ADP sədrindən cəbhəçilərə ittiham
Sərdar Cəlaloğlu: “Onlara pul verib virtual aləmdə oturdurlar ki, kimlərisə söysünlər, təhqir etsinlər”
16 Dekabr 2014 15:38 Siyasət"Bu adamlar mütləq müxalifətdən kimisə hədəfə götürüb söyməlidirlər". Bu fikirləri "OLAYLAR"-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu AXCP üzvlərinin sosial şəbəkələrdə ona qarşı olan hücumlarına münasibət bildirərkən səsləndirib. Partiya sədri qeyd edib ki, ona qədər isə hədəfdə Müsavatın keçmiş başqanı İsa Qəmbər olub: "İsa Qəmbər başqan olana qədər cəbhəçilərin hədəfində idi. Baxmayaraq ki, onlar İctimai Palata və Milli Şurada müttəfiq idilər, lakin yenə də virtual aləmdə İsa Qəmbəri alçaldır, təhqir edir, ona və Müsavata qarşı qara piar aparırdılar. Bu gün İsa Qəmbər Müsavat başqanı olmadığı üçün ona qarşı qara piar aparmağa arqumentləri yoxdur. İndi hədəfdə mənəm". Sərdar Cəlaloğlunun sözlərinə görə, ADP rəhbərliyindən istefa verəcəyi təqdirdə cəbhəçilər üçün dərhal başqa bir hədəf seçiləcək: "Onlar üçün hədəfin kim olması önəmli deyil. Onlar kimisə söyməli, böhtan atmalı, təhqir etməlidirlər. Ona görə də mən təsadüfən onların caynağına keçmişəm". Sərdar Cəlaloğlunun sözlərinə görə, onlara pul verib virtual aləmdə oturdurlar ki, kimlərisə söysünlər, təhqir etsinlər: "Onlar da işlərini görürlər. Bu gün hədəfin kim olması onlar üçün əhəmiyyətli deyil. Əsas işləri odur ki, söysünlər, qara piar aparsınlar".