Mübariz Əhmədoğlu: Ermənistan Dağlıq Qarabağ tənzimlənməsi kontekstində də qanunlarını Aİİ tələblərinə uyğunlaşdırmalıdır

"Belarusun Xarici İşlər Nazirliyi Ermənistanın Aİİ üzvlüyü ilə bağlı rəsmi, vacib açıqlama verdi. Ermənistan rəsmi şəkildə bildirib ki, Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsi deyil". Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. Politoloq bildirib ki, bu, Ermənistanın Dağlıq Qarabağ siyasətində bu günədək olan ən vacib konkretləşmədir: "Ermənistan Dağlıq Qarabağı gah müstəqil dövlət, gah da özünün tərkib hissəsi kimi təqdim etməklə manevr edə bilirdi. İndi Ermənistan yalnız Dağlıq Qarabağın müstəqilliyi ideyası ilə manipulyasiya etmək məcburiyyəti qarşısındadır. Ermənistanın bu seçimi Ermənistanda və Dağlıq Qarabağda Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ideyasının tərəfdarlarının yenidən güclənməsi fonunda baş verdi. Ermənilər başa düşdülər ki, Dağlıq Qarabağın müstəqilliyinin tanınması mümkün deyil". M.Əhmədoğlu bildirib ki, əslində ermənilərin 1987-ci ilin sonlarında başladıqları bu prosesin həqiqi adı əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağı Ermənistanın tərkibinə ilhaq etmək idi: "Bu ilhaqın birbaşa və ya bir mərhələyə mümkün olmayacağını başa düşən ermənilər Dağlıq Qarabağın müstəqilliyi ideyasını ortalığa atdılar. Bu halda da əsil məqsəd, yəni Dağlıq Qarabağın ilhaqı niyyəti dəyişməmişdi. Ermənilərin Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə bağlı pessimist olduqları dövrdə müstəqillik ideyalarına möhtac olmaları yaxın vaxtlarda ciddi nəticələr verəcəkdir". Politoloq qeyd edib ki, Ermənistan Aİİ-ə üzv olduqdan sonra öz qanunlarında Aİİ-in tələblərinə uyğun müvafiq dəyişikliklər etdi. 20-yə yaxın qanunda iri dəyişikliklər edildi. Dağlıq Qarabağın Ermənistanın tərkib hissəsi olmadığını bildirən Ermənistan bu kontekstdən də öz qanunvericilik aktlarında dəyişiklik etməlidir: "Bunları 4 qrupa bölmək olar: I. Ermənistan Xarici İşlər Nazirliyi verbal notasını publik formada təsdiq etməlidir. Ermənistan istənilən anda bəyan edə bilər ki, Belarus xarici işlər nazirinin müavini A.Mixneviç Ermənistan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin katibi deyil. Ermənistanın həyasızlığı buna imkan verir. Ermənistan yazılı müqavilədə rəsmi imzasını inkar edə bilir.

II. SSRİ dövründə Dağlıq Qarabağ Muxtar Vilayətinin bir (20 fevral 1988-ci il), Ermənistan SSR-in ən azı iki (15 iyun 1989-cu il və 1 dekabr 1989-cu il) qərar qəbul edilib. Bu qərarlarının qüvvəsini itirməsi barədə rəsmi məlumat yayılmalıdır. SSRİ dağıldıqdan sonra Ermənistan SSR-in bu mövzuda qanunlarının hüquqi qüvvəsi yoxdur. Ermənistanın parlamentinin belə qərarı hüquqi yox, psixoloji əhəmiyyətə malikdir. Bununla da hətta 1994-cü ildən üzü bəri Ermənistan parlamentinin və rəsmi şəxslərinin Dağlıq Qarabağın Ermənistanın tərkib hissəsi olması ilə bağlı səsləndirdikləri rəsmi və qeyri-rəsmi fikirlər əhəmiyyətini itirəcəkdir.
III. Ermənistan ildə 4 dəfə öz vətəndaşlarını işğal olunmuş Azərbaycan ərazilərinə, o cümlədən Dağlıq Qarabağa hərbi xidmətə göndərir. Bu proses Ermənistanın müvafiq qanunlarına uyğun olaraq Ermənistan prezidentinin fərmanı ilə reallaşdırılır. Vətəndaşlarını hərbi xidmətə yola salmaq baxımından Ermənistan üçün Azərbaycanın işğal olunmuş əraziləri ilə tutaq ki, Ermənistanın Lori vilayəti arasında fərq yoxdur. Əgər fərq varsa, bu Azərbaycanın işğal olunmuş ərazilərinə daha çox hərbçinin xidmətə göndərilməsindən ibarətdir. Ermənistan hərbi çağırış və ya hərbi xidmət haqqında qanunlarını yenidən qəbul etməlidir. Aİİ üzvü olan Ermənistanın tərkib hissəsi olmayan Dağlıq Qarabağa, işğal olunmuş Azərbaycan ərazilərinə hərbi xidmət keçməyə vətəndaşlarını göndərməyə ixtiyarı yoxdur.
IV. Ermənistanın dövlət büdcəsindən hər il Dağlıq Qarabağa "dövlətlərarası kredit" adı ilə maliyyə vəsaiti ayrılır. Əslində bu vəsaitin erməni büdcəsində yeri və təyinatı Ermənistanın digər regionlarına ayırdığı vəsaitdən zərrə qədər fərqlənmir. Ermənistanın Ararat regionu büdcədən aldığı vəsaiti nə qaydada istifadə edirsə, Azərbaycanın işğal olunmuş əraziləri də Ermənistan büdcəsindən ayrılan vəsaiti eynilə o qaydada istifadə edirlər. Faktiki olaraq "dövlətlərarası" anlayışı baş aldatmaqdan başqa bir şey deyil". Politoloqun sözlərinə görə, Ermənistanın Aİİ-yə üzv olmaqla bağlı Dağlıq Qarabağ kontekstində üzərinə götürdüyü öhdəlik yeni şərait yaradır: "Ona görə iki vacib məsələ nəzərə alınmalıdır: Birincisi, məhz Ermənistanın Dağlıq Qarabağ məsələsindəki davranışını və bu davranışın Aİİ-yə təsirini öyrənib aradan qaldırmaq üçün Aİİ daxilində xüsusi komissiya yaradılması çox məqsədəuyğundur. Aİİ üzvlüyü ilə əlaqədar daha bir məsələni təkrarən yada salmaq istəyirik. Mülkiyyət məsələləri Aİİ ilə Azərbaycan arasında gərginlik yarada bilər. Bunlar 4-dür ("Tex-"Stepanakert"" qaz-boru kəməri, "Tex-""Stepanakert"" kəməri vasitəsilə nəql edilən RF qazı, Mehri dəmiryolunun Ermənistan ərazisindən keçən hissəsi, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistana məxsus hərbi texnika) və Aİİ-nin yaratdığı komissiya bu məsələnin də həllinə mümkün qədər tez nail olmalıdır. İkincisi, Ermənistan hal-hazırda özünü Rusiyadan çox narazı kimi aparır. Dağlıq Qarabağ məsələsində Rusiyanın mövqeyindən narazı olan Ermənistan eynilə həmin mövqeyini nümayiş etdirən Qərblə az qala müttəfiqlik siyasəti aparır. Ermənistanda antirusiyaçılıq hətta antitürkiyəçiliklə müqayisə oluna bilər. S.Sərkisyan və S.Ohanyanın idarə etdiyi Dağlıq Qarabağda Rusiya vətəndaşı olan azərbaycanlı girova Azərbaycan vətəndaşı olan azərbaycanlı girovdan daha ağır cəza kəsildi". Onun sözlərinə görə, Ermənistanın antirusiyaçılığını Aİİ-nin daxilində davam etdirməyəcəyinə heç kim təminat verə bilməz: "Aİİ-nin yaranması ilə Rusiyanın geosiyasi qarşıdurmaya, soyuq müharibəyə cəlb olunması eyni vaxtda baş verdi. Bu RF-in Aİİ üzrə digər iki tərəfdaşı - Qazaxıstan və Belarus ilə də onun münasibətlərində problem yaradıb. Ermənistanı Aİİ-yə üzv etməklə Rusiya Aİİ daxilindəki problemlərə qərbin müdaxiləsinə şərait yaradır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00