Yaralı Müsavatın yıxılması
15 Dekabr 2014 15:42 SiyasətMəşədi Cəfər
Ötən bazar Müsavat partiyası tarixinin ən uğursuz tədbirini keçirdi. Arif Hacılı və komandası (qardaşları, Elman Fəttah və Səxavət Soltanlı) bunu "mitinq"adlandırsa da, "Məhsul" stadionunda baş tutan aksiyanın mitinqlə Osmanlı türkləri demiş yaxından-uzaqdan əlaqəsi yox idi. Görünən o idi ki, aksiyaya Müsavat heç öz üzvlərini belə gətirə bilməmişdi. Səxavət Əlisoy demiş "Arif Hacılının piketi" daha çox yeni başqanın əzələ nümayişi kimi nəzərdə tutulurdu. Amma bu əzələ nümayişindən çox zəifliyin nümayişi oldu. Həqiqətən də bunu kim düşünmüşdüsə, Arif Hacılını istəməyən adamdır. Mitinqdən sonra yazdığı köşəsində "Yeni Müsavat"ın baş redaktoru Rauf Arifoğlu bu aksiyanı "yaralı aslanın ayağa qalxması" kimi qiymətləndirsə də, burada ayağa qalxmaqdan qəti söhbət gedə bilməzdi. Müsavat yaralı olmağına yaralıdır, ancaq ayağa qalxana da oxşamır. Bazar günü keçirilən aksiya yaralı Müsavatın səndərləyib yıxılmasına daha çox oxşadı. Kəsəsi, Arif Hacılı yaralı partiyasını ayağa qaldıra bilmədi.
Faktır yazdıq:yaralı Müsavat səndərləyib yıxıldı. Arif Hacılı partiyasını ayağa qaldıra bilmədi. Yaxşı bəs bunun səbəbi nədir və partiya bu durumdan çıxa biləcəkmi? Fikrimizcə, Arif Hacılının üstünə getmək o qədər də düz deyil. Partiyanı bu duruma İsa Qəmbər salıb. İndi aydın olur ki, "demokratik seçki ilə başqan dəyişdi" lafı sözdən uzağa getmir. Arif Hacılı necə "yeni başqan"dır ki, Müsavat necə "yeni dönəmə qədəm qoyub" ki, İsa Qəmbər partiyadakı otağını belə Arif Hacılıya vermədi? Axı, İsa Qəmbər hansı statusla Müsavata dövlət tərəfindən verilmiş qərargahdakı kabinetdə oturur? Ən böyük kabinetdə o oturacaqsa, o zaman Arif Hacılının harası yeni başqan oldu? İkincisi, İsa Qəmbər zamanında yerinə varis hazırlamadı, partiyanı çətin duruma saldı. Vurğun Əyyub, Mehman Cavadoğlu kimi təcrübəli, stajlı Müsavat funksionerləri Arif Hacılını qəbul etməyəcəkdilər. Onları qınamalı da deyil. Proseslər göstərir ki, Arif Hacılı başqan postuna layiq deyildi. İndi məlum olur ki, onu başqan postuna gətirən İsa Qəmbərin əsas məqsədi nə imiş. Hacılı nominal başqan olur, partiyanı isə İsa Qəmbər-Pənah Hüseyn dueti idarə edirlər. Vurğun Əyyub-Qubad İbadoğlu ittifaqı isə bu modeli qəbul etmədilər. İndi Müsavat olduqca çətin durumdadır. Partiyanı bu durumdan qurtarmağın tək yol fövqəladə qurultayın keçirilməsidir. İsa Qəmbər səmimi olaraq demokratiyaya xidmət edirsə, qurultayın keçirilməsini təmin etməli, narazılarla görüş keçirməli, partiyadan çıxarılanların geri qaytarılmasına çalışmalıdır. Köhnə başqanın öz partiyasına ən böyük xidməti məhz bu olardı. Yox, İsa Qəmbər "adı Arifin, dadı mənim" prinsipi ilə Müsavatı idarə etməyə davam deyəcəksə, o zaman "Müsavatın yarası sağalmayacaq", "yaralı Müsavat" bir daha yağa qalxmayacaq.