“Rusiya Azərbaycanı ələ keçirmək üçün Gürcüstanı vurur”
Erkin Qədirli: “…dənizə sabit çıxışımız üçün yeganə faydalı yoldur”
23 Dekabr 2014 13:38 Siyasət"Azərbaycanın ən təhlükəsiz dənizə çıxış yolu Gürcüstan üzərindən Qara dənizədir". "Olaylar"ın məlumatına görə, belə bir iddia ilə "Real" Hərəkatı İdarə Heyətinin üzvü Erkin Qədirli çıxış edib. Gürcüstanı Azərbaycandan zəif dövlət hesab edirən E.Qədirli eyni zamanda bu ölkənin Azərbaycandan asılı olduğunu bildirib: "Gürcüstanda gedən bütün müsbət proseslərin əsas sponsoru Azərbaycandır. Azərbaycandan ora gedən yardım və edilən yatırımlar hesabına Gürcüstanda nisbi sosial-iqtisadi sabitlik var. Biz bu siyasətimizi davam etdirməliyik. Gürcüstanı ayaqda saxlamaq, onun müstəqilliyinə yardım etmək - bizim üçün strateji əhəmiyyət kəsb edir. Gürcüstana Azərbaycanın uzantısı kimi baxmalıyıq. Bir tək Borçalıya görə deyil, həm də bizimçün dənizə çıxış üçün çox vacib ölkədir. Gürcüstanın bizə qəbul edə bilməyəcəyimiz önşərt qoşmaq imkanı yoxdur. Ona görə də Gürcüstan - dənizə sabit və sərbəst çıxışımız üçün yeganə faydalı yoldur. Biz Gürcüstanı itirə bilmərik. Tarixi haqqımız yoxdur oraları itirməyə. Gürcüstan batarsa, biz də batarıq. Rusiya da bunu anlayır, ona görə də bizi deyil, Gürcüstanı vurur. Bunu etmək daha asandır Rusiya üçün. Rusiya yaxşı bilir ki, Gürcüstanı ələ keçirə bilsə, Azərbaycanın başqa yolu qalmayacaq. Abxaziya və Cənubi Osetiya Rusiyanı öz-özlüyündə maraqlandırmır. Bu təcavüzlərin daha böyük strateji hədəfləri var - Azərbaycan və Orta Asiya. Abxaziyanın faktiki işğalı burada xüsusi önəm daşıyır, çünki Gürcüstanın bizim üçün də həyatı əhəmiyyət kəsb edən Qara dənizə çıxışının mühüm hissəsini alır. Gürcüstan üzərindən Qara dənizə çıxmaq azdır. Qara dənizin tarixi sahiblərilə anlaşma çətinliyinin fərqinə varmaq da vacibdir. Qara Dənizin iki tarixi sahibi var - Türkiyə və Rusiya. Bu iki ölkənin Qara dənizdə maraqlarının üst-üstə düşməsi bizə strateji baxımdan əlverişili deyil. Çünki, onlar faktiki olaraq Qara dənizdə bizə əngəl yarada bilərlər. Bunu bizə qarşı deyil, təbii ki, öz maraqları üçün edəcəklər. Məsələ də ondadır ki, onların maraqları bizim maraqlarımıza uyğun gəlməyə bilər. Türkiyə-Rusiya yaxınlaşmasının bizim strateji mənafelərinə toxunan hissəsində onlara güc gəlmək imkanımız yoxdur. Ona görə də Qara dənizdə Türkiyənin və Rusiyanın, təklikdə və ya birlikdə gücünü tarazlaya biləcək başqa bir gücə ehtiyacımız var ki, bu iki dövlətin yaxınlaşmasından doğa biləcək təhlükələrdən sığortalanmış olaq. Belə güc ancaq ABŞ-da var. Qara dənizə sərbəst və sabit çıxışımızın təminatı üçün ABŞ-ın dəstəyinə ehtiyacımız var". Qeyd edək ki, Erkin Qədirli İran və Rusiya üzərindən Azərbaycanın birbaşa dənizə çıxışını məqbul hesab etmir.