Azərbaycan müxalifətinin anti-demokratik ölçüsü
16 Dekabr 2014 14:55 SiyasətÖlkələr idarə edənlər və idarə olunanlar olmaqla iki hissəyə ayrılır. Hər ölkədə də iqtidar olduğu kimi müxalifətin də olması qaçınılmazdır. Bəzi ölkələrdə müxalifətin açıq fəaliyyətinə icazə verilmir. Belə ölkələrdə müxalifət gizli şəkildə, qeyri-leqal fəaliyyət göstərir. Demokratiya şəraiti isə müxalifətin leqal fəaliyyətini tanıyır. Ona görə də demokratik mühitdə müxalifətin olması mühüm əhəmiyyət kəsb edir. Sülh və sabitliyə söykənən demokratik şəraitdə müxalifətin varlığının məntiqli təməli var. Demokratiyaya gəlincə, o - iqtidarla müxalifətin bir-birini məhv etmək məqsədi güdmədiyi siyasi sistemdir. Belə vəziyyətdə tərəflər arasında fikir ayrılığı olanda bu, cəmiyyət üçün daha faydalıdır. Dialoq şəklində ən kiçik məsələlər belə tez həllini tapa bilir. Günümüzdə isə bir çox ölkələrdə iqtidar-müxalifət əlaqəsi tamam fərqli ölçülər qazanıb. Müxalifətlərin əksəriyyəti "iqtidarı necə devirə bilərəm?" tezisindən kənara çıxa bilmir. Azərbaycan müxalifəti də istisna deyil. Çünki bizim müxalif cəbhə nə iqtidarla dialoqa hazırdır, nə də haqlı tənqidlərə dözür. Dözümsüzdür. Bu xarakteri uzun illərin məğlubiyyəti formalaşdırıb. Bu da onun demokratiyasının üzərindən xətt çəkir. Məsələn, müxalifətin iki ana partiyasının - AXCP və Müsavatın Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun müxalifət partiyaları ilə keçirdiyi görüşdən imtina etməsi onların anti-demokratik simasının iç üzü idi. Görüşə qatılan partiya liderlərini iqtidara işləməkdə ittiham edən cəbhəçilər və müsavatçılar özlərinin xidmət etdikləri yerləri qeyd etməyi unutdular. Qərbdən qrant kəsilən kimi Amerikanı "molla silləsi" ilə vuran AXCP hansı demokratiyadan danışa bilər? Yaxud şıltaq uşaq kimi tutduğunu buraxmayan İsa Qəmbərin hələ də başqan kreslosunu Arif Hacılıya verməməsi demokratiyadı? Müxalifətdə despotizmin inkişafına təkan deyil? Eyni zamanda Müsavatın 14 dekabr mitinqindən sonra mediada bununla bağlı səsləndirilən tənqidi fikirlərə qarşı əks hücum da eyni qəbildəndir. Adamlar "möhtəşəm" adlandırılan mitinqi 400 etirazçı ilə yola verildiyini qəbul etmək istəmirlər. Yəni ki, psixoloji nöqteyi-nəzərdən müsavatçıları başa düşmək olar. Lakin demokratiyadan və böyük iddialardan danışan üçün tənqidə qarşı dözümsüzlük yaxşı əlamət deyil. Diktatorial xislətdir. Əgər müxalifət tənqidə qarşılaşmaq istəmirsə, danışdığı kimi hərəkət etməlidir. 400 nəfəri 4 min kimi qələmə verməməlidir. 5 milyon seçicinin olduğu ölkədə müxalifətin meydana 4 min çıxarması da skandaldır. Ona görə də haqlı tənqid edilir. Bundan sonra da ediləcək. Bu o vaxta qədər davam edəcək ki, müxalifət ölkə ictimaiyyətinin yarıdan çoxunu özünə inandıra biləcək. Lakin nə qədər ki, müxalifət indiki mövqeyindən geri çəkilməyib, bu baş verməyəcək. Çünki onun ən pis tərəfi də var. O, Azərbaycanın əleyhinə olan bütün qüvvələri öz siyasi məqsədləri üçün alətə çevirir. Eyni zamanda uzun illər rəhbəri olduğu partiyaları özəl şirkətə çevirənlərə kim inanar? İqtidarla son dialoq nümunədir. Hansı demokratiyadan danışa bilərlər? Buna haqqı varmı? Yox. Demokratik olmaq lazımdır, yoldaşlar!
Ömər Zamin