Bişkekdə Ulu Öndər Heydər Əliyevin anım günü keçirilmişdir
16 Dekabr 2014 13:48 SiyasətAzərbaycanın Qırğızıstandakı Səfirliyi İşenalı Arabayev adına Qırğız Dövlət Universitetində Ulu Öndər Heydər Əliyevin vəfatının on birinci ildönümü ilə əlaqədar böyük mərasim keçirmişdir. Tədbirdə Qırğız Respublikası Prezident Aparatının, Hökumətinin təmsilçiləri, Parlamentin deputatları, ictimai-siyasi xadimlər, Universitetin professor-müəllim heyəti, tələbələr, bu ölkədəki Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak etmişlər.
Tədbirin əvvəlində mərasim iştirakçıları universitetin foyesində Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətlərini əks etdirən fotoşəkillərdən ibarət sərgiyə baxmışlar. Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı sənədli film nümayiş etdirilmişdir. Mərasim iştirakçıları Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini 1 dəqiqəlik sükutla yad etmişlər. Mərasimin açılışın edən İşenalı Arabayev adına Qırğızstan Dövlət Universitetinin rektoru Tolobek Abdıraxmanov qeyd etmişdir ki, Heydər Əliyev dünyanın nadir, unikal, seçilən siyasət adamı idi. Heydər Əliyev fenomeni, onun şəxsiyyətinin ucalığı, fövqəladə idarəçilik qabiliyyəti, yüksək intellekti nəticəsində dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri arasında onun adı həmişə birincilər sırasında çəkilib. Ən məşhur, tanınmış siyasətçilərin reytinqinin müəyyənləşdirilməsi üçün aparılan beynəlxalq sorğularda, siyasi institutların, sosioloji mərkəzlərin araşdırmalarında Heydər Əliyevin adının birincilər sırasında yer tutması onun siyasətdə, həyatda, dövlətçilik təcrübəsində qazandığı uğurların təsdiqi idi. Azərbaycanın Qırğızıstanda Fövqəladə və Səlahiyyətli səfiri Hidayət Orucov Ümummilli Lider Heydər Əliyevin şərəfli ömür yolu, Azərbaycanın tarixindəki müstəsna rolu haqqında məlumat vermişdir. O, Ulu Öndərin həm keçmiş SSRİ dövründə, həm də müstəqillik illərində respublikamıza rəhbərlik etdiyi illərdə əldə olunan uğurlardan danışmışdır. Ümummilli Lider Heydər Əliyevin keçmiş SSRİ-nin rəhbərlərindən biri olduğunu diqqətə çatdıran səfir Ulu Öndəri dünya şöhrətli siyasi xadim, böyük nüfuza malik olan dövlət xadimi kimi xarakterizə etmişdir.