Müsavatda Rauf Arifoğlunun mövqeləri güclənir

Arif Hacılı çətin duruma düşüb

Arif Hacılının başqanlığında Müsavat Partiyasnın yeni dönəmə qədəm qoyduğu artıq kiməsəs sirr deyil.  Yeni başqan və komandası Müsavat tarixində ən zəif komanda kimi qalacaq. Artıq mətbu çevrələrdə başqanın yeni müavinləri Osman Kazımov, Elman Fəttahın açıqlama və davranışları gülüş hədəfinə çevrilib. Məhkəmə zallarında müxalifətçilərin hüquqlarını qoruyan, hüquq mühafizə orqanlarının işçiləri ilə icəşən Osman Kazımov siyasətçiliyi deyəsən, asan bilirmiş. Maraqlıdır ki, verdiyi 2-3 açıqlama ilə sabiq vəkil özünü və partiyasını zərbə altına qoyub. İlk açıqlamasına Vurğun Əyyub "Osman Kazımov kimdir ki" reaksiyasını verdi. Kazımov bu cavadan sonra Vurğun Əyyub barədə kəlmə belə kəsmədi, söz demədi. Kazımovun "Yeni Müsavat" haqqında dedikləri, "biz AXCP ilə müttəfiq ola bilərik, qəzetlə cəbhəçilərin savaşına qatılmırıq" açıqlaması isə həm özünə, həm də partiyasına ciddi zərbə oldu. Buna qədər Arif Hacılı ehtiyatlı davranıb, özünü AXCP-nin qara piarına hədəf olan Rauf Arifoğlundan uzaq tuta bilirdisə,  bundan sonra o qəzetə qısılmağa məcburdur. Çünki durumu çox ağırdır. "Yeni Müsavat"a verdiyi açıqlamasında Arif Hacılı qəzetin partiya ilə eyni mövqedə olduğunu bildirib. Bu, Rauf Arifoğlunun uğuru sayıla bilər. Bu, o deməkdir ki, Müsavat partiyası Rauf Arifoğlunun təsiri altına keçmiş olur. Doğrudur, qurultaydan sonra Arif Hacılı komandası musavat.org.az adlı alternativ təbliğat ruporu yaradıb. Ancaq  bu sayt musavat.com saytı və "Yeni Müsavat" qəzeti ilə rəqabət aparmaq gücündə deyil. Arif Hacılının son açıqlamasından sonra AXCP-nin qara piar maşını Arif Hacılını da "separatçı", "xain" siyahısına salacaq, partiyanı aşağılamaqda davam edəcək. Naşı müavinlərinin xətası üzündən Arif Hacılı və partiyası çətin durumdadır.  İndi o, "Yeni Müsavat" Qubad İbadoğlu tərəfinə keçməsin, qəzetdə çalışan müsavatçılar partiyadan çıxmasınlar deyə, Rauf Arifoğlun diktəsi ilə işləməlidir. Bu arada Rauf Arifoğlu istədiyi şəxsi Müsavat partiyasından yüksək posta təyin etdirə bilər.  Ancaq bu durum uzun davam edə bilməz. Arif Hacılı partiyanı qəzetin təsirindən çıxara bilməsə, başqan kimi tərəfdarlarının  və cəmiyyətin gözündən düşəcək. Yaddaşlarda zəif başqan kimi qalacaq. Bu günə qədər daim Müsavat partiyası öndə olmuş, qəzet ona yardımçı olmuşdu. Dəfələrlə İsa Qəmbər təsisçilikdən imtina etmək istəsə də, qəzet buna razı olmurdu. Bu gün tərsinədir.  "Yeni Müsavat" partiyadan daha güclü və daha təsirli görünür. Əslində İsa Qəmbər Arif Hacılının  başqanlığında ortaya bu qədər problem çıxacağını hesablamamışdı. Vurğun Əyyubun asi olacağı hesabda vardı. Çünki sabiq birinci müavin sabiq təşkilat katibinin başqanlığını qəbul etməyəcəkdi. Qubad İbadoğlu da hesabda vardı. Çünki o gənclərin adayı kimi meydana çıxacaqdı. Ancaq "Yeni Müsavat" hesabda yox idi. Arif Hacılı başqan olaraq partiyanı bu problemin içində də soxdu. İndi o, iki cəbhədə vuruşmalıdır. Həm Vurğun Əyyub tərəfdarlarının partiyanı parçalamağa yönəlik cəhdləri önlənməli, həm də Rauf Arifoğlunun partiyada mövqelərini möhkəmnləndirməsinin qarşısını almalıdır.

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00