İnsan hüquqlarından danışan Qərb Ermənistanda bu sahədəki problemləri niyə görmür?
17 Dekabr 2014 15:09 SiyasətSon aylar Ermənistanın daxili siyasi həyatında gərginliklər yaşanır. İrəvanın Rusiyanın təşəbbüsü ilə yaradılan Avrasiya İqtisadi Birliyinə daxil olmasından sonra yaranan gərginlik getdikcə özünün pik nöqtəsinə qədəm qoyur. Paytaxt və bölgələrdə müntəzəm olaraq keçirilən etiraz aksiyalarının növbəti ilin ilk aylarından etibarən kütləvi xarakter alacağı və bunun Ermənistanda hakimiyyət çevrilişi ilə nəticələnəcəyi iddia olunur. Bu arada Sərkisyan hakimiyyəti də dinc dayanmır və ciddi-cəhdlə etiraz aksiyalarının qarşısını almağa, onun kütləvi xarakter almasını əngəlləməyə çalışır. Hakimiyyətin bu istiqamətdə əl atdığı variantlardan biri də xalq kütlələrini idarə edən, onları mitinq və yürüşlərə yönləndirən siyasilərin cəzalandırılmasıdır. Bu cür cəza tədbirlərindən biri bu günlərdə baş verib. Belə ki, Ermənistan parlamentinin deputatı Aram Manukyan naməlum şəxslər tərəfindən döyüldükdən sonra beyin silkələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Hansı ki, Aram Manukyan son aylarda paytaxt İrəvanda keçirilən etiraz aksiyalarının aktiv üzvlərindən biri kimi tanınır. Elə Erməni Milli Konqresinin parlament fraksiyasının rəhbəri Levon Zurabyan da məsləkdaşı Manukyanın hakimiyyətin sifarişilə bu hala salındığını deyərək, baş verənləri terror hərəkəti kimi qiymətləndirib.
Maraqlı məqamlardan biri ondan ibarətdir ki, özlərinə lazım olduqda insan hüquq və azadlıqlarından dəm vuran qərbdəkilər Ermənistanda bir millət vəkilinin vəhşicəsinə döyülməsinə heç bir reaksiya vermirlər. Halbuki törətdiyi bəlli bir cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb edilən Leyla Yunus dərhal Qərbin ermənipərəsət dairələri tərəfindən müdafiə edildi, siyasi məhbus sayıldı və utanmadan həbsdən azad edilməsi tələb olundu. Bəs görəsən Qərbdəki insan hüquqlarından dəm vuran dairələr, ayrı-ayrı təşkilat və qurumlar Ermənistanda bir millət vəkilinin döyülməsini görmür? Əkbəttə ki, görür. Əgər belədirsə nəyə görə hər hansı ciddi bir reaksiya verilmir?
***
Millət vəkili Sahib Alıyev deyir ki, Qərbdəki bəlli çevrələr insan haqları məsələsinə yanaşmada da etdikləri tərəfkeşliyin artıq özlərinə qarşı işlədiyinin fərqindədirlər. Ona görə də onlar Ermənistanda müxalifətçilərin üzləşdikləri basqıdan narahatlıqlarını dilə gətiriblər: "Serj Sərkisyanın komandasındakıların cavabları isə belə olub ki, müxalifətçilərin maşınlarının yandırılmasını və onların döyülərək xəstəxanalara salınmasını ölkədən kənardakı qara qüvvələr təşkil edir. Doğurdan da, elədir, bu, qara qüvvələrin işidir. O qüvvələrin ki, 2008-ci ilin martında seçkilərin saxtalaşdırılmasına qarşı çıxan 10 nəfəri güllələdib və daha sonra da buna bənzər bir sıra olaylar törədib. Amma həmin qara qüvvələri niyə Ermənistandan qıraqda axtarırlar, bu anlaşılmır. Onların kimliyini bilmək istəyirlərsə, Serj Sərkisyan və onun komandasındakılar güzgüyə baxmalıdırlar". Millət vəkili Ermənistanda baş verən olaylara qarşı okeanın o tayında müşahidə edilən səssizliyə də toxunub: "Birləşmiş Ştatlar Dövlət Departamentinin sözçüsü Cen Psakidən erməni girovluğundakı əsirlərimizlə bağlı olduğu kimi bu haqda da hər hansı bir açıqlama gözləməyin. Departamentdəkilərin Aram Manukyanın da başına gətirilənlərdən xəbərləri "yoxdur" və "olmayacaq"da". Sahib Alıyev qeyd edib ki, halbuki Aram Manukyan döyülən gün Birləşmiş Ştatlar Konqresində Qarabağda bir erməni əsgərinin öldürülməsi faktı pislənib: "Konqresmen Adam Şiff işğalçı ordunun hərbçisinin ölümündən bərk kədərləndiyini bildirərək, Azərbaycanı buna son qoymağa çağırıb". Sahib Alıyevin sözlərinə görə Birləşmiş Ştatlar və Avropa insan hüquqlarının müdafiə edilməsi məsələsində də ikili standartlardan çıxış edirlər: "Son günlər Ermənistanda rejim əleyhdarlarının maşınlarının yandırılmasına, bir-bir tutularaq döyülmələrinə ( hətta onların arasında beyin silkələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilən müxalifətçi deputat Aram Manukyan da var) susan avropalılar Türkiyədə "paralel yapı"ya bağlı olanların həbslərinə dözə bilmədilər. O dəqiqə səslərini qaldıraraq baş verənlərin dəyərlərinə uyğun gəlmədiyini bildirdilər. Onda Türkiyədəkilər də qalxıb deyə bilərlər ki, siz avropalılar özünüzdə belə bir halla rastlaşsaydınız nə edəcəkdiniz? Bəlkə, dövlət içində dövlət quraraq kənar qüvvələrin tapşırığı ilə hərəkət edənlərin başlarını sığallayacaqdınız? İkincisi də, nə olsun sizin də bəzi tərəfləriniz, məsələn, eyni cinsdən olanların bir-birilə evlənmələri bizim dəyərlərə uyğun deyil".
Süleyman İsmayılbəyli