Cəbhəçilər Əli Kərimliyə niyə inanırlar?
18 Dekabr 2014 15:48 SiyasətSiyasəti təkcə məqsəd üçün bilmək lazım deyil, ilk növbədə siyasətin mahiyyətini bilmək vacibdir. Lap əvvəl isə siyasətlə məşğul olan adam onun mədəniyyətini öyrənməlidir. Mədəniyyətsiz siyasətçi ən adi tənliyin hesabını edə bilməz. Siyasət mədəniyyəti bu sahə ilə məşğul olan adamı göstərən aynadır. Siyasət gələcəyə işıq tutmaq üçün öyrənilir. Cəmiyyətlər və mədəniyyətlər gələcəyə öz siyasətləri ilə daşınırlar. Bunu etmək istəyən siyasətçi keçmişini araşdırmalı, gələcəyini planlaşdırmalı, gününü qiymətləndirməlidir. Bunları bacarmalıdır. Bacarmırsa, siyasətdə nə işi var? Məsələn, istənilən siyasi sistemdə cəmiyyətin aid olduğu həmin sistemə inancı olur. Və öz hərəkətini də həmin mühitin tələblərinə uyğunlaşdırır. Bu sahəni seçərkən ehtiyatlı olmaq lazımdır. Siyasi mədəniyyət mövcud mühitin mənimsənilməsini idarə edir. Eyni zamanda siyasət cəmiyyətlə sistem arasında bunun mütəmadiliyini davam etdirən vasitə rolunu oynayır. Bir cəmiyyətin siyasət mədəniyyəti onun olduğu mühitdə formalaşır. Əgər siyasətçi politologiyanı bilmirsə və ətrafındakı kütləni özünə inandırıbsa, həmin sistem məhvə məhkumdur. Məsələn, Azərbaycanın radikal müxalifəti, konkret adla ifadə etsək, AXCP və Müsavat. Bu partiyaların siyasətdən anlayışları azdır. Liderləri əzbərlədiyi bir-iki siyasi termini "siyasət" bilirlər. Ən acınacaqlısı isə odur ki, AXCP və Müsavat ətrafında olan az elektorat İsa Qəmbər və Əli Kərimliyə inanır. Onları "əsl siyasətçi" kimi bilirlər. Sual ola bilər, "axı İsa Qəmbər Müsavat başqanı deyil?" Müzakirəsini aparmağa çalışdığımız da məhz bu məsələdir. Arif Hacılının partiyaya başqan seçilməsindən iki ay keçməsinə baxmayaraq, hələ də İsa Qəmbər Müsavatın ipini əlindən buraxmır. Ya da bununla razılaşmaq istəmir. Razılaşmaq və qəbul etmək, etiraf da siyasi mədəniyyətin tərkibləridir. Halbuki, İsa Qəmbər bunların heç birisini etmir. İsa Qəmbər o zaman əsl siyasi obraz kimi insanların yaddaşında qalardı ki, indiyədək bütün məğlubiyyətləri də nəzərə alaraq yaxasını kənara çəkərdi. Oturub illərini sərf etdiyi siyasət barədə fikirlərini kitab şəklinə salardı. Öz təcrübəsini davamçıları ilə bölüşərdi. Siyasi tələblərə cavab vermədiyi üçün belə etmir. Xarakterində avtoritarlıq olduğu üçün getmək istəmir. İsa Qəmbərin narsist tipologiyası partiyadan əl çəkməsinə şərait yaratmır. Seçkilərə 4 il qalmış öz namizədliyini irəli sürən adam hakimi olduğu dairəni asanlıqla tərk edə bilməz. Eyni fikirlər Əli Kərimli üçün də keçərlidir. Elçibəyin partiyadan gedişindən sonra AXCP-dəki tərəfdarlarına özünü "mütləq güc" olduğuna inandıran Əli Kərimli, bütün partiyadaşlarının psixologiyasını alt-üst edib. Çünki ətrafında olanlar siyasəti az bilirlər, çox hallarda isə ümumiyyətlə bilmirlər. Nəticədə Əli Kərimli sələfi İsa Qəmbər kimi öz tərəfdarlarına şəxsi ambisiyasının "siyasət" olduğuna inandıra bilib. Ölkəsinin milli maraqlarının əksinə gedənlərin tərəfini tutan adam siyasətçi yox, "xalturşik"-dir. O, baş verənləri çox rahatlıqla maddiyyata çevirə bilir. Bu isə siyasət deyil. Nəticədə ətrafına siyasəti bilməyənləri toplaya bilir. Bilənlər isə qaçır və onlar bu gün nə Əli Kərimlinin, nə də İsa Qəmbərin yanındadırlar.
Ömər Zamin