İsa Qəmbərdən Arif Hacılıya ağır zərbə
15 Dekabr 2014 15:36 SiyasətMüsavat Partiyasının 14 dekabr mitinqi maraqlı məqamlarla yadda qaldı. Həmin məqamları əlverşsiz hava şəraiti ilə əlaqələndirmək olardı, lakin qurultaydan sonra partiya daxilində baş verənlər heç kəsə sirr deyil. Yəni ki, 14 dekabr mitinqi Müsavatın faktiki olaraq, parçalandığını göstərən ekran oldu. Bununla qurultaydan sonra başlayan parçalanmanın partiyanın elektoratına da təsir etdiyi göründü. Çünki, meydanda vur-tut 500-ə yaxın adam vardı. Nümayiş mitinqdən çox, adi müşavirə təsiri bağışladı. Digər məsələ isə partiya rəsmiləri arasında olan münasibətin diqqətdən qaçmaması idi. Tural Abbaslı meydanda olsa da, hələ də Arif Hacılıya məğlubiyyəti həzm edə bilməyən Qubad İbadoğlu gəlməmişdi. T.Abbaslı da aktiv deyildi. Bu fonda İsa Qəmbərin kölgəsindən çıxa bilməyən A.Hacılı da məmnun görünmürdü. Bəlli idi ki, hələ də özü-özünü başqan olduğuna inandıra bilmir. Haqqı var. Məsələn, təşkilatçı Müsavat olduğu halda aksiyanın əsas çıxışı İ.Qəmbərin üzərinə köklənmişdi. Bu hadisənin kulminasiya və razvyazka nöqtələri idi. Halbuki, İ.Qəmbər mitinqə Müsavat başqanı qismində yox, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri kimi qatılmışdı. Bu isə, İsa Qəmbərin hələ də Müsavatın ipinin əldən vermədiyini göstərirdi. Vaqif Kərimli və Vidadi İsgəndərlidən sonra mikrofonun A.Hacılıya verilməsi hadisələrin zavyazka mərhələsiydi. Əslində bu, Səxavət Soltanlının girişindən sonraya təsadüf etməliydi. Amma aksiyanın yükünü İ.Qəmbərin öz üzərinə götürməsi, ahəngi pozmuşdu. Hacılının çıxışını boş meydan üçün etməsi, onun hadisələrdə epizodik obraz olduğunu təsdiq edir. Nitqi də az saylı iştirakçı tərəfindən də xüsusi coşqu ilə qarşılanmadı. Başqan seçiləndən sonra ilk dəfə Milli Şuranın mitinqində publika qarşısında özünü tanıtmaq üçün tribuna şansını Əli Kərimli əlindən almışdısa, bu dəfəki zərbəni İsa Qəmbər vurdu. Prinsip etibarilə, mitinqi Arif Hacılı adına fiasko adlandırmaq olar. Aksiyaya az sayda adamın qatılması isə Müsavat daxilində yaranmış qruplaşmaların ayağına yazmaq lazımdır. Mitinqin ən maraqlı tərəfi isə - AXCP, Milli Şura, KXCP və digər müxalifət partiya liderlərinin ortalıqda görünməməsi idi. Əli Kərimlidən fərqli olaraq, İsa Qəmbər və Arif Hacılı Milli Şura və AXCP-ın sentyabr aksiyasına qatılmışdılar. Vaxtilə bu, Müsavat düşərgəsində AXCP-yə qarşı jest kimi qarşılandı. Amma Əli Kərimli eyni addımı atmadı. Məsələni Təzəxan Mirələmli və bir-iki AXCP fəalı ilə yola verdi. Ə.Kərimlinin internet saytları da nümayişə az maraq göstərdilər. Əksinə - cəbhəçi fəallar sosial şəbəkələrdə Müsavata qarşı sərt dillə hücuma keçdilər. Yəni ki, Müsavatın fiaskosuna olan sevincini Əli Kərimli gizlədə bilmədi. Digər tərəfdən Mirmahmud Mirəlioğlunun imtina qərarını anlamaq çətin olsa da, Əli Kərimlinin təsiri altında olan Cəmil Həsənlinin gəlməməsi başadüşüləndir. Nəticə olaraq, daha əvvəl qeyd etdiyimiz amillər Müsavatın parçalanmasının göstəriciləri idisə, sonrakı qeydlər ümumi müxalifət düşərgəsində baş verən xaosun haşiyəsidir.
Ömər Zamin