Bələdiyyə seçkiləri demokratik keçirildi
23 Dekabr 2014 21:00 SiyasətDekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçirilib. Saat 08:00-dan etibarən seçki məntəqələri seçicilərin səs verməsi üçün açıq elan edilib.
Qeyd edək ki, bu il bələdiyyə seçkilərində 1607 bələdiyyə üzrə 15 035 bələdiyyə üzvü seçilməlidir.
Seçkilər 118 dairə üzrə keçirilir. Ermənistan tərəfindən işğal olunmuş əraziləri əhatə edən rayonların aid olduğu 7 seçki dairəsi üzrə isə bələdiyyə seçkiləri keçirilmir. Səsvermə 5015 məntəqədə həyata keçirilib. Bu məntəqələrdən 4887-si daimi, 128-i isə müvəqqəti yaradılan məntəqədir.
Bələdiyyə seçkiləri üçün 37 077 namizəd qeydə alınıb. Onlardan 13 907 nəfərin namizədliyi 8 siyasi partiya tərəfindən irəli sürülüb. Bunlar Yeni Azərbaycan Partiyası, Ana Vətən Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ümid Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokrat İslahatları Partiyası və Böyük Quruluş Partiyasıdır. Namizədliyi qeydə alınan 23 061 nəfərin namizədliyi özü tərəfindən, 109 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrə əsasən, polis bələdiyyə seçkiləri ilə əlaqədar dekabrın 25-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq. Seçki günü ictimai asayişin təmin edilməsi ilə əlaqədar olaraq post-patrul xidməti naryadlarının sayı artırılacaq. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qeyd edib ki, seçkilər 50 mindən artıq müşahidəçi tərəfindən izləniləcək. M.Pənahov əlavə edib ki, seçkilərdə şəffaflığı təmin etmək üçün seçki məntəqələrində veb-kameralar quraşdırılıb. Vətəndaşların səs verməsi üçün lazım olan bütün şərait yaradılıb.
Saat 10:00-a olan məlumata görə, Azərbaycanda keçirilən bələdiyyə seçkilərində respublika üzrə seçici fəallığı 10,4 faiz təşkil edib. Bu barədə MSK İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov məlumat verib. Onun sözlərinə görə, səs vermiş seçicilərin sayı 501 254 nəfər təşkil edib. Ümumilikdə isə seçicilərin sayı 4 819 382 nəfərdir. R.Gülməmmədov bildirib ki, indiyə qədər MSK-nın "Qaynar xətti"nə 25 müraciət daxil olub və bunlar da müxtəlif informasiyaların alınması ilə bağlı olub. İndiyə qədər hər hansı şikayət daxil olmayıb. R. Gülməmmədov bildirib ki günorta saatlarına qədər ən çox seçici fəallığı 93 saylı Bərdə şəhər və 84 saylı Beyləqan seçki dairəsində qeydə alınıb. Ən az seçici fəallığı isə Culfa və Şərur seçki dairələrində qeydə alınıb. Saat 12:00-a olan məlumata görə, bələdiyyə seçkilərində respublika üzrə seçici fəallığı 21,44 faiz təşkil edib. Həmin vaxta qədər 4 819 382 seçicidən 1 033 210 nəfəri səs verib. Azərbaycanda bələdiyyə seçkilərində seçici fəallığı ötən bələdiyyə seçkisi ilə müqayisədə yüksəkdir. Bunu MSK sədri Məzahir Pənahov 10 saylı Binəqədi 3-cü seçki dairəsinin 31-ci seçki məntəqəsində səsvermədə iştirak etdikdən sonra jurnalistlərə açıqlamasında deyib. M.Pənahov bildirib ki, saat 10:00-a olan məlumata görə, ötən bələdiyyə seçkisində seçici fəallığı 8 faiz idisə, indi müvafiq saatda bu göstərici 10 faiz təşkil edib. Saat 13:00-a olan məlumata görə isə, seçici fəallığı artıq 23-24 faiz olub.
MSK sədrinin sözlərinə görə, seçkilər normal gedir: "Yerlərlə fasiləsiz əlaqə saxlayırıq. Həm də veb-kameralar vasitəsilə səsvermənin gedişini müşahidə edirik. Hələlik seçkilərin nəticələrinə təsir edən qanun pozuntusu ilə bağlı müraciət daxil olmayıb". M.Pənahov internetdə seçki məntəqlərindən birində bülletenlərin topa halında qutuya salınması ilə bağlı yayilan video ilə əlaqədar araşdırma aparılacağını da bildirib.
Onun sözlərinə görə, MSK-ya hələlik yalnız seçkilərlə bağlı sorğu xarakterli müraciətlər daxil olub. M.Pənahov deyib ki, ünvanlara daşınan qutuların aparılmasını KİV nümayəndələrinin müşayiət etməsi üçün sərbəst şərait yaradılıb. Axşam bülletenlər sayılanda, ilk növbədə daşınan qutular açılacaq. MSK sədri, həmçinin vurğulayıb ki, seçki günü öncəsi namizədliyini geri götürənlər də olub.