AXCP: qara piarın bumeranq effekti
Cəbhəçilər sosial şəbəkələrdə taym-aut götürüb
24 Dekabr 2014 14:17 SiyasətAXCP ilə Müsavat arasında 2 ilə yaxındır davam edən mübarizədə tay-aut götürülüb. Müsavat Milli Şuradan çıxandan sonra başlamış savaş maraqlıdır ki, AXCP təmsilçilərinin məğlubiyyəti ilə başa çatıb. Milli Şuranı AXCP yönlü partiya və şəxslərin klubu hesab edən Müsavat bu qurumda özünü rahat hiss etmirdi. AXCP Rüstəm İbrahimbəyov və Cəmil Həsənli faktorlarını Müsavat qarşı qoyub, bu partiyanı, İsa Qəmbəri sıradan çıxarmağa, nüfuzdan salmağa çalışırdı. Dəfələrlə "Mənim sonuncu şansımdır, bu dəfə vahid namizəd olum, sonra olmayacam" desə də, İsa Qəmbərin namizəd olmasına imkan verilmədi. "Ya İbrahimbəyov, ya da İbrahimbəyov" şüarını ortaya atan da AXCP-çilər idi. Onlar öncə İbrahimbəyovun, sonra Cəmil Həsənlinin arxasında gizlənərək Müsavatın sabiq başqanına əngəl oldular. Seçkidən sonra Müsavat Milli Şuranı tərk etdi. Bu dəfə AXCP Müsavata qarşı bütün gücü ilə qara piar kampaniyasına start verdi. Bu kampaniya 2006-cı ildə Müsavat "Azadlıq" blokundan çıxanda da başlanmışdı. O zaman AXCP-nin qara piarı bir neçə funksionerin Müsavatdan getməsinə çatdı. Bu dəfə AXCP Müsavatı tamam çökdürməyə nail olmaq istəyirdi. Müsavatın qurultayında baş verənlər, narazıların Arif Hacılını qəbul etməməsi AXCP-ni arxayın saldı. AXCP sədri Əli Kərimli elə bildi ki, Müsavatın məsləsi artıq bitib. Partiya müdaxilə olmasa belə parçalanacaq. Doğrudur, Müsavatda parçalanma yaranıb. Partiya faktiki olaraq iki yerə bölünüb. Sabiq başqan adayı Qubad İbadoğlu Arif Hacılını qəbul etməyən müsavatçıları başına toplayaraq Demokratiya və Rifah Hərəkatını yaradıblar. Bu hərəkat hər an partiyaya çevrilə bilər. Ancaq bir iş var ki, DRH-da birləşən Müsavatçıların da Əli Kərimlidən zəhlələri gedir. Onlar bu dağıdıcı adama nifrət edirlər. Narazı müsavatçılar da Müsavatın Milli Şuradan çıxmasına, AXCP-dən ayrılmasına səs vermişdilər. Ona görə də AXCP onlarla işləməyə cəhd etmədi, bütün gücünü Müsavatın təbliğat ruporu olan "Yeni Müsavat"a və qəzetin baş redaktoruna qarşı yönəltdi. AXCP-nin yanlışı da bunda idi. Çünki hər hansı KİV-lə partiyanın savaşı analoqu olmayan bir hadisə idi. Bu savaşda KİV-in ictimai rəyi udacağı gözlənilən idi. Üstəlik AXCP tərəfdən bu savaşı ("Yeni Müsavat", Rauf Arifoğlu və qardaşı Azər Ayxana qarşı qara piarı) ictimai rəydə nüfuzunu itirilmiş, ironiya obyektinə çevrilmiş şəxslər aparırdı. Müsavat qarşı patoloji nifrəti ilə seçilən Fuad Qəhrəmanlının dirijor çubuğu ilə Natiq Ədilov, Əbülfəz Qurbanlı və digər cəbhəçi fəallar o qədər söyüş yazdılar ki, bu mübarizə əks effekt verdi. Özəlliklə bitərəf jurnalist Taleh Şahsuvarlıya qarşı apardığı iyrənc kampaniya AXCP sözçüsünü ifşası ilə nəticələndi. Mətbuatda və sosial şəbəkələrdə sakitlikdi, cəbhəçilər susurlar. Aydın görünür ki, Əli Kərimli bu savaşın öz əleyhinə çevridiyini anladı və quzğunlarına "dur" əmri verdi. AXCP-nin ictimai rəydə məğlub duruma düşməsi cəbhəçilərin qeyri-etik metodlara üstünlük verməsindən çox hədəfə alınanların peşəkarlığından oldu.
Zaur Sultanbud