Arzu Səmədbəyli Müsavatda birləşdirici fiqur ola bilər
Onu “ehtiyat oyunçular skamyası”nda İsa Qəmbər əyləşdirib
22 Dekabr 2014 16:13 SiyasətMüsavat Məclisinin dekabrın 27-də keçiriləcək iclasında quruma sədr seçilməlidir. Qeyd edək ki, məclis sədrliyinə iki nəfəri namizdərliyi var: Onlardan biri Nüşabə Sadıqlı, ikincisi isə Sabir Məmmədlidir. 10 nəfərə yaxın şəxs isə sərbəst Məclis üzvlüyünə namizədliyini verib. Məclis katibliyinə, Divana, MNTK-ya boş qalan yerlərə də seçkilər keçirilməsi nəzərdə tutulur. Maraqlıdır ki, Məclis sədrliyinə sabiq sədr Arzu Səmədbəylinin namizədliyi yoxdur. Məclis sədrliyinə namizəd Nüşabə Sadıqlı mətbuata açıqlamasında bildirib ki, Arzu Səmədbəyli namizədliyini verdiyi üçün iddiasından geri çəkilib. Nüşabə Sadıqlı Müsavata KXCP-dən, ora isə AXCP-dən gəlib. Bir vaxtlar KXCP-də Müsavatın maraqlarına ifadə edən "Rəsulzadə-Elçibəy fraksiyasının" fəallarından olub. Müsavata gələndən sonra daim rəhbərliyə çeçilib. İsa Qəmbər və Arif Hacılının etimad göstərdiyi adamdır. Fəal müsavatçı kimi təqdim olunan Sabir Məmmədlini ictimaiyyət o qədər də tanımır. Yəqin ki, onun namizədliyi sırf prosedur naminə, seçkiyə demokratik görüntü vermək üçün irəli sürülüb. Böyük ehtimalla, Məclisin sədri postuna Nüşabə Sadıqlı seçiləcək. Qeyd edək ki, Məclis sədri postuna Arif Hacılının ən yaxın tərəfdarlarından biri olan Gülağa Aslanlının də adı hallanırdı. Yəqin ki, A.Hacılının planı bu posta Gülağa bəyi gətirmək imiş. Lakin G.Aslanlı Qubad İbadoğlu tərəfdarlarının səyi nəticəsində Məclis üzvlüyünə seçilə bilmədi. Ona görə də onun adaylığı mümkün olmayacaq. İşin ən maraqlı tərəfi Nüşabə xanım kimi KXCP-dən gələrək Müsavatda möhkəmlənmiş, hətta 2005-ci ildə bu partiyanı Milli Məclisdə təmsil etmiş Arzu Səmədbəyli bu dəfə Məclisə sədr olmaq istəməməsidir. Məlumata görə, ona bu postu Arif Hacılı təklif edib. Lakin Səmədbəyli razı olmayıb. Bir sıra saytlar Arzu bəyin Arif Hacılı-Qubad İbadoğlu qarşıdurmasına qarışmaq istəmədiyini yazıblar. Hesab olunur ki, ehtiyatlı siyasətçi kimi tanınan Səmədbəyli tərəfsizliyini qorumaq, lazım olduğu zaman birləşdirici fiqur kimi meydana çıxmaq niyyətindədir. Arzu bəyə yaxın saytların birində getmiş yazıda İsa Qəmbərin "Arif Hacılının bacarıqsızlığından bezməsi və Arzu bəyə stavka etməyə hazırlaşması" barədə danışılırdı. Görünür, bu, Arzu Səmədbəylinin öz arzusudur. A.Səmədbəyli hesab edir ki, İsa Qəmbərin başqanlığı dönəmində subardinasiya qaydalarına görə, ikinci o olub. Yəni Arif Hacılıdan üstün postda olub. Ona görə də İsa Qəmbərin yoxluğunda birləşdirici fiqur o olmalıdır. Buna görə də Arzu Səmədbəyli Müsavatdakı parçalanmanın dərinləməsində maraqlıdır. Arzu bəy və tərəfdarları tərəflərin mümkün qədər bir-birini nüfuzdan salmasına çalışırlar. Bu günə qədər onun barışdıcı mesajlarla çıxış etməməsi də bununla bağlıdır. Müsavatdakı mənbə daha bir maraqlı nüansa diqqət çəkir: "Bu gün qədər İsa Qəmbər belə tərəfini bəlli edib. Arif Hacılını dəstəkləyib. Hesab edirəm ki, Arzu Səmədbəylinin qıraqda saxlanması "dərin Müsavat"ın planıdır. Arif Hacılı projesi tam iflasa uğrasa, ortaya birləşdirici fiqur, ortaq lider olaraq Arzu Səmədbəylini çıxaracaqlar.
Ərhun Abbas