Azərbaycana İŞİD təhlükəsi varmı?
Elxan Şahinoğlu: “İndi harada nəyin baş verəcəyini proqnozlaşdırmaq çətin məsələdir”
15 Dekabr 2014 12:59 Siyasətİki İŞİD üzvü Avstraliyanın Sidney ştatının Martin Plas bölgəsində yerləşən bir yeməkxanaya basqın edərək oradakı insanları girov götürüb. Avstraliyanın baş naziri Toni Abbott İŞİD üzvlərinin insanları nə səbəblə girov götürdüyünü bilmədiklərini açıqlayıb. Mütəxəssislər İŞİD üzvlərinin Yaxın Şərq sərhədlərini aşaraq, digər ölkələrə yayılmasının qlobal təhlükə yaratdığını bildirirlər. Digər tərəfdən bir müddət əvvəl Şimali Qafqazda fəaliyyət göstərən "Qafqaz Əmirliyi" terror təşkilatının İŞİD-ə beyət etməsi isə Azərbaycan tərəfindən narahatlıqla izlənilir. Analitiklər baş verənlərin Azərbaycana təsirini də istisna etmirlər. Məsələyə münasibət bildirən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Azərbaycanın İŞİD və qlobal terror təhlükəsinə qarşı təhlükəsizliyinin artırmalı olduğunu deyir. E.Şahinoğlunun sözlərinə görə, dövlət başçısı İlham Əliyev bu günlərdə Rusiya telekanalına müsahibəsində Azərbaycanın təhlükəsizliyinin tam təmin olunduğunu diqqətə çatdırıb. "Ümumilikdə isə Azərbaycan ətrafında baş verənlər ölkəmizi əlavə tədbirlər görmək məcburiyyətində buraxır. Azərbaycan İraq və Suriyadan o qədər də uzaq məsafədə yerləşmir. Artıq terror dalğası Avstraliyaya çatıb. Bütün bunlar Azərbaycanın təhlükəsizliyinin artırılmasına vadar edir. Lakin indi harada nəyin baş verəcəyini proqnozlaşdırmaq çətin məsələdir". ("OLAYLAR" İA)