İqtidar-müxalifət münasibələrində yeni mərhələ

İki düşərgə arasında baş tutan görüş belə deməyə əsas verir

Ötən həftə sonu ölkənin müxalifət partiyaları ilə, hakimiyyət arasında danışıqlara start verildi. 20-dən artıq siyasi partiya rəhbərinin Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla keçirdiyi görüşdə hər iki düşərgə üçün vacib və maraqlı olan bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Məlumat üçün deyək ki, sözügedən görüşdə Azərbaycan Xalq Cəbhəsi və Müsavat Partiyası istisna olmaqla ölkədə fəaliyyət göstərən əksər siyasi qüvvələr iştirak edib. Bununla hər iki partiya bir daha dialoqa maraqlı olmadığı mövqeyini ortaya qoymuş olub. Bəs görəsən həmin görüşdə iştirak edən siyasilər bunu necə dəyərləndirir. Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev hesab edir ki, bu dialoqun mahiyyəti sırf modernləşmə siyasətiylə bağlıdır. Onun sözlərinə görə,  dünyada təcrübədən keçmiş və özünü doğrultmuş siyasi islahatların sistem şəklində reallaşdırılmasının bir hissəsidir: "Bu təcrübə Azərbaycanın siyasi tarixində də bir neçə dəfə təkrarlanıb. Məsələn, Heydər Əliyevin ikinci prezidentliyi dönəmində şəxsi təşəbbüsü ilə, Milli Məclisdə bütün siyasi partiyaların iştirakıyla Qarabağ müzakirələri baş tutdu. Bir neçə gün davam edən həmin müzakirələrə dönəmin hakimiyyətə qarşı ən barışmaz mövqe nümayiş etdirən partiyaları da qatılmış və təkilifi olan təşkilatlar öz təkliflərini səsləndirmişdilər. Bu gün isə artıq iqtidar-müxalifət dialoqlarına start verildi və bu da imkan yaradacaq ki, müxalifət partiyalarının təklifləri davamlı olaraq hakim partiya ilə müzakirə edilsin. Hətta, birinci görüşdə hakim partiyanın və Prezidentin  nümayəndəsi Əli Həsənov bəyan etdi ki, verilmiş bütün təkliflər Prezidentə təqdim olunacaq". Amma, maraqlıdır ki, hakimiyyətin təşəbbüsü ilə keçirilən müzakirələrə qatılan müxalifət partiyalarından bəziləri, indi, müxalifətin xeyli vaxtdan bəridir təklif etdiyi və bu gün reallaşan dialoqa qatilmır, eyni zamanda da başlanmış müzakirələrlə bağlı qarayaxmalara cəhd edirlər. Necə ki, seçkilərdə hamının təyin olunduğunu bəyan edib, özlərinin dəfələrlə necə seçildiklərini cavabsiz qoyurlar, Millət vəkili deyir ki, bu dialoqların mahiyyəti aşkar olaraq siyası inkişafa stimul verir: "Deməli bundan imtina yalnız inkişafdan imtina, yəni inkişafa maraqlı olmamaq deməkdir. Əgər partiyalar təqdim etdikləri platformalarla fərqlənirlərsə və bu platformaların hazırlanmasında məqsəd ölkənin inkişafı və dövlətin qüdrətlənməsidirsə, o zaman nəyə görə bütün təkliflər müzakirə olunmamalıdır? Biz Milli Dirçəliş Hərəkatı Partiyası olaraq bəyan etmişik ki, seçkilərdə hakimiyyətə gələ bilməyəcəyimiz halda, növbəti seçkiyə qədər ideya və təkliflərimizin də bizim kimi müxalifətdə qalmasının əleyhinəyik və kimin həyata keçirməsindən asılı olmayaraq, sərfəli hesab etdiyimiz üçün bütün təkliflərimizi hakimiyyətə təqdim edəcəyik. MDHP təsis olunandan bu prinsiplə fəaliyyət göstərib. Çünki, bizim partiyanın hədəfi millətin və dövlətin inkişafidır. Bunun üçün hakimiyyət bizə görə bir vasitədir ki, malik olduğumuz düşüncəni iş başına gətirmək üçün hakimiyyətə gələk və ideyalarımızı həyata keçirək. Lakin, müxalifətdə qaldığımız zaman da dovlətin inkişafı naminə sərfəli hesab etdiyimiz təklifləri hakimiyyətə təqdim edir və onların icra olunmasına çalışırıq. Amma, əgər bir partiya lideri təqdim etdiyi platformanın həyata keçirilməsində maraqlı olmasa, artıq bu onun xislətindən xəbər verir ki, adam təqdim etdiyi layihə ilə inkişafa nail olmaq yox, sadacə hakimiyyətə gəlmək istəyir və hakimiyyətə gəlməkdən başqa gözləntiləri var. Kim tərəfindən deyilməsi və həyata keçirilməsindən asılı olmayaraq milli maraqlara uyğun ideya və davranışları hakimiyyətə sahib çıxmaq naminə qərəzli olaraq rədd etmək isə hakimiyyətə yox, dövlətə müxalifətçilikdir. Bugünkü qarayaxmaçılar məhz dövlətə müxalifətdə olanlardır. Biz isə barışa soykənən sabitlik, milli maraqlar ətrafında milli birlik tərəfdarı olaraq bu gorüşdə komkret təkliflərlə çıxış etdik".


Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00