin Azərbaycan tərəfindən hərbi yolla həll edilməsi perspektivi olduğu üçün KTMT bəyanatla özünü sığortalayır, münaqişənin "donunun açılması" ndan çəkinir və sanki bizə bir messaj göndərir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00