Xaşist sammiti

Məşədi Cəfər

Hikmət Hacızadə siyasi leksikona təzə termin gətirib-xaş sammiti. Deməli, Müsavatdan çıxanlar Bakının hansısa ucuz kafelərindən birinə yığılıb xaş yeyir, böyük ehtimalla, Müsavat başqanı Arif Hacılının əleyhinə danışırlar. Aralarında Səxavət Əlisoyun olması o deməkdir ki, rəfiqlər, xaşistlər Arif Hacılı, İsa Qəmbər haqqında o ki var döşəyirlər. Xaşistlərin sammitində adətən Hikmət Hacızadə, Səxavət Əlisoy, Qara Tofiq (Tofiq Hüseynli), Vurğun Əyyub iştirak edir. "Xaş sammiti"ndə maraqlı bir ənənə yaranıb: öndərlərin şəklini qaldırmaq, rəfiqlərin mənsub olduğu rayonların adlarını balaca posterlərə yazıb şəkil çəkdirmək. Bu işi özəlliklə Hikmət Hacızadə bayağılaşdırıb, şit halına gətirib. Ötən dəfə bəy Pənah Hüseynin adı yazılmış balaca vərəqlə şəkil çəkdirmişdi. Baxırsan, adamların boyuna, yaşına, baxırsan gördükləri işlərə, elədikləri yeniyetmə zarafatlarına, əlin üzündə qalır. Xaşistlərin sammitdə nə danışdıqları umurumda belə deyil. İstərlər, Arif Hacılını söyərlər, istərlər Hacı Hacılını, istərlər Hacı Qəmbəri. Nəyimizə lazım? Adamı qayğılandıran yekə-yekə adamların göz önündə balacalaşması, cırtdanlaşması, mənən cılızlaşmasıdır. Adama deyərlər ki, siyasət belə məzəli, qeyri-ciddi şey idisə, bəs niyə 25 il məşğul olurdun? Gedib Şəkidə kafe açıb xaş sataydın da...Pənah Hüseyn medianın dilində lətifə qəhrəmanına çevrilmiş adamdır, bilirik. Sizin nə ixtiyarınız var adamı ələ salasınız? Ən azı 20 ildir bu adamın beyninin məhsulu olan siyasi birliklərə toplaşır, qrantınızı alır, dağılışırsız. "Yaz hücumu", "Payız atakı", "Yay səngərə çəkilməsi" və s. bütün ideyalar Pənah bəyə məxsus olub. Bütün seçkilərdə Pənah Hüseynin taktikası ilə hərəkət etmisiz. Tutulan da Pənah, Arif, Rauf olub. Xaş sammitinə toplaşanların heç biri məhbəs həyatı yaşamayıb.  İndi durub Pənah Hüseyni ələ salmaları, Leninə bənzətmələri heç doğru deyil.
"Xaşist sammiti"  müxalifətin düşdüyü durumun bariz nümunəsidir. Durum budur, arxadaşlar. Durum ortadadır və çox acınacaqlı görünür. Görün, 25 ilin meydan qəhrəmanları, ağır  müxalifət fiqurları nə vəziyyətə düşüblər. Bu göstəri, xaş sammiti, bozbaş zirvəsi nəyə, kimə etirazdır, ironiyadır, bilmirəm. Onu bilirəm ki, adamlar həm də özlərinə gülürlər. Yazıq, rəzil vəziyyətdə olduqlarını ortaya qoyurlar. Bu, Hikmət Hacızadə kimi "demokratiya gerillası"na heç yaraşmır.   Arif Hacılı intriqantdır, özündən çıxandır, siyasi liderə xas xüsusiyyətləri azdır, amma adam seçkidə sizi udub. Gücünüzü seçkidə göstərəydiniz. Qutladığınız o biabırçı mitinqin suçu tək Arif Hacılının deyil, həm də sizindir. Başqan Vurğun Əyyub olsaydı, Arif də sizə qazıq atacaq, sabotaj edəcəkdi, daha rəzil günə qalacaqdınız.  Gedin, mənən parçalanmış partiyanızı ayağa qaldırın. Siyasi rəqabətin, düşmənçiliyin bir raconu var. Eyni partiyada, eyni düşərgədə olan adam partiyanın uğursuzluğuna sevinməz. Sevinirsə, artıq o partiyadan deyil! Düzdür, xaşistlərin çoxu artıq Müsavatı tərk edib. Ancaq sabiq müsavatçıların belə qeyri-ciddi davranışları heç xoş deyil. Yazacaqlar, 10-15 facebook istifadəçisi güləcək, qurtarıb gedəcək. Bir də ayılacaqlar ki, artıq Arif Hacılı Müsavatda möhkəmlənib, bunlar havada qalıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00