AXCP-“Yeni Müsavat” savaşı söyüş mərhələsinə keçdi
Qara piar savaşı AXCP-yə də zərbə vuracaq
19 Dekabr 2014 15:14 Siyasətİki aydan artıqdır ki, AXCP ilə "Yeni Müsavat" arasında qara piar mübarizəsi başlanıb. Məsələnin mahiyyəti ondan ibarətdir ki, qəzetin (Y.M) 1998-ci ildən 2003-cü ilə qədər Əli Kərimli komandası haqqında yazdıqlarını indi AXCP Rauf Arifoğlu və qəzeti haqqında yazır. Bu mübarizədə kimin haqlı olduğunu təyin etmək mümkün deyil. Çünki baş verənlərin siyasi mübarizə olduğu ortadadır. Mövqe savaşı, ana müxalifət olmaq istəyi. Ancaq etiraf edək ki, Müsavat heç zaman AXCP-yə qarşı bu cür təhqir, söyüş dolu sözlər yazmamışdı. Bəlkə də o dövrün, zamanın xüsusiyyəti idi. Çünki son zamanlar cəmiyyətdə mənəvi aşınma güclənib, insanlar daha qəzəbli olublar. Müxalifət düşərgəsində olan qəzəbli soydaşlarımız daha çoxdur. Bu qəzəbi artıran 20 ilin məğlubiyyətidir. 90-larda, 2000-ci ilin əvvəllərində Müsavat tərəf müxalifətin uğursuzluğuna görə, AXCP-ni, daha çox "Yurd"çuları suçlandırırdısa, indi tərsinədir. AXCP-də hesab edirlər ki, məğlubiyyətin əsas səbəbi Müsavatdır.
Müsavat rəhbərliyi özünü kənara çəksə də, "AXCP-"Yeni Müsavat" savaşı həm də Müsavat-AXCP savaşının tərkib hissəsidir. AXCP "Yeni Müsavat"ın timsalına Müsavatı hədəfə alıb ictimai rəydə biabır etmək istəyir. Müsavatın 14 dekabrda keçirdiyi aksiyanın sosial şəbəkələrdə ələ salınması, Arif Hacılının adının Əhməd Oruc, Sərdar Cəlaloğlu ilə yanaşı çəkilməsi deyilənlərə sübutdur. AXCP 2015-ci il parlament seçkilərinə ana müxalifət kimi getmək, 2018-ci il prezident seçkilərinə qədər isə Müsavatı tamamilə sıradan çıxarmaq istəyir. Bunun yolu isə "Yeni Müsavat"ı sıradan çxıarmaqdan keçir. Müsavat rəhbərliyinin özünü kənara çəkməsi AXCP-nin işinə yarayır. Qeyd edək ki, Arif Hacılı tərəfləri barışığa çağırıb. Ondan fərqli olaraq Qubad İbadoğlu isə Rauf Arifoğlunu dəstəkləyib. Barışıq çağırışı ilə DEVAMM sədri Hacı İlqar İbrahimoğlu da çıxış edib. Lakin tərəflər geri çəkilmək fikrində deyil. AXCP Rauf Arifoğlunu tamamilə sıradan çıxarmaq, müxalifətdən dışlamaq qərarı verib. Əsəblər də buna görə gərilib. Maraqlıdır ki, səngərin AXCP tərəfində olanlar daha çox xarici ölkələrə mühacirət edənlərdir. Onlardan biri Əli Kərimlinin əmisi oğlu İnqilab Kərimov Arifoğlu qardaşlarına qarşı daha sərt və barışmazdır. Onun dekabrın 18-də paylaşdığı qeyri-etik kollaj "Yeni Müsavat"çıları daha da qəzəbləndirib. Söz savaşı artıq küçə söyüşləri səviyyəsinə keçib. Əgər müxalifətdən hansısa ağsaqqal, sözükeçən ortaya çıxıb tərəfləri barışdırmasa, vəziyyət nəzarətdən çıxacaq. Bir zamanlar AXC və Müsavatda təmsil olunmuş Hafiz Hacıyevin təhqir dolu çıxışlarından əziyyət çəkmiş düşərgədə yeni söyüş ustaları yetişir. Yaranmış vəziyyyətdən qazancla çıxacağını zənn edənlər yanılır. Əli Kərimlinin başçılıq etdiyi, Fuad Qəhrəmanlının yön verdiyi qara piar maşını "Yeni Müsavat"ı yıprada, Rauf Arifoğlu və komandasını ictimai rəydə nüfuzdan sala bilər. Ancaq bunun zərbəsi bütünlükdə müxalifət düşərgəsinə dəyəcək, AXCP-nin özü də ictimai rəydə zədə alacaq. İnsanlar bütünlükdə AXC şinelindən çıxmış siyasətçilərə inanmayacaqlar. AXCP təmsilçiləri İnqilab Kərimov, Natiq Adilov, Əbülfəz Qurbanlı o qədər qurşaqdan aşağı zərbələr vurublar ki, artıq insanların AXCP-yə etimadı qalmayıb. Əli Kərimli və AXCP-nin "Göbbelsi" Fuad Qəhrəmanlı bunu nəzərə almalıdır.
Zaur Sultanbud