Ermənilərin 2015-ci illə bağlı fəaliyyətlərinə okeanın o tayından əngəl

Konqres seçkilərinin nəticələri və ermənilərin məyusluğu

Məlum olduğu kimi, cari ilin 4 noyabr tarixində Birləşmiş Ştatlar Konqresinə keçirilən 114-cü çağırış aralıq seçkilərdə müxalif Respublikaçılar Partiyası hakim Demokratlar Partyası üzərində tam qələbə qazandı. Beləliklə bu partiya Konqresin hər iki palatası üzərində nəzarəti ələ keçirə bildi.

Məlumat üçün qeyd edək ki, 2010-cu ildə Konqresin Nümayəndələr Palatasında Demokratlar Partiyası 201, Respublikaçılar Partiyası isə 234 yerə sahib olmuşdu. Senatda isə qüvvələr nisbəti hakim partiyanın xeyrinə idi: Bu seçkilərdən keçən növbəti 4 il ərzində mövqelərini möhkəmləndirən Respublikaçılar Partiyası Nümayəndələr Palatasında mövqelərini daha 13 səs artıraraq 247 yerə malik ola biliblər. Rəqibinin göstəricisi isə 188-ə enib. 2015-ci il yanvarın 1-dən fəaliyyətə başlayacaq ABŞ-ın yeni çağırış qanunverici orqanı-Konqres respublikaçıların, ali icra hakimiyyəti isə, yəni Ağ Ev demokratların nəzarəti altında fəaliyyət göstərməli olacaqdır. ABŞ tarixindən bəllidir ki, siyasi qüvvələrin belə konfiqurasiyası əksər hallarda ölkədaxili siyasi böhranlarla xarakterizə olunur. İndiki şərait də bu baxımdan istisna təşkil etməyə bilər. Görünən odur ki, Ağ Ev rəhbəri Barak Obama nəticələrdən son dərəcə narahatdır. Digər bir maraqlı məqam isə ondan ibarətdir ki, seçkinin nəticələri Ermənistanda da narahatçılıqla qarşılanıb. Bəs görəsən Respublikaçıların qələbəsi nə üçün Ermənistan dövlətinin, dünyadakı erməni lobbisi və diasporunun ciddi həyəcanına səbəb olub? Qondarma "erməni soyqırımı"nın 100 illiyinin qeyd ediləcəyi bir ildə-2015-ci ildə Konqresdə respublikaçıların hakim mövqeyi niyə ermənilər üçün bu qədər qorxulu görünür? Onlar nədən ehtiyat edirlər?

Bu və diğər suallara Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, YAP-ın beynəlxalq əlaqələr komissiyasının katibi Elman Nəsirov aydınlıq gətirib. Bildirib ki, birincisi ermənilərin Konqresdə əsas lobbi liderlərindən biri olan senator Robert Menendes daha Xarici əlaqələr komitəsinin sədri vəzifəsini icra etməyəcək: "Xatırladaq ki, ABŞ-ın erməni diaspor şəbəkəsi ifrat ermənipərəst mövqeyinə görə onun fəaliyyətinə çox yüksək qiymət verirdi. Bu, erməni icması üçün ağır itki kimi qiymətləndirilir. Onu həmin postda respublikaçı senator Robert Korker əvəz edib. Bu şəxs 2013-cü ilin aprel ayında Xarici əlaqələr komitəsində qondarma "erməni soyqırımı" ilə bağlı qətnamənin qəbulunun əleyhinə səs vermiş 5 senatordan biri olub. Belə bir senatorun Senatın mühüm bir komitəsinə rəhbərlik etməsi ermənilərin "yuxusuna haram qatır". Elman Nəsirovun sözlərinə görə, Konqresin Nümayəndələr palatasının yeni rəhbərliyinin davranışı da ermənilərin "kürkünə birə salıb: "Belə ki,  tərkibində 438 konqresmenin olduğu bu palatanın spikeri Con Bonerdir. Onun bu ilin aprel ayında Ankaraya səfəri zamanı səsləndirdiyi aşağıdakı fikirlər erməni lobbisi və diasporu üçün "günün günorta çağı şimşək effekti"ni dögurub: "Konqres erməni məsələsi ilə məşğul olmayacaq. Bu məsələ Konqresin gündəliyinə salınmayacaq. Biz tarixi yazmırıq, biz tarixçilər deyilik". Üçüncüsü, yuxarıda sadalanan reallıqlar fonunda ABŞ-da 2016-cı il prezident seçkilərində respublikaçıların qalib gələcəyini və ali icra hakimiyyətinə də sahiblik edəcəklərini proqnozlaşdırmaq mümkündür. Bu perspektivi, heç şübhəsiz, ABŞ-ın erməni lobbisi və diasporu da real variant olaraq nəzərdən keçirir. Eyni zamanda onu da diqqətdən qaçırmırlar ki, yeni potensial respublikaçı prezident öz qələbəsini ilk növbədə Barak Obamanın siyasətinin tənqidi əsasında təmin edəcək. Deməli, məsələyə bu məntiqlə yanaşsaq, demokrat prezidentin hələ 2008-ci il prezident seçkiləri öncəsi qondarma "erməni soyqırımı"nı tanıyacağını nəinki şifahi, hətta yazılı olaraq təsdiqləməsi faktı da respublikaçı prezident tərəfindən tənqid predmeti ola bilər. Zənnimizcə, bu yerdə ermənilərin halına "Sən saydığını say, gör fələk nə sayır" misalı daha çox uyğun gəlir. Beləliklə, yuxarıda apardığımız təhlil və analizlər bir daha göstərir ki, ABŞ Konqresində respublikaçıların hakim mövqeyə yiyələnməsi, xüsusən də qanunverici orqanda bir sıra həlledici postların Türkiyənin ədalətli mövqeyini dəstəkləyən qüvvələrin inhisarına keçməsi ermənilərin qondarma "erməni soyqırımı" ilə bağlı 2015-ci ilə planlaşdırdıqları kampaniyaya "qırmızı işıq" yandıra bilər və hal-hazırda bu ehtimalın reallaşma əmsalı heç zaman olmadığı qədər böyükdür".


Füzuli
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00