Heydər Əliyev: “MƏNİ XALQIM ÇAĞIRDI...”
12 Dekabr 2014 13:49 SiyasətHeydər Əliyevin indiyədək Azərbaycanda naməlum müsahibəsi Litva Azərbaycanlıları Cəmiyyətinin təşəbbüsü ilə "Olaylar"da dərc olunur.
(Naxçıvan Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin 1992-ci ilin noyabr ayında litvalı jurnalist, Vilnüsdə nəşr olunan "Respublika" qəzetinin müxbiri Riçardas Lapaytisə Naxçıvanda verdiyi müsahibə).
- Siz SSRİ hakimiyyətinin ən yüksək zirvəsində olmusunuz. Azərbaycanda müstəqilliyin əldə edilməsi ərəfəsində isə Naxçıvan Muxtar Respublikasının rəhbəri seçildiniz. Buna görə hansısa diskomfort hisslər keçirirsinizmi?
- Əlbəttə ki, hakimiyyət fərqi vardır. Lakin, mən buna görə narahatlıq hisslərini yaşamıram. Bəli, nəhəng bir dövlətin rəhbərliyində olmuşam. Amma, bura məni xalqım çağırdı. Məhz xalq məni Parlamentin sədri olmağa demək olar ki, məcbur etdi. Naxçıvan böyük Respublika deyil, ancaq, spesifik xüsusiyyətləri vardır. Burada həll olunası məsələlər də miqyasca kiçikdir. Amma, başlıcası budur ki, mən Vətənimdəyəm. Bu, mənim üçün çox vacibdir.
- Həyatınızın böyük hissəsi DTK ilə bağlı olmuşdur. Bu qurumun sıralarında keçirdiyiniz illər üçün heyfslənmirsiniz?
- Xeyr. Mənim həyatımda hər nə olubdursa, onun üçün heyfslənmirəm. O cümlədən, DTK-da işlədiyimə görə də heyfslənmirəm. Lap gənc yaşımda təhlükəsizlik orqanlarına xidmətə çağırılmışam, 25 il orada qulluq etmişəm. İndi hər şeyi DTK-nın üstünə yıxmaq dəbdədir. Ancaq, son dövrdə DTK mövcud olmayan bir dövlətin orqanı idi. Mən öz xalqıma qarşı heç bir iş görməmişəm. Buna baxmayaraq, tutduğum bütün dövlət vəzifələrindən istefaya getdikdən sonra, bir çoxları mənim iş nöqsanlarımı və guya yol verdiyim qanun pozuntularını axtarıb tapmağa çalışdılar. Həmin axtarışları Sov.İKP MK-sı, SSRİ Nazirlər Soveti və Azərbaycan SSR-nin keçmiş rəhbərləri aparırdılar. Lakin, heç nə tapmadılar.
- SSRİ dövlətində nail olduğunuz bütün yüksək vəzifələrdən getdikdən sonra Siz bir müddət kölgədə qaldınız. O zaman nə işlə məşğul idiniz - istirahət edirdiniz, yoxsa siyasətə qayıtmağa hazırlaşırdınız və yaxud, sadəcə olaraq sakit bir təqaüdçü həyatını yaşayırdınız?
- Moskvada yaşayırdım, keçdiyim həyat yoluna nəzər salmağa və müəyyən düşüncələr edərək nəticələr çıxarmağa yetərincə vaxtım vardı. Azərbaycan üçün nəsə etməyə çalışırdım. Siyasətə qayıtmaq barədə fikirləşmirdim. 1990-cı il Bakı yanvar hadisələrindən sonra Moskvada keçirilmiş yığıncaqda çıxış etdim. Yenidən məni təqib etməyə başladılar. Azərbaycana qayıtmağıma mane olmağa çalışırdılar. Bu işlə həm Mixail Qorbaçov, həm də SSRİ DTK-sı məşğul idi. Onda mənimlə əlaqələri olan bir şəxsi Bakıda qətlə yetirmişdilər. Bu mənə edilmiş xəbərdarlıq idi. Çətinliklərə baxmayaraq bütün maneələri dəf edə bildim və 1990-cı ilin sentyabr ayında Naxçıvandan Azərbaycan Parlamentinə deputat seçildim. Parlamentdə Azərbaycanın dövlət müstəqilliyi tələbini irəli sürdüm
- SSRİ gömdü, Müstəqil Dövlətlər Birliyi (MDB) meydana gəldi. MDB haqqında Sizin fikriniz nədən ibarətdir?
- Bu belə də olmalı idi. Dağılmalar 80-ci illərdə başlandı. Durğunluq buzlarını Baltikyanı ölkələr qırdılar, bundan sonra çökmə prosesləri getdikcə daha sürətli xarakter aldı. Həmin proseslər çətin proseslər idi. Lakin, xalqı qurub-yaratmaq işinə səmtləndirə bilən dövlətlər çətinliklərə qalib gələcək və mütərəqqi dünya dövlətləri icmasına qovuşacaqlar. MDB-yə gəldikcə isə, bu qurum yeni bir ittifaq yaratmaq cəhdidir. Amma, indi bu baş tutan iş deyil və biz bunu aydınca görürük.
- Bir vaxt Azərbaycanda Sizə məxsus olan rəhbər vəzifəni hal-hazırda tutan şəxslə - Prezident Əbülfəz Elçibəylə münasibətləriniz necədir?
- Həqiqətən də mən uzun illər Azərbaycanın rəhbəri olmuşam, amma, prezidenti olmamışam. Əbülfəz Elçibəyi şəxsən tanımıram, yalnız televizorda görmüşəm. Buna baxmayaraq onunla münasibətlərimiz normaldır, problemlər yoxdur. Onunla siyasətə baxışlarımın üst-üstə düşdüyünü təsdiq edə bilmərəm. Ancaq, respublikalarımız arasında müstəsna bir qarşıdurma yoxdur.
- Axı, 1992-ci ilin oktyabrında Naxçıvanda çevriliş cəhdi oldu. Bəs onun təşkilatçıları kim idi?
- Çevrilişi Naxçıvan Xalq Cəbhəsi (NXC) etmək istəmişdi. Çevriliş cəhdində maraqlı cəhətlərdən biri budur ki, NXC Azərbaycan Xalq Cəbhəsinin (AXC) tərkib hissəsidir. Buna görə də, cəbhəçilər Daxili İşlər Nazirliyini, televiziya və radio verilişləri binasını tutduqdan sonra mən düz doqquz dəfə telefon açıb Ə. Elçibəylə danışdım. Axı, o, həm də AXC-nın lideridir. Amma, görünür ki, bu iş onun özünün sanksiyası ilə olmuşdu. Belə ki, Ə. Elçibəy NXC-nın bambılı-bambılı hərəkətlərinə son qoymaq üçün verdiyi göstərişi geri çağırmadı. Naxçıvan camaatı çevriliş etmək istəyən qüvvələri onların tutduqları bütün binalardan dərhal vurub çıxartmağa hazır idi. Ancaq, biz ultimatum elan etdik və onlara binaları boşaltmaq barədə qərar qəbul etmək üçün bir saat vaxt verdik. Lakin, təəssüf olsun ki, atışma oldu. Amma, çevrilişçilər geri çəkilməyə məcbur oldular. Ertəsi gün Naxçıvan Respublikası Ali Məclisinin sessiyasında biz həmin çevriliş cəhdini müzakirə edib pislədik. Lakin, Azərbaycan Respublikasının Parlamenti isə çevrilişlə bağlı indiyədək sözünü deməyibdir və hələ də susmaqda davam edir.
- Hal-hazırda Qafqazda etnik əsaslar üzrə çoxlu münaqişələr gedir. Onların kökləri hansı mənbədən qidalanır?
- Bu ürək ağrıdan sualdır. Onların kökləri həm Qafqazda mövcud olan çoxmillətli etnik zəminlə, həm də son 10 il ərzində keçmiş SSRİ-də getmiş proseslərlə bağlıdır. Şübhəsiz ki, həmin münaqişələri kim isə təhrik edib qızışdırır və əlbəttə ki, bu münaqişələr kiməsə sərfəlidir. Lakin, bu suala birmənalı cavab verə bilmərəm.
- Siz ixtisasca həm də tarixçisiniz. Odur ki, ölkəninizin tarixindəki hansı "ağ ləkələri" təmizləmək istərdiniz?
- Ən böyük "ağ ləkə" son beş il ərzində Azərbaycanda baş vermiş hadisələrdir. Qarabağ müharibəsi çoxdandır ki, Azərbaycan - Ermənistan sərhəddini addayıb keçibdir. Bilmirəm, müharibə daha nə qədər zaman çəkəcək və sonra neçə illər lazım gələcək ki, yaraları sağalda bilək.
- Baltikyanı ölkələri xatırladınız. Siz burada - Naxçıvanda, Litva haqqında nə fikirdəsiniz?
- Əminəm ki, yalnız Naxçıvan yox, eləcə də bütün Azərbaycan Litvanın dəyərli tərəfdaşı ola bilər. Litva da qarşılıqlı olaraq Azərbaycan üçün layiqli tərəfdaş olmağa qadir ölkədir. İqtisadi, elmi, mədəni və humanitar sahələrdə yüksək tərəfdaşlıq əlaqələri qura bilərik. Məndə olan məlumata görə, bu baxımdan adda-budda işlər görülür. Amma, hələ ki, hətta normal diplomatik münasibətlərimiz belə yoxdur.
- Naxçıvanda olduğu kimi, Litvada da keçmiş partiya lideri Algirdas Brazauskas hal-hazırda yenidən hakimiyyətdədir. Siyasi hadisələr gedişatında bu cür dönməni necə qiymətləndirirsiniz?
- Litva rəhbərlərinin müstəqilliyin bərpasına qədərki dövrdə gördüyü işlər hələ o vaxtlar ürəyimə yatırdı. Onda mən Moskvada yaşayırdım və Litvadan SSRİ Ali Sovetinə seçilmiş deputatların da (burada 1989-cu ilin mart - may aylarında Litva SSR-dən seçilmiş deputatlar nəzərdə tutulur - tərcüməçinin qeydi) fəaliyyətini müşahidə edirdim. Həm Sov.İKP-dən ayrılaraq müstəqil təşkilat olduğunu bəyan etmiş Litva kommunist partiyasına (LKP), həm də Sayudisə rəğbət bəsləyirdim. Bu il Litva Parlamentinə keçirilmiş seçkilərdə (1992-ci ilin oktyabr ayında baş tutmuş seçkilərə işarədir - tərcüməçinin qeydi) LKP-nin qələbə çalmasını xalq iradəsinin təzahürü kimi qəbul etmək lazımdır. Mən isə onları bu qələbə münasibəti ilə təbrik edirəm. Yeni partiyalararası münasibətlər qurmaq məsələsinə gəldikdə isə demək istəyirəm ki, bu gələcəyin işidir
- Sizin həyatınızda ən xoşbəxt və ən ağır gün hansı gün olubdur?
- Həyatımda ən ağır gün 1990-cı ilin 20 yanvar faciəsi olub. Həmin faciənin ən ağrılı və kədərli günlərini mən o zaman Moskvada yaşamışam. Ən xoşbəxt gün isə... ən xoşbəxt gün hələ qabaqdadır...
- Müsahibəyə görə təşəkkür edirəm.
P.S: Müsahibənin dərc olunduğu mənbə: Vilnüs, "Respublika" qəzeti, 28 yanvar 1993-cü il, № 17 (895), səh. 13.
Litva dilindən Mahir HƏMZƏYEV tərcümə edib.
Litva Azərbaycanlıları Cəmiyyətinin sədri,
Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü
E-mail: [email protected]
Vilnüs - Naxçıvan - Bakı, noyabr 1992 - noyabr 2014-cü illər.