“Real” AXCP və Müsavatı vurdu
Natiq Cəfərli: “Hər iki partiya liderləri, yönətimləri məhz özlərinin yaratdığı tələyə düşdülər”
15 Dekabr 2014 15:05 Siyasət"Real" Hərəkatının icraçı-katibi Natiq Cəfərli Müsavat Partiyasının dekabrın 14-də keçirdiyi mitinqə münasibət bildirib. N.Cəfərli mitinqdən sonra müsavatçıların iştirak edənlərin sayının azlığı ilə bağlı kompleksə girdiklərini iddia edir. Cəbhəçilərin isə buna sevindiklərini deyən "Real" rəsmisi, onlar say azlığını Müsavatın zəifliyi, özlərinin güclülüyü kimi qələmə verdilər: "Ölkədə əsil müxalifətin onlar olduğunu sübut etməyə başladılar, hətta, təhqirlərə, aşağılamalara qədər iş gedib çıxdı. Ürək ağrıdan bir mənzərədir. Amma, illərdir özləri qurduqları oyunun, özləri gətirdikləri meyarların, yanaşmanın qurbanı oldular, bunu biri onlara deməlidir. Müsavatın mitinqinə 500, AXCP-nın mitinqinə 2000 insan gəlirsə, bu cəbhənin gücünü, Müsavatın zəifliyinimi göstərir? Dostlar, ölkədə 9 milyon əhali, 5 milyon seçici var, sizlər nədən danışırsınız?" Natiq Cəfərli hesab edir ki, hər iki partiya illərdir mitinqdə iştirakçı sayının güc nümayişi, mitinqlərin isə məqsəd olmasının altını, acısını çəkirlər. Onun sözlərinə görə, mitinq, nümayiş, aksiya məqsəd ola bilməz, bunlar məqsədə çatmaq üçün çoxsaylı vasitələrdən biri ola bilər. N.Cəfərlinin qənaətinə görə, hər iki partiya liderləri, yönətimləri məhz özlərinin yaratdığı tələyə düşdülər, bununla da mitinqlərin gündəliyi, qaldırılan tələblər deyil də, ancaq iştirakçı sayı önəm qazandı.