AXCP və Müsavatın “söyüş siyasəti”
Billur Hümbətov: “Bu baş verənlər sıraları günü-gündən seyrələn müxalifət düşərgəsinə zərər vurur”
22 Dekabr 2014 16:09 SiyasətAzərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyası arasında gedən xoşagəlməz proseslər hər ötən gün yeni bir mərhələyə qədəm qoyur. Maraqlısı odur ki, sözügedən iki partiya arasında gərginləşən münasibətlərin yoluna qoyulmasına cəbhəçi və müsavatçılar tərəfindən nəinki cəhd göstərilir, əksinə qarşılıqlı ittiham və təhqirlər gündən-günə artır. Bir müddət əvvəl sosial şəbəkələrdə başlanan AXCP-Müsavat savaşı artıq məhkəmə çəkişməsi səviyyəsinə çatıb. Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyası arasında yaşanan gərginlik digər müxalifət partiyaları tərəfindən də diqqətlə izlənilir və müxtəlif siyasi qüvvələr, onların təmsilçiləri tərəfindən bu məsələyə münasibət sərgilənir. Vətəndaş və İnkişaf Partiyasının sədr müavini Billur Hümbətov hesab edir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyası arasında baş verənlərin müxalifət düşərgəsində təmsil olunan hər bir partiya və hər kəsə aidiyyatı var. VİP rəsmisinin sözlərinə görə, özlərini aparıcı müxalifət təşkilatları hesab edən bu iki partiyanın "söyüş siyasəti" vətəndaşların və xüsüsən də gənclərin müxalifətyönlü siyasi təşkilatlara inamını heçə endirir: "Düşünürlər ki, əgər bunlar bu gündədirlərsə, digərləri necə olacaq. Belə bir el məsəli var: Elçisi Gülüm olanın başına külüm olar. Dəhşətlisi odur ki, bir zamanlar vahid komandada iqtidarda olmuş bu iki təşkilat sonrakı dövrlərdə gah qucaqlaşırlar, gah da söyüşürlər. Son 14 il ərzində Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyası arasında olan münasibətə nəzər salaq. 2000-ci il parlament seçkilərindən də əvvəl başlamış müharibə 2003-cü il prezident seckilərində səngidi və 2005-ci ilin parlament seçkilərinin sonuna qədər dost-qardaş oldular. Həmin seçkilər başa çatdıqdan dərhal sonra yenə söyüş-dava başladı və 2009-cu ilə qədər davam etdi. 2010-cu il parlament seçkilərində dünənki düşmənlər yenə can bir qardaş oldular. Bu qardaşlıq da 2013-cü ilin prezident seçkilərinin sonuna kimi davam etdi və yenə müharibə, yenə söyüş". Billur Hümbətovun sözlərinə görə, olub keçənlərdən nəticə çıxarmaq olar ki, 2015-ci ildə yenə qardaşlaşacaqlar: "Əhsən. Siyasətdə daimi müttəfiqliyin olmadığını anlayıram. Amma bunlar arasında baş verənləri anlamaq mümkün deyil". Vətəndaş və İnkişaf Partiyasının sədr müavini bildirib ki, bitərəf vətəndaşda bütün bunlar ikrah hissi doğurur və insanlar bunları müşahidə etdikcə müxalifə inamı itir: "Məhz onun bəhrəsidir ki, bir zamanlar müxalifətin çağırışlarına gələn on minlər indi yüzlərə düşüb. Bu münasibətlərin kökündə bu partiyaların başında duranların bir-birinə qeyri-sağlam münasibətlərimi durur, ya müxalifət birinciliyi uğrunda mübarizə durur və vaxud hansı birinəsə kənar təsirlərin olduğu durur mən deyə bilmirəm. Amma onu dəqiq bilirəm ki, bu baş verənlər sıraları günü-gündən seyrələn müxalifət düşərgəsinə zərər vurur. Bu gün mən belə nəticəyə gəlirəm ki, məhz bu "mehriban düşmən"çiliyin ucbatından onlar bir zamanlar xalqın onlara verdiyi beş illik mandatın yalnız bir ilindən istifadə edə bildilər. Başqalarını ittiham etməyə yer yoxdur".
Süleyman İsmayılbəyli