KXCP bələdiyyə seçkilərinə 100-dən çox namizədlə qatılır
Xəzər Teyyublu: “Namizədlər Bakı və bölgələrdə seçicilərlə görüşlərini təmin ediblər”
19 Dekabr 2014 13:37 SiyasətKXCP sədrinin müavini Xəzər Teyyublu partiyanın bələdiyyə seçkilərinə hazırlığı barədə "Olaylar"-a məlumat verib. X.Teyyublu qeyd edib ki, hazırda KXCP namizədləri yerlərdə Seçki Məcəlləsi və seçki qanununa uyğun olaraq, təşviqat, təbliğat və görüş yönümlü fəaliyyət həyata keçirirlər. Partiya rəsmisinin sözlərinə görə, namizədlər Bakı və bölgələrdə seçicilərlə görüşlərini təmin ediblər. "Seçicilərə fəaliyyət formalarını təqdim edib, vədlərini verirlər. Mən də Nərimanov seçki dairəsində öz işlərimi yekunlaşdırıram. Dünən Böyükşor qəsəbəsində görüşlərimi keçirdim. Bu gün də Nərimanov rayonunda seçicilərimlə növbəti görüşüm baş tutacaq. İnsanlara təbliğat vasitələrimizi çatıdırırıq, onların problemlərini öyrənirik" - deyə X.Teyyublu bildirib. O, seçki hazırlığına başlayanda KXCP-in bələdiyyələr üzrə 500 namizədinin irəli sürüldüyünü deyib. Namizədlərin qeydiyyata alınmasında müəyyən problemlərin ortaya çıxdığını deyən X.Teyyublunun sözlərinə görə, məsələ ilə əlaqədar MSK-ya müraciət olunub və tələblərin əksəriyyəti bərpa edilib: "Üzvlərimiz seçki dairələrinə namizədlikləri üçün fərdi qaydada müraciət ediblər. Hazırda KXCP-nin bələdiyyələrə namizədlərinin sayı 100-dən çoxdur". ("OLAYLAR" İA)